Stiv Cobsun Stenford Universitetinin buraxılış mərasimində çıxışı
Stiv Cobsun Stenford Universitetinin buraxılış mərasimində çıxışı Müəllif: Stiv Cobs |
Bu gün burada dünyanın ən yaxşı universitetlərinden birini bitirməniz münasibəti ilə təşkil olunmuş tədbirdə iştirakımdan şərəf duyuram. Düzünü desəm, universitet məzunu olmamışam və ilk dəfədir ki, belə bir tədbirdə iştirak edirəm.
Bu gün sizə həyatımdan üç hekayə danışmaq istəyirəm. Elə bu qədər. Çox deyil, yalnız üç hekayə. İlk hekayəm nöqtələri birləşdirmək haqqındadır.
Mən universitetin ilk altı ayının sonunda Rid Universitetindən çıxdım. Lakin, onu tamamilə tərk etməyim daha on səkkiz ay çəkdi. Niyə belə etdim?
Bu, mən doğulmamışdan öncə başlamışdı. Mənim doğma anam cavan, nikahsız, universitetdən yeni məzun olmuş bir qadın idi və məni övladlığa vermək istəyirdi. O bunda israr edirdi. Məni universitet məzunu olan bir ailəyə övladlığa vermək istəyirdi və hər şeyi öncədən planlaşdırmışdı. Belə ki, bir hüquqşünas və arvadı tərəfindən övladlığa alınacaqdım. Lakin gözlənilməyən bir şey oldu. Mən doğulandan sonra onlar son anda qərar verdilər ki, qız övladı arzulayırlar. Adları siyahıda olan valideynlərimə gecə vaxtı zəng etdilər və dedilər ki, gözlənilmədən oğlan uşağı doğulub və bu uşağı istəyirlərmi? Onlar, əlbəttə, məni istədiklərini bildirdilər.
Doğma anam daha sonra bildi ki, valideynlərimin heç biri universitet məzunu deyil və hətta atamın heç tam orta təhsili belə yoxdur. Anam lazım olan son sənədləri imzalamağı rədd etdi və yalnız bir neçə ay sonra bunu qəbul etdi: valideynlərim söz vermişdilər ki, məni universitetə göndərəcəklər.
Bu həyatımın başlanğıcı idi. On yeddi il sonra universitetə getməyə başladım, amma seçdiyim universitet ən azı Stanford Universiteti qədər bahalı idi və mənim az qazanclı valideynlərimin illərlə qazandığı pullar təhsilimə xərclənirdi. Altı ay sonra mən bunun faydasız olması qənaətinə gəldim.
Bilmirdim həyatım necə olacaq. Universitet təhsili həyatıma bir istiqamət vermək üçün hansısa bir rol oynayacaqmı? Çünki işçi valideynlərimin bütün həyatları boyunca qazandıqları pulları xərcləyirdim. Mən qərar verdim ki, universitet təhsilimi dayandırım və özümü inandırdım ki, hər şey qaydasına düşəcək.
O zaman bu qərarımdan qorxsam da, dönüb geriyə baxanda görürəm ki, bu, həyatımda verdiyim ən düzgün qərar idi. Universitetdən çıxan andan məni maraqlandırmayan dərsləri dayandırdım və məni maraqlandıran dərslərə başladım.
Bu heç də romantik deyildi. Yataqxanada otağım yox idi. Dostlarımın otağında döşəmədə yatırdım. Mən “kola” şüşələrini beş sentə təhvil verirdim ki, özümə yemək alım və həftədə bir dəfə yaxşı yemək yeyə bilmək üçün Hare Krişna məbədinə piyada təxminən 11 kilometr yol gedirdim.
Bunu sevirdim. İntuisiyama güvənərək öz seçdiyim yolda çəkdiyim əziyyət və qarşılaşdığım çətinliklərin dəyərini sonra anladım. İzninizlə bir nümunə gətirim: Rid Universiteti çox güman ki, o zamanlar ölkədəki ən yaxşı kalliqrafiya məktəbi idi. Universitet kampusundakı bütün divar şəkilləri, afişalar, posterlər çox gözəl naxışlarla bəzədilmişdi. Mən universiteti tərk etdiyim üçün məcburi dərsləri oxumaya bilərdim.
Ona görə də kalliqrafiya oxumaq qərarına gəldim. Naxış elminin texnikalarını, hərflərin və birləşmələrin arasındakı məsafələri işləməyi, bir sözlə, gözəl naxış vurmağı öyrəndim. Bu o qədər gözəl, tarix və incəsənət baxımından o qədər zərif idi ki, elm bunu ifadə edə bilməzdi. Bu məni özünə çox cəlb edirdi.
Bütün bunların həyatımda hər hansı bir təcrübi, tətbiqi əhəmiyyəti olacağına ümid belə yox idi. Ancaq on il sonra, biz Makintoş kompüterini dizayn edəndə, bütün bunlar mənə lazım oldu. Biz bütün bunlari "Mac" kompüterində birləşdirdik.
Bu gözəl tipoqrafiyalı ilk kompüter idi. Əgər universitetdə məni maraqlandıran yeganə kursu götürməsəydim, bu gün "Mac" kompüterləri müxtəlif şriftlərə və şriftlərin proporsional ara məsafələrinə malik olmayacaqdı. Və Windows da "Mac"ı kopyaladığı üçün indi heç bir şəxsi kompüterdə bu keyfiyyətlər olmayacaqdı. Əgər universiteti atıb əvəzində yalnız kallioqrafiya kursunu götürməsəydim, bu gün istifadə etdiyimiz kompüterlərdə olan gözəl tipoqrafiya da olmayacaqdı. Əlbəttə, mən universitetdə oxuyanda nöqtələri gələcəyə baxaraq bu cür birləşdirmək qeyri-mümkün idi. On il sonra geriyə baxanda isə hər şey çox aydın görünür.
Bir daha deyirəm: irəliyə baxaraq nöqtələri birləşdirmək mümkün deyil.
Siz yalnız dönüb geriyə baxanda, onları əlaqələndirə bilərsiniz. Sadəcə, inanmalısınız ki, nöqtələr gələcəkdə hər nə cürsə birləşəcək. Siz nəyəsə inanmalısınız: instinktinizə, bəxtə, uğura, hər nəyəsə. Bu yanaşma məni heç vaxt uğursuzluğa düçar etməyib və həyatımdakı bütün dəyişikliklərə bu səbəb olub.
İkinci hekayəm sevgi və itki haqqındadır.
Bəxtim onda gətirdi ki, həyatda nəyi etməkdən zövq aldığımı tez müəyyənləşdirdim. Voz və mən "Apple"a valideynlərimin qarajında, iyirmi yaşım olanda başladıq.
Biz çox çalışdıq və 10 il müddətinə "Apple" qarajda çalışan iki nəfərdən 2 milyard dollarlıq büdcəsi və 4 mindən artıq işçisi olan şirkətə çevrildi. Yaratdığımız ən mükəmməl şeyin – "Macintosh"un təqdimatından heç bir il keçməmişdi. Onda mənim 30 yaşım var idi. Və sonra mən işdən çıxarıldım. İnsan özü yaratdığı bir şirkətdən necə qovula bilər?
Belə ki, "Apple" böyüdükcə işə bacarığına inandığım bir nəfər götürdük ki, şirkəti mənimlə birlikdə idarə etsin. İlk vaxtlar her şey yolunda idi. Ancaq sonralar məlum oldu ki, bizim gələcəyə baxışlarımız fərqlidir və zamanla ayrıldıq.
Bu baş verəndə idarə heyəti onun tərəfini tutdu və mən 30 yaşımda kənarlaşdırıldım. Bu ictimaiyyətdə də əks-səda doğurdu. Mənim bundan sonrakı həyatımın mərkəzi, məqsədi dağıldı və bu çəx kədərli idi.
Mən həqiqətən də ilk aylar nə edəcəyimi bilmirdim. Hesab edirdim ki, özümdən öncəki mütəxəssislərin mənə ötürdüyü vəzifə və imkanları puç etmişəm. Mən David Pakard və Bob Noysla görüşdüm və etdiyim səhvlərə görə üzr istədim.
Mən ictimaiyyətin gözündə məğlub bir adam idim və hətta buralardan qaçıb getməyi də düşünürdüm. Ancaq nə isə bir şey məni saxlayırdı - mən hələ də əvvəlki işimi sevirdim. "Apple"da heç nə bir az da olsun irəli doğru dəyişmirdi. Mən qovulmuşdum, amma hələ də sevirdim o işi. Və yenidən başlamağa qərar verdim.
O vaxtlar belə yanaşmırdım, indi isə görürəm ki, "Apple"dan qovulmağım indiyə kimi başıma gələn ən yaxşı şeydir. Uğurun ağırlığı işə yenidən başlayan adamın rahatlığı ilə əvəz olundu: daha da skeptik oldum. Bu həyatımın ən yaradıcı dövrünə başlamaq imkanı yaratdı.
Növbəti beş ildə mən "NeXT" və "Pixar" adlı şirkətlər qurdum və gələcəkdə həyat yoldaşım olacaq gözəl bir xanıma vuruldum. "Pixar" dünyanın ilk bədii animasiya filmini – “Oyuncaq hekayəsi”ni (Toy Story) hazırladı və bu gün "Pixar" dünyada ən uğurlu animasiya bədii filmi studiyası hesab olunur.
Vəziyyət elə qəribə surətdə dəyişdi ki, "Apple" "NeXT"i satın aldı və mən "Apple"a yenidən döndüm. Bizim "NeXT"də inkişaf etdirdiyimiz texnologiya bu gün "Apple"ın özəyini təşkil edir. Lorin və mən də birlikdə gözəl həyat qurduq.
Əminəm ki, əgər "Apple"dan atılmasaydım, bunların heç biri baş verməzdi. Bu xoşagəlməz dad verən bir dərman idi, lakin xəstənin buna ehtiyacı var idi. Bəzən həyat bizə daş atır, o da düz başımıza dəyir. Ancaq inamınızı heç vaxt itirməyin.
Mən inanıram ki, məni həmişə yoluma davam etməyə vadar edən şey gördüyüm işi sevməyim və buna inanmağım olub. Siz nəyi sevdiyinizi, nəyi etməkdən məmnun olduğunuzu tapmalısınız. Sizin gördüyünüz işə olan sevginiz sevdiyiniz insana olan məhəbbətiniz qədər həqiqi olmalıdır.
Sizin işiniz həyatınızın böyük bir qismini təşkil edir və bundan məmnun qalmağın yeganə yolu onun doğruluğuna inanmağınızdır. Və doğru şeyi edib yaxşı bir şey yaratmağın da yeganə yolu işinizi sevməkdir.
Əgər bunu hələ də tapmamısınızsa, axtarışa davam edin. Sevmədiyiniz işə özünüzü məhkum etməyin. Siz nə etmək istədiyinizi tapanda, qəlbinizdə hiss edəcəksiniz. Və yaxşı münasibətlər kimi illər ötdükcə hər şey daha da yaxşı olacaq. Belə ki, istədiyinizi tapana qədər axtarışa davam edin, təslim olmayın.
Üçüncü hekayəm ölüm haqqındadır.
17 yaşımda belə bir aforizm oxumuşdum: “Əgər siz həyatınızın hər gününü son gün imiş kimi yaşasanız, bir gün həqiqətən də haqlı olacaqsınız." Bu mənə çox təsir etmişdi və o gündən sonra düz 33 il hər səhər yuxudan duranda güzgüyə baxıb özümə bu sualı verirdim: “Əgər bu gün həyatımın son günü olsaydı, planlaşdırdığım işləri görmək istərdimmi?”
Cavab hər dəfə “Xeyr” olanda, mən hələ çox yaşayacağıma inanırdım və buna görə də düşünürdüm ki, həyatımda dəyişiklik etməliyəm. Nə vaxtsa öləcəyimi həmişə xatırlamaq həyatımda ən vacib qərarları verməyimdə həmişə mənə kömək olub. Çünki hər şey - bütün gözləntilər, qürur, məğlubiyyət qorxusu – bunlar hamısı ölümün kölgəsində yox olub gedir və geriyə yalnız həqiqətən vacib olan şeylər qalır. Öləcəyini xatırlamaq həyatda itirəcəyin bir şey olmadığını anlamağa kömək edir. Sən onsuz da çılpaqsan. Qəlbinin səsini dinləməmək üçün heç bir səbəb yoxdur.
Təxminən bir il öncə mənə xərçəng diaqnozu qoyuldu. Səhər səkkizin yarısında mədəaltı vəzimin müayinəsi olundu və şiş müəyyən edildi. Mən heç bilmirdim mədəaltı vəzi nədir.
Həkim bunun bir növ sağalmayan xərçəng şişlərindən olduğunu dedi və altı aydan artıq yaşamayacağımı söylədi. Mənə dedi ki, evə gedim və münasibətlərimi yoluna qoyum, qısası “ölməyə hazırlaş” deyirdi həkim.
Deməli, növbəti 10 ildə uşaqlarıma deyəcəyimi düşündüyüm şeyləri indicə deməliydim, bir-iki ay ərzində. Yəni hər şeyin yaxşı olmağından əmin olmalıydım ki, ailəm üçün də asan olsun. Yəni əlvida söyləməliydim.
Bütün günü bu diaqnoz ilə yaşadım. Axşam boğazımdan aşağı endoskop saldılar və mədəmdən keçib mədəaltı vəzimdəki şişdən iynə vasitəsilə hüceyrə nümunələri götürdülər.
Mən yatmışdım, amma yoldaşım yanımda oturmuşdu və ayılanda mənə dedi ki, həkim mikroskopla o hüceyrələrə baxanda ağlamağa başladı, bu mədəaltı vəzi xərçəngi şişinin çox xüsusi, nadir bir növü idi və əməliyyatla müalicə edilə bilərdi. Əməliyyat olundum və çox şükür ki, indi yaxşıyam.
Bu ölümə ən yaxın olduğum an idi. Ümid edirəm, növbəti onilliklərdə ölumə bundan daha yaxın olmayacağam. Bu hadisəni yaşadığım üçün sizə indi daha əminliklə deyə bilərəm ki, ölüm nəinki bir az faydalı, eyni zamanda sırf intellektual bir anlayış idi.
Heç kəs ölmək istəmir, hətta cənnətə getmək istəyən kəslər belə ölüb buna qovuşmaq istəmir. Lakin ölüm hər birimizin bölüşdüyü taledir. Bu taledən heç kəs, heç vaxt yayına bilməyib. Və yəqin ki, belə də olmalıdır, çünki ölüm, böyük ehtimal ki, həyatın yeganə ən yaxşı kəşfidir.
Bu həyatın dəyişmə nöqtəsidir – köhnəni silir ki, yenisi üçün yer açsın. Hazırda yenilər sizlərsiniz. Lakin çox keçməyəcək ki, siz də yaşlanacaq və silinəcəksiniz.
Dramatikləşdirвiyim üçün üzr istəyirəm, ancaq bu həqiqətdir. Sizin zamanınız məhduddur – bunu başqa birilərinin həyatını yaşayaraq puç etməyin. Başqalarının fikirlərinin nəticəsi ilə yaranmış doqmaların tələsinə düşməyin.
Başqalarının fikirlərinin, səsinin sizin içinizdəki səsi, intuisiyanızı batırmasına imkan verməyin. İntuisiyanız və hissləriniz artıq sizin həqiqətən kim olmaq istədiyinizi bilir. Qalan hər şey ikinci dərəcəlidir.
Mən cavan olanda “The Whole Earth Catalogue” (“Bütöv Dünya Kataloqu”) adlı möhtəşəm bir jurnal vardı. Bu, bizim nəslin incillərindən biri idi. Yaradıcısı Stüart Brend idi, jurnal burdan az aralıda, Menlo parkında hazırlanırdı.
O öz zərif toxunuşu ilə həyat verirdi o jurnala. 60-cı illər idi və hələ kompüter erasına çox var idi, hər şey çap maşını, qayçı və köhnə Polaroid fotoaparatları ilə hazırlanırdı.
Bu bir növ kağız üzərində Google idi, əsl "Google"dan 35 il öncə. Bu – səliqəli “alətlər” və böyük ideyalarla birlikdə çox idealist idi. Stüart və komandası “The Whole Earth catalogue”un bir neçə nüsxəsini nəşr etdilər və dəbdən düşənə yaxın son sayını çıxardılar.
70-ci illərin ortaları idi və sizin yaşda olardım. Jurnalın son nəşrinin arxa səhifəsində səhər tezdən çəkilmiş kənd yolunun şəkli vardı, sizin, əgər macəraya həvəslisinizsə, avtostop edəcəyinizi arzuladığınız yollara bənzəyirdi.
Şəklin altında sözlər vardı: “Ac qalın, axmaq qalın”. Bu, onların əlvida sözləri idi. “Ac qalın, axmaq qalın”. Bunu hər zaman ozümə arzulamışam və indi, sizin buradan məzun olub yeni bir həyata başlamanız münasibətiylə mən eyni şeyi sizə arzulayıram. Ac qalın, axmaq qalın!