Soldumu gülzarın, ey Faiqi-Ne’man pəsər

Soldumu gülzarın, ey Faiqi-Ne’man pəsər
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.

Soldumu gülzarın, ey Faiqi-Neman pəsər,
Laleyi-ne’manların oldumu xunincigər,
Sinənə dəsti-qəza çəkdimi daği-kədər,
Nərgisi-şəhlalərin jaləçəkan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?!

Söyləmədimmi sənə, rahət otur, heyfsən,
Çəkmə bu millət qəmin, çək özünə keyf sən,
Xanə deyildir sənin, getməlisən, zeyfsən,
Eyləmədin е’tina, qissə həman oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?!

Fayidə verməz, dedim, etdiyin əfğan sənə,
Halına yandıqların eyləməz ehsan sənə,
Məskən olur aqibət guşeyi-zindan sənə,
Guşeyi-zindan sənə iştə məkan oldumu?
Şimdi sən mən deyən mətləb əyan oldumu?!2

Mən demədimmi sənə başda otur tac tək,
Durma müqabil bəla tirinə amac tək,
Istəmə hürriyyəti fə’leyi-möhtac tək3,
Balü pərin nagəhan tirə nişan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?!

Mən demədimmi sənə girmə işə can ilən,
Xovf elə, sallaşma çox bəylər ilən, xan ilən,
Olmagilən həmrəviş məclisi-Iran ilən,
Məclisi-Iranda bir şövkətü şan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?!

Mən demədimmi sənə həzrəti-zişanları,
Eyləmə də’vət əbəs birliyə işanları,
Sən ki, yığa bilməsən bunca pərişanları,
Məs’əleyi-ittihad həllü bəyan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?!