Sin ayəsinə
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 115

Axtaran dəricə dəryalar təkin,
Dərs aldı, yetişdi “sin” ayəsinə.
Çətin yaralıdı, candan əl çəkin,
Sağalar, yetişsə sinayə sinə.

Laçın seyrə çıxsa, qaz alar nədən?
Nədən qədər gəlir, qəzalar nədən?
Şirincə yaxşıdı qazalar nədən,
Yaxınca gərəkdi sin, ayə, sinə.

Səyyadlar seyr eylər dağlar sərində,
Qışda gərdiş eylər dağlar sərində.
Dərd əhli İmanın dağlar sərində,
İstər ki, sinədən sinayə sinə.