Sudan gəlir
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Başma döndüyüm alagöz Pəri,
Elə bildim sonam bu sudan gəlir.
Müjgan atdı, dəydi, keçdi sinəmdən,
O cadı qəmzələr, busudan gəlir.

Başına örtübdü kalağay, gəzər,
Əyri tel üstündən qızıl düymələr,
Belinə yaraşıb zərbafdan kəmər,
Çəpkənli, çarğatlı ağ bədən gəlir.

Abbasam, yetirdim aman-amana,
Nə ola bir əlim çata canana.
Qoynu içi dönüb taza bostana,
O sərxoş sevdiyim hamamdan gəlir.