Soltan Məcid Qənizadə (məqalə)

Soltan Məcid Qənizadə (1912)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


İyirmi beş il maarifi nəşr stmək kimi çətin bir əmri yerinə yetirməkdə sabitqədəm durmaq böyük hünərdir. Bizim maarif qədri bilməyən avam camaat arasında bu əmri əmələ gətirmək daha böyük hünərdir.

Çox müəllimlərimizin müəllimlik sənətindən qaçmasına, bir tərəfdən, bu sənətin ağırlığı və qiymətsizliyi, o biri tərəfdən də camaatımızın bu müqəddəs sənətə alçaq bir nəzərlə baxması səbəb olur.

Çox qabil və müəllimlik işlərində mahir vücudlar bu sənətin ağırlığına tab gətirməyib, öz şəxsi mənfəətlərini nəzərə almışlar, bunlar məktəbin qapısını bağlı və məsum balaları gözü yaşlı və ürəyi dağlı qoyub, başqa xeyirli, yüngül və avam nəzərində hörmətli sayılan qulluqlar dalınca getmişlər. Polis dəftərxanasını məktəb kimi pakizə məkana, vali qamçılı, beli şaşqalı qaradovoyları və qazaqları şirin dilli, xoş əda, sadə dil, sevimli məktəb şagirdlərinə tərcih vermişlər.

Müəllimliyin ağır işlərini, müqəddəs vəzifə və təkliflərini əmələ gətirməkdə sabitqədəm durub, hünər göstərən müəllimlərimizdən biri də möhtərəm bəradərimiz Soltan Məcid Qənizadə cənablarıdır ki, iyirmi beş il sərasər maarif yolunda dili, fikri və qələmi ilə səy etməkdədir. Gələcəkdə dəxi belə sədaqətlə millətimizin tərəqqi və təalasına xidmətlər göstərməsinə ümidvarıq.

Soltan Məcid Şamaxı şəhərində 1866-cı ilin aprel ayında anadan olmuşdur ki, hicrətin 1283-cü ilinə və zilhiccənin ibtidasına mütabiqdir. Atası Şamaxının möhtərəm tacirlərindən Hacı Molla Mürtuza Əlidir və anası Fatma Hacı Məhəmməd qızıdır; babaları Dədə günəş[1] silsiləsindəndir.

[1] Soltan Dədə günəş Şamaxı mahalında olan Dədə günəş kəndində dəfn olunmuş. Bir rəvayətə görə, həzrət Əli ələmdarlarından bir zat imiş, bu halda qəbri müsəlman və erməni arasında ziyarətgahdır.

Soltan Məcid Qənizadənin üçüncü və ya dördüncü babası məşhur Azərbaycan şairlərindən Ağa Məsih Şirvanidir. Çox gözəl təbi varmış və əsərlərindən bizdə bir neçə şerləri vardır. Bizə göndərdiyi bir məktubunda Soltan Məcidbəy yazır ki, öz atasından oxuyub-yazmaq öyrəndiyi vaxt aşağıdakı şerin əzbər bilinməsi tövsiyə olunmuşdur:

Ey oğul, ittihadi-millət elə!
Səy elə, qeyrət elə, hümmət elə!
Pədərin ismi Mürtuza Əlidir,
Fatimə madərindir, ismət elə!
Çün Hüseyn həq yolunda qurbandır,
Sən də tut həq yolun, mürüvvət elə!

Bu şerlərdən mərhum Hacı Molla Mürtuza Əlinin də əksər əhli-Şamaxı kimi təbiəti-şeriyyəsi olduğu anlaşılır.

Uşaqlıqda Soltan Məcid Qənizadə quran, qiraət və yazı dərslərini məhəllə məktəbində oxumuşdur; sonra mərhum Hacı Seyid Əzim Şirvaninin öz əsrinə görə müntəzəm olan məktəbində üç ilə qədər türk, fars və bir qədər rus dillərini öyrənmişdir, bundan sonra şəhər məktəbinə daxil olub, burada rus dili ilə bərabər Seyid Əzim Şirvaninin abdar şerlərini öyrənməyə artıq meyl və həvəs göstərərmiş. 1883-cü ildə Tiflisdəki Aleksandrovski institutuna imtahan ilə girib, dörd il təhsildən sonra 1887-ci sənədə buranın da kursunu qurtarmışdır. Haman sənədə öz həmşəhərlisi möhtərəm Həbibbəy Mahmudbəyov ilə bir yerdə Bakıda əvvəl dəfə olaraq "russko-tatarski" adlı xüsusi bir məktəb bina etmişlər.

Təlim işlərinə məşğul olmaqla bərabər Qənizadə cənabları bir tərəfdən də təzə qayda ilə dərs vermək üçün türk və fars dillərində əlyazıları hazırlamağa çalışmışdır. Təzə məktəb Bakı camaatının xoşuna gəlib, ona meyl və həvəs etməyə başlayırlar.

Camaat rəisləri bu qisim məktəbin qaydasınca başqa məktəblər də açmağa həvəs edirlər və bunlar üçün şəhər xəzinəsindən həmişəlik para xərc etməyə qərar qoyurlar.

Bu vaxtlarda Qafqazda maarif müdiri olan Yanovski Qənizadə ilə Mahmudbəyovun təzə qayda ilə açılmış məktəblərini ziyarət edib, həm şagirdlərin oxumasından və həm də cavan müəllimlərin səy və hümmətindən artıq dərəcədə razı qalmışdır və bu məktəbi hər yerdə vəsf etmişdir.

1891-ci sənədə Soltan Məcid Qənizadə ilə Mahmudbəyovun açdığı xüsusi məktəb qapanıb, şəhər xərci ilə iki "russko-tatarski" məktəb açılmışdır ki, bunların birində Soltan Məcid Qənizadə cənabları müdir təyin edilmişdir. Yeddi-səkkiz il burada təlim və tədrislə məşğul olub, öz məktəbini böyük dərəcəyə, yəni altı klaslı şəhər məktəbi dərəcəsinə yetirmişdir və burada 1905-ci ilə qədər nazirlik (inspektorluq) etmişdir.

Bu il namestnik (canişini-Qafqaz) fərmanı ilə Qoridə Zaqafqaz darülmüəlliminin müsəlman şöbəsinə inspektor təyin olunmuşdur. Öhdəsinə götürdüyü vəzifələri öz layiqi ilə əmələ gətirib, şöbənin və müsəlman şagirdlərinin haqlarını və ixtiyarlarını mühafizə etməyə qeyrət göstərmişdir.

1908-ci ildə Bakı quberniyası və Dağıstan oblastına inspektor təyin olunmuşdur ki, bu halda haman qulluqda davam etməkdədir. İndi isə iyirmi beş il bundan irəli binasını qoyduğu "russko-tatarski" məktəblərin daha da artıq tərəqqi etməsinə səy və qeyrət göstərməkdədir.

Maarif işlərinə xidmət etdiyi vaxtlarda qələmə aldığı dərsləri məcmuə surətində toplayıb, bu dərslərə dair bəzi yazılar, lüğət, xəritə və başqa dərs alatının vücuda gəlməsinə səy etmişdir. Qulluğunun ikinci ili "İstilahi-Azərbaycan" və üçüncü ili "Lüğəti-rus və türki", sonra "Rus dilinin dilmancı", beşinci ili "Lüğəti-türk və rusi" adlı kitablarını təb etdirmişdir. Üsuli-sövti ilə dərs verməyi asanlaşdırmaq üçün "Əlifbayi-mütəhərrikə" icad etmişdir.

Müsəlmanların rus dilini öyrənməyə meyl və rəğbətini görüb, 1893-cü ildə müxtəsər rus əlifbası tərtib edib, çapa vermişdir. Fars dilinin təlimi üçün möhtərəm Əliskəndər Cəfərzadə cənabları ilə bərabər "Kilidi-ədəbiyyat" adlı kitabça yazmışdır. Təlim və tədrisə lazım olan kitablarla bərabər türk dilində bir çox hekayə və romanlar yazmışdır ki, bunların hər birinin başqa vəsf və tərifə ehtiyacı vardır. Uşaqlar üçün nəzm ilə yazdığı "Tülkü və çaq-çaq bəy" nağılı Qənizadənin təbi-səlim sahibi olduğuna şəhadət verir. "Məktubati-Şeydabəy" sərlövhəsi ilə yazdığı "Müəllimlər iftixarı" və "Gəlinlər həmayili" adlı kitabçalar Qənizadənin iqtidarlı bir ədib olduğunu bildirir. Bu əsərlərin hər birisində təzə fikirlər, vüsətli xəyallar, dərin mənalar, nazik işarələr, gözəl əqidələr var ki, hər kəsə onları oxumağı tövsiyə edirik. İnşaallah, Qənizadənin bu əsərləri barəsində "Azərbaycan şüəra və üdəbası" adlı məcmuəmizdə ətraflı məlumat verərik.

Bu əsərlərdən başqa, Qənizadə cənabları bir neçə hekayə və komediyalar rus və erməni dillərindən tərcümə və təbdil edib, təb etdirmişdir ki, bunlar dəfələrlə teatrolarda oynanmışdır. Qənizadənin "Axşam səbri xeyir olar", "Xor-xor", "Dursunəli, ballı-badı", "Yadımdadır", "Allah divanı" və "Əvvəlinci şərabçı" kitabçaları məşhurdur ki, bunlardan bəziləri beş-altı dəfə çapdan çıxmışdır. Hal-hazırda Orucovların mətbəəsində təzə üç hekayə: "Yaman qonşu", "Allah xofu" və "Qurban bayramı" adlı kitabları təb olunmaqdadır. Soltan Məcid Qənizadənin əsərlərinin cümləsi ədəbi dil ilə yazılmışdır, dili pür-ibarə isə də, ibarələri qəliz və dolaşıq deyildir. Bunları hər kəs oxursa asan olaraq anlar. Təzə yazıçılarımız kimi osmanlı ədiblərinə təqlid etməyib. Azərbaycan türklərinin dilinə məxsus olan şivədə yazmaqdadır.

Möhtərəm bəradərimiz Qənizadənin iyirmi beş illik xidmətlərini nəzərə alıb, səmimi-qəlb ilə onu təbrik edirik. Cənab haqdan onun xoşbəxt və səlamət olmaqlarını arzu edirik ki, maarif işlərimizi islah edib, ədəbiyyat xəzinəmizi daha da gözəl əsərləri ilə dövlətləndirsin.