Sual-cavab ("– Görmə! – Baş üstə, yumaram gözlərim")
Sual-Cavab Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. II cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
– Görmə! – Baş üstə, yumaram gözlərim.
– Dinmə! – Mütiəm, kəsərəm sözlərim.
– Bir söz eşitmə! – Qulağım bağlaram.
– Gülmə! – Pəkey, şamü səhər ağlaram.
– Qanma! – Bacarmam! Məni mə’zur tut,
Boyləcə təklifi-məhalı unut!
Qabili-imkanmı olur qanmamaq?
Məcməri-nar içrə olub yanmamaq?
Eylə xəmuş atəşi-suzanını,
Qıl məni asudə, həm öz canını!