Seyr edin, gərdəni minaya baxın

Seyr edin, gərdəni minaya baxın
Müəllif: Heyran xanım


Seyr edin, gərdəni minaya baxın,
Sərimi saldı nə sevdaya baxın.

Zülfü mişkini salıb arizinə,
Gün küsuf eyləyib, ol ayə baxın.

Can alar qaşı, tökər kipriyi qan,
Mərhəba, ol oxa, ol yayə baxın.

Qəmzəsi qanlar içib məst olub
Can alan nərgizi-şəhlayə baxın.

Əksi-mey çöhrəsini al qılıb
Açılıb ol güli-həmrayə baxın.

Gör, bənövşə açılıb, ya ki, salıb
Xətti gül arizinə sayə, baxın.

Bükübən qamətimi dal eləyib
Sərv tək ol qədi-rənayə baxın.

Hicri ol mahiruhun Heyranı
Saldı Məcnun kimi səhrayə, baxın.