Sevdiyim (Aşıq Valeh)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Sevdiyim
Müəllif: Aşıq Valeh
Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5


İllərilən həsrətini çəkdiyim,
Döndü əlif qəddim yaya, sevdiyim.
Neçə hicrət, bəla, cövrü cəfadan,
Heyf ömrüm getdi zaya, sevdiyim.

Aşkar deyil, mənim dərdim pünhandı,
Firqətindən eşqi çeşmim rəvandı,
Malım, mülküm, cümlə canım qurbandı,
Sənin təki mehliqaya, sevdiyim.

Lütf elə aşiqə vəfa qıl vəfa,
Ay qəmzəli yağı, gözləri şəhla,
Səni məndən hər kim qılarsa cida,
Görüm düşsün yüz bəlaya, sevdiyim.

Ağlamaqdan çeşmim qaldı ziyadan,
Bizə meyi et, kəs ülfətin riyadan,
Tanrı səni hifs eləsin bəladan,
Qail ol sən bu Mövlaya, sevdiyim.

Valehəm, eşqindən ey şuxu leyla,
Səni sevdim, oldum aləmə risva,
Aşiqəm, yolunda çəkmişəm cəfa,
Yarın qıyma bu cəfaya, sevdiyim.