Tökülür
Tökülür (14.03.2021) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Zülfünün vəsfini çün yazmağa əzm eyləmişəm –
Qələmin dili ucundan qamu sevda tökülür. İmadəddin Nəsimi |
Elə dil var, açılanda deyəsən qənd tökülür,
Var elə dil də, dinəndə sinədən ət tökülür…
Elə insan tanıram, eşşəyə rəhmət oxudur,
Bəzi eşşək baxışından, düzü, mərfət tökülür.
Bədəvi duzluya tazicə “məlih” söyləyəcək,
Bəs yarın gül dodağından nə məlahət tökülür?
Gözün üstündə min il saxlayasan ermənini,
Baxasan gözlərinə, kin və ədavət tökülür.
Torpaq uğrunda tökən qanın el bağbanıdır –
Təzə gül bitmək üçün torpağa qeyrət tökülür!
Çün Nizami babamız xalqımızın baş tacıdır –
Hər sözündən bəşərə sevgi və şəfqət tökülür!
Nə qədər yağsa acı söz-şəbədə ünvanına,
Teymurun bal qələmindən yenə şərbət tökülür…