Sinəm üstə
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Xub yaraşır sənə əlindəki gül,
Mən səni oxşayam, tax sinəm üstə.
Başın qoy döşümə yat xumar-xumar,
Busədən ayılıb bax sinəm üstə.

Nə sözümdən inci, nə özümdən küs,
Qoy gülsün üzümə o, sevimli üz.
Deyincə ki, şair məndən əlin üz,
Al iti xəncəri çax sinəm üstə.

Məmmədhüseynin sənsən əzəl vüqarı,
Ömürlük solmayan xoş laləzarı.
Ey aşiq könlümün bağçası, barı,
Şirin arzu kimi ax sinəm üstə.