Surəti-həqqə, ey sənəm, bədri-rüxündür ayinə

(Surəti-həqqə, еy sənəm, bədri-rüхündür ayinə səhifəsindən istiqamətləndirilmişdir)
Surəti-həqqə, ey sənəm, bədri-rüxündür ayinə
Müəllif: İmadəddin Nəsimi

Surəti-həqqə, ey sənəm, bədri-rüxündür ayinə,
Daş ola kim ki, surətin olmaya aşiq ayinə.

Eşqi-rüxün təriqidir dari-səlamətin yolu,
Mənzilinə qaçan irür kim ki, bu yolda tayinə.

Dünyəvü mülkü malinə meylü məhəbbət eyləmə,
Çün gedisərsən, ey məlik, axirətin sarayinə.

Vəsli-rüxündən, ey pəri, ta əbəd oldu möhtəcib
Kim ki, müqəyyəd olmadı zülfü girehgüşayinə.

Fatihədir anın üzü, nunü əlifdir ayəti,
Səllü və səlləmü əla surəti-canfəzayinə!

Zülfi-dütasının qəmin sor bu əsiri-eşqə kim,
K’oldur əsir edən məni silsileyi-dütayinə.

Başinə kim ki, düşmədi kölgəsi ənbərin saçın,
Dövlətə sadiq olmadı, uğramadı hümayinə.

Hur ilə cənnətü liqa görməyə həqdən, oyla bil,
Kim ki, üzündə görmədi həqqi bu gün müayinə.

Eşqinə kim ki, qılmadı baş ilə canını səbil,
Dərdinə çarə bulmadı, uğramadı dəvayinə.

Vermişəm ol qara saçın qövlü qərarına könül,
Gərçi inanmazam anın əhdinəvü vəfayinə.

Hüsnü rüxün zəkatını ayə gər eyləsən əta,
Mehri-müniri-təl’ətin görünə, mah bayinə.

Hüsnünə xaliqülbəşər xətmi-məlahət eylədi,
Dövlət anın kim uğradı xətməsinin duayinə.

Canverici ləbindədir şərbəti xəstə könlümün,
Kimdir irişdirən anı şərbətinin şəfayinə?

Lə’li-ləbin hədisini incuyə nisbət eyləyən,
Gör nə cəfalər eyləmiş cövhəri-canfəzayinə.

Eşqinə verməsin könül şol sənəmin, Nəsimitək
Kim ki, təhəmmül eyləməz cövrünəvü cəfayinə.