Tülkü və qoyun

Tülkü və qoyun
Müəllif: Abbasqulu ağa Bakıxanov


Yazılıb bir maraqlı dastanda,
Vardı bir tülkü bir biyabanda.
O da zahid kimiydi güşənişin,
Gözü ac, hiyləgər, dəcəl, xudbin.
Bir gün oldu acından avarə,
Aclığa tapmadı o bir çarə.
Baş alıb gəzdi çöl-biyabanı,
Yem üçün axtarırdı dünyanı.
Gördü çöldə həvəslə bipərva,
Bir qoyun otlayır təkü tənha.
Bir ona baxdı, bir də qüvvətinə,
Gördü işlər yaman düşüb çətinə.
Gücü çatmaz ki, bitirə işini,
Qıcıdıb hirs ilə ona dişini.
Dedi: «Ey canı bərk, quyruğu boş,
Belə bir zülm getməz allaha xoş.
Bu ərazi mənim babamdandır,
Səndə bu nə ürək, nə vicdandır,
Ki, edirsən bu yerləri viran?
Kirəsin verməsən, düşər bil qan».
Bu acı sözləri eşitdi qoyun,
Çarəsi qalmayıb əlində onun,
Dedi: «Yoxdur sənə inamım bil,
Ola bilməz, bu yer səninki deyil.
Sahib olmaz bizim bu səhrada,
Mən kimi min qoyun gəzir burada».
Söylədi tülkü: «Şahidim vardır,
Həqqi onlar bilir, bu aşkardır.
Bu sözü hamı eyləyər təsdiq,
İstəsən ki, bu söz ola təhqiq.
Neyləyim, sabit olsa bu əhval?»
Dedi: «Olsun sənə bu canım həlal».
Tülkü getdi, qoyun yazıq, miskin,
Gəlib evdə oturdu çox qəmgin.
Ağanın bir böyük iti var idi,
Bir hücumda pələngi yırtar idi.
Gah olardı çoban ilə həmdəm,
Evi də gözləyərdi o hər dəm.
Qorxusundan onun səmada belə,
Yaxlaşammazdı göy şiri Həmələ.
Ona nəql etdi macəranı qoyun,
Hirsi coşdu bu macərayə onun.
Dedi: «Tülkü kələk qurub bir bax,
Dostumun qanına susur axmaq».
O qoyunla gedib ora çatdı,
Bir çuxur qazdı, gizlənib yatdı.
Dedi: «Get, otla, qorxma, arxayın ol,
Tülkü şahid gətirsə etmə qəbul.
And üçün yanıma gətir onu sən.
Sonra gör neylərəm o şahidə mən?!»
İt ki, gizləndi qazdığı yerdə,
Sizə qoy tülküdən deyim bir də.
Özünü tülkü çöllərə vurdu,
Qoca bir qurda rastlaşıb durdu.
Getdi, hörmətlə o salam etdi,
Ona çox izzət, ehtiram etdi.
Dedi: «Ey vəhşilər, əmiri, sənə,
Verirəm muştuluq, məni dinlə!
Görmüşəm bir qoyun səfeh, nadan,
Bayramın lap içindədir qurban».
Söylədi macəranı tülkü tamam,
Qurda gəldi fərəhli bir ilham.
Dedi: «Haqqı danammarıq heç biz,
Dediyin yer sizinkidir şəksiz».
Belə şahid tapıldı çox «adil»,
Müddəi hər nə söyləsə qail.
Müxtəsər qaniçən iki qəddar,
Gülüşüb verdilər hücuma qərar.
Elə ki, oldular ora varid,
Dedi tülkü: «Budur, bu da şahid.
Hər sözü doğrudur, həqiqətdir,
Məqsədi dünyada ədalətdir.
Necə olmaq bu hökmə narazı,
Özü həm şahid, həm də ki, qazi».
Dedi:--«Yox, yox, bu söz qəbul olmaz,
Müddəa sabit olmalı bir az.
Tanıram qurdu, istəyir ala can,
Şəri, haqqı o tapdalar hər an.
Sahibim yoxsa da yanımda mənim,
Bir ocaq var yaxında xeyli qədim.
Gedərək and için ona dərhal,
Qanım olsun sizə o dəmdə halal».
Qurd dedi:--«Sənətimdir and içmək,
Qorxu olmaz təmizsə hər bir ürək».
Dedi tülkü: «Mənim də qorxum yox,
İçmişəm böylə andları mən çox».
Sözləşib getdilər ocağa sarı,
Yol hələ olmamışdı orda yarı.
Tülkü baxdı ocağa heyrətlə,
Ürəyi vurdu bir əlamətlə.
Gördü bir göz parıldayır altda,
Sanki bir şam yanır o zülmatda.
Dedi qurda: «Ocağa and içmək,
Bizim əcdada olmamış məslək.
Atam and içdi düşdü bəndə haman,
Ovçu soydu dərisini nalan.
Anam and içdi, yeddi il yatdı,
Yeddi il dərdə, qüssəyə batdı.
İndi mən qorxuram bu anddan çox,
Özün and iç, sənin ki, qorxun yox».
Qurd dedi: «Hiyləni burax, tülki,
Güc olan yerdə hiylələr bil ki,
Boş olar, qorxmuram ocaqlardan,
Tülkülər qorxuya düşər hər an».
Qurd əl atcaq ocağa, it çıxdı,
Hulqumundan yapışdı, bərk sıxdı.
Tülkü görcək əkildi tez aradan,
Qışqırıb qurda söylədi: «Nadan,--
Demədim burda gizli hikmət var,
Bu ocaqda yəqin bir illət var?!»
Qüdsi, sən işlədib də hiyləvü zur,
Olma heç öz nəvan ilə məğrur.
Gücsüzə rəhmsizcə zülm etsən,
İntiqamı alar bir it səndən.