Sonya, ey dilbəri-pakizə əda!

Sonya, ey dilbəri-pakizə əda!
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 278. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Sonya, ey dilbəri-pakizə əda!
Sənə bu Naqdı bəyin canı fəda!
Aşiq oldum о zamandan ki, sana,
Hər nə hökm eylədin, ey mahliqa,
Etmədim onda təxəllüf əbəda,
Diləyin oldu məramınca rəva!
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Sənəmim, laləruxum, gülbədənim,
Mələyim, sərvqədim, simtənim,
Ey fərəhbəxş dili-pürmihənim,
Söylə, aya, günəhim noldu mənim,
Qarğalar məskəni oldu çəmənim?
Keçdi əğyar əlinə yasəmənim?
El bütün oldu bu gün tə’nəzənim?
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Ta dedin tabeyi-fərman ol, oldum,
Hüsnümə valehü heyran ol, oldum,
Nazənin canıma qurban ol, oldum,
Eşqdə xanəsi viran ol, oldum,
Qapıma əcz ilə dərban ol, oldum,
Aqibət müstəhəqi-nan ol, oldum,
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Dil о gündən ki, düçar oldu sənə,
Bir yazıq aşiqi-zar oldu sənə,
Uydu, bisəbrü qərar oldu sənə,
Var-yoxum ta ki, nisar oldu sənə,
Bir də baxmaq mənə ar oldu sənə,
Başqa bir cəzbəli yar oldu sənə!
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Əmr qıldın mənə, şeyda ol, oldum,
Eşqdə bisərü pa ol, oldum,
Yə’ni sərdadeyi-sevda ol, oldum,
Tərki-namusə mühəyya ol, oldum,
Şə’nini at çölə, rüsva ol, oldum,
Nəzəri-xəlqdə ədna ol, oldum,
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Söylədin hörmətini at, atdım,
Malını, sərvətini at, atdım,
Əhlini, külfətini at, atdım,
Qövmünü, millətini at, atdım,
Cümlə heysiyyətini at, atdım,
Müxtəsər, qeyrətini at, atdım,
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Mənə əvvəlcə özün yar oldun,
Əkinim, mülküm, evim, bumü bərim
Nə zəman getdi isə yox xəbərim,
Səndə idi mənim ancaq nəzərim,
Həp sənə oldu fəda simü zərim,
Qalmadı yanmağa bir parça tirim,
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Mənə əvvəlcə özün yar oldun,
Sevdiyimsən, deyə, dildar oldun,
Məst ikən mən hələ, huşyar oldun,
Başqa bir fikrə həvəskar oldun,
Cümlə maəmləkimə nar oldun,
Məni yox etdin, özün var oldun,
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Leyk mən bunca fəlakətlə yenə,
Varam əvvəlki sədaqətlə yenə,
Durmuşam eyni iradətlə yenə,
Baxıram kuyinə həsrətlə yenə,
Mümkün olduqca bu halətlə yenə
Sürərəm ömrümü qəflətlə yenə,
Agəh olmam bu rəzalətlə yenə
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Çünki biz taifə əhli-kərəmiz,
Mərəzi-eşqdə sabitqədəmiz,
Zadəganız, həpimiz möhtərəmiz,
Eşq meydanına yeksər həşəmiz,
Dinü dildadeyi-zibasənəmiz,
İşbu vəch ilə səzayi-ədəmiz…
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"