Sevgili Bakıya
Müəllif: Əmin Abid Gültəkin
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Ey sevgili Bakı, solğunsan yenə,
Bir acıyan könül yoxmu dərdinə?
Övladların kimi öksüz qaldınsa,
Mən yanaram, sənə ey yetim anne!
Xəzərin suyunda çox göz yaşım var,
Bağrına yaslanmış dərdli başım var.
Dünyaya gəldim mən — toprağım oldun,
Altaylardan endim — durağım oldun.
Yaşıl çəməninlə, mavi göyünlə,-
Qırmızı gülünlə bayrağım oldun.
Dağların mehrabım, daşın minbərim,
Mən sənin adına səcdə eylərim.
Ey qəlbinə matəm bağlayan vətən,
Düşmən qucağında ağlayan vətən,
Əzmimlə mən səni qurtaramazsam
Xalqımla bərabər sən də yan vətən!
Hürr olan imanım — indi qalxanım,
Sənə halal olsun mənim al qanım!