Soruşma

Soruşma
Müəllif: Aşıq Alı


Qasid, yarım məni səndən sorarsa,
Söylə, Məcnun çıxdı dağa, soruşma.
Sorğu-sual çox dərinə vararsa,
De ahından odlar yağa, soruşma.

Dilim tutmaz bimürvəti soruşam,
Baxçasından cüda düşən bir quşam.
Ucbatından qəhərlənib uçmuşam,
Tənha qondu de budağa, soruşma.

Alı neynər bülqarı görəndə,
Tərlan oylağında sarı görəndə,
Bülbül gül üstündə xarı görəndə
Əsla dönməz bir də bağa, soruşma.