Sevinər özgəsinin sevincinə insan

Sevinər özgəsinin sevincinə insan! (1994)
Müəllif: RAUF CAVAD

Sevinər özgəsinin sevincinə insan!
Bölüşər öz sevgisin, gəlsə dinə insan!

Gör nə gözəl xəlq eyləyib ruhi-Adəmi,
Heyrandır huri-mələklər əqlinə, insan!

Verib surətinə aləmin nişanəsin,
Sahibdir aləmlərin hər sirrinə insan.

Sual edib mələklər alıb sirr cavabın,
Tərif deyib Yaradanın şəninə, insan!

Bilsən kim çıxıb asi, anlarsan qiyası,
O gündən düşmən kəsilib irqinə, insan!

Yoxdur görən gözü insanı, kor əbləhin,
O nifrətdəndir ki, girib nəfsinə, insan!

Paylaş öz zəhmətin, aç xəzinənin ağzın,
Ol kimsəsizə sən Məkkə-Mədinə insan.

Gəl ver acığ düşməninə çatlasın bağrı,
Ol Rauf tək nümunə hər birinə insan!