Surətin nəqşinə xəyal irəməz
Surətin nəqşinə xəyal irəməz Müəllif: İmadəddin Nəsimi |
Surətin nəqşinə xəyal irəməz,
Gözlərin alasına al irəməz.
Şol qədər safidir ləbin eyni
Kim, anın abinə zülal irəməz.
Bu günü gör ki, rəngü çöhrəsinə
Nə qədər al edirsə, al irəməz.
Gərçi ayı üzünə bənzədərəm,
Qaşların şəklinə hilal irəməz.
Qamətin şoylə mö’tədildir kim,
Е’tidalinə е’tidal irəməz.
Ey cəmalül-liqa, nə dilbərsən
Ki, rüxün hüsnünə cəmal irəməz?
Bu nə ziba camal olur, yarəb,
Ki, kəmalatına kəmal irəməz.
Zülfü çün cimü qaşı-dal, vəli,
Zülfü qaşinə cimü dal irəməz.
Necə günəşsən, ey qəmər ki, sana
Ta əbəd zərrəcə zəval irəməz?
Buldu könlum səninlə şol vüslət
Kim, anın vəslinə vüsal irəməz.
Ey Nəsimi, sözün müfərrihdir,
Bu cəhətdən ana məlal irəməz.