Seyri-gülşən etsən, ey gülüzarım

Seyri-gülşən etsən, ey gülüzarım
Müəllif: Molla Vəli Vidadi


Seyri-gülşən etsən, ey gülüzarım,
Bülbül oxur, bağlar sədayə düşər,
Xəttinə baş əyər sünbül, bənəfşə,
Gül xaki-payinə fədayə düşər.

Xurşidim, xavərim, hilalım sənsən,
Şirinim, şərbətim, zülalım sənsən,
Fikrim, zikrim, sözüm, xəyalım sənsən,
Könlüm haçan səndən cüdayə düşər.

Arizunu çəkər sahibdiləklər,
Dolanıb başına dönər fələklər,
Mədhin oxur ərş üzündə mələklər,
Hər biri bir türfə nidayə düşər.

Xəyalındır xəyalımın həyatı,
Dəhanın şəkkəri, ləbin nəbatı,
Cəmalın sədqəsi, hüsnün zəkatı
Mənim tək binəva gədayə düşər.

İntizarın mən çəkərəm peyvəstə.
Könül pərişandır, xatir şikəstə,
İstər vüsalını Vidadi xəstə,
Üz xakə fərş eylər, duayə düşər.

Xarici keçidlər

redaktə