Türkiyə
Müəllif: Sabir Əlim Xəliloğlu

Bu, gerçəkmi yalanmıdır, ilahi?
Yalan mülkü talanmıdır, ilahi?
Olmaz olay olanmıdır, ilahi,
Mən Türkiyə torpağına gəlmişəm?
Qardaşımın ocağına gəlmişəm?

Mən bu yeri yuxularda anardım,
Həsrətinə, hicranına yanardım:
Cənnəti də Türkiyədə sanardım,
Şükür, haqqın cənnətinə gəlmişəm,
Üləmalar söhbətinə gəlmişəm.

Bir yel əsdi, qara bulud sovuşdu,
Qardaş gəlib qardaşına qovuşdu:
Doğma "yadlar" bir-birinə yovuşdu
Mən bu günü ibadətə gəlmişəm,
Türkiyəni ziyarətə gəlmişəm.

Sənəd qeydi ürəyimi sıxıbdır,
Görüş eşqim çəpərləri yıxıbdır:
Sarp acısı candan təzə çıxıbdır,
Xarabadan abadlığa gəlmişəm,
Əsarətdən azadlığa gəlmişəm.

Müsafirə hər nə elər - Sarp elər,
Gürcü tərəf tutar, soyar, ar pülər,
Türk əl öpər, xeyir dilər, sərf elər,
İndi görün, hardan hara gəlmişəm,
Xamxanadan xan diyara gəlmişəm.

Mən bu yerə nə sərvətə, nə sana,
Nə şövkətə, nə şöhrətə, nə şana,
Nə camala, nə calala, nə cana,
Nə taca, nə ticarətə gəlmişəm,
Ziyarətə, ziyarətə gəlmişəm.

Nəfəsimdən yanıb dəmir qəfəsim,
Azad olub dustaq olan həvəsim,
Yad qəfəsdə çox sıxılıb nəfəsim,
Mən haqqıma, hüriyyətə gəlmişəm,
Bu yerləri ziyarətə gəlmişəm.

Bir quzuydum - anasından aralı,
Bir quş idim - qanadından yaralı,
Bir qul idim - baxtı, başı qaralı,
Vaxt oyanıb, indi dilə gəlmişəm,
Doğma evə, qardaş elə gəlmişəm.
 
Mat qalmışam anlamazın şəstinə,
Gör kim durub türk elinin qəsdinə,
Çaqqal ular boz qurdların üstünə,
Mən boz qurdu oyatmağa gəlmişəm,
Özüm boyda boy atmağa gəlmişəm.
 
Türk elatı yol gözləyir, yatışmır,
Yad havaya, şər davaya qatışmır,
Hər şeyi var, Atatürkü çatışmır,
Mən Atamın köməyinə gəlmişəm,
Xeyir-dua deməyinə gəlmişəm.
 
Vaxt olar ki, türk elləri ucalar,
Yağısından qisas deyil, tac alar.
Qarı düşmən, sarı düşmən qocalar,
Mən o günün düyününə gəlmişəm,
O düyünün bu gününə gəlmişəm.
 
Uğurdadır türk elinin karvanı,
Önündədir ayıq-sayıq sarvanı.
Canım, gözüm bu karvanın qurbanı,
Mən bu sözü ayıltmağa gəlmişəm,
Öz kökümə qayıtmağa gəlmişəm.
 
Bu karvanı igid-igid sürən var,
Sürən varsa, üstünə də hürən var,
Hürənlərdən sarı, qara, kürən var,
Mən itlərə daş atmağa gəlmişəm,
İgidləri yaşatmağa gəlmişəm.
 
Dünya boyda dağda, düzdə, bozqırda
Bir qüvvə yox dirsək vura bozqurda.
Düşmən yana, böhtan quşa, qozqurda,
Mən Turanın irağına gəlmişəm,
Soykökümün çırağına gəlmişəm.
 
Yolçu - Məcnun, vətən yolu - Leylidir,
Məcnun olsan, sağı, solu Leylidir,
Mən Məcnunam, Anadolu Leylidir
Mən Leylimi ziyarətə gəlmişəm,
Məcnun kimi məhəbbətə gəlmişəm.
 
Baş-başadır Türkiyənin dağları,
Bir aləmdir bahar-payız çağları,
Cənnət olur alma, limon bağları,
Mən onların havasına gəlmişəm,
Dərmanına, davasına gəlmişəm.
 
Yaz güləndə dağı, daşı ağlayır,
Yay girəndə seli, suyu çağlayır,
Qış qonanda hər yanı buz bağlayır,
Mən bu halı tamaşaya gəlmişəm,
Həyrətimə saya-saya gəlmişəm.
 
Daş rəsmlər... Qoçdur, oxdur, çatıdır,
İpdir, sapdır, amma daşdan qatıdır,
O süzən də Koroğlunun atıdır,
Elə bil ki, qədim Kana gəlmişəm,
Baba yurdum Qobustana gəlmişəm...
 
Haçaya bax...Yol itirmiş dəvədir,
Gül örtüyü göz oxşayan gəvədir,
Güllər ala: ağ, sarı, göy, şəvədir,
Mən onların ümmanına gəlmişəm,
Bu ümmanın tufanına gəlmişəm.
 
Çobana bax... qabağında qoyunu,
Qoyunların qoçlar ilə oyunu...
Tütəyində başlayıbdır toyunu,
Yoxsa onun tiyunamı gəlmişəm?
Toyundakı oyunamı gəlmişəm?
 
Geyimində qışın soyuq ürküsü,
Yanağında yayın yanıq bürküsü,
Dodağında şirin vətən türküsü...
Mən bu səsin süs gülünə gəlmişəm,
Ürək oyan nisgilinə gəlmişəm.
 
Bu torpağın hər tərəfi dağ, dəniz,
Ön dənizdir, sol dənizdir, sağ dəniz,
Qüzey-Güney Qara dəniz, Ağ dəniz,
Əlçatmazdır, əlçatana gəlmişəm,
Gündoğandan gün batana gəlmişəm.
 
Sahil boyu Qara dəniz nazlanır,
Qırçın-qırçın dalğaları qazlanır.
Durna-dəniz səmalara nazlanır,
Mən bu quşun sədasına gəlmişəm,
Div uçuşun ədasına gəlmişəm.
 
Qan dağıdır çöllərinə yayları,
Mahnı çalır çaylarının hayları,
Cənnət olur il on iki ayları,
Xəstəhalam, dərmanına gəlmişəm,
Dərdə dəva ormanına gəlmişəm.
 
Qızıl İrmaq, Diclə, Fərat-buz almaz,
Sakaryadan su içməsəm düz olmaz,
Burdan uçur göy Xəzərə Kür, Araz,
Bu sularla mən qol-qola gəlmişəm,
Üzüb sağa, süzüb sola gəlmişəm.
 
Qeys olanı Məcnun edər qızları,
Leylaları məftun elər qızları,
Şeytanı da məğbun elər qızları,
Mən bu halın hikmətinə gəlmişəm,
Hüsn odunun qüdrətinə gəlmişəm.
 
Kövsərmi var çayındakı su sayaq?
Sonamı var gölündəki qu qasaq?
Olsa, olsa, cənnət olar bu sayaq,
Mən buraya zəmzəm üçün gəlmişəm,
Xızır kimi həmdəm üçün gəlmişəm.
 
Hər qarışı məscid, ocaq, camidir,
Haqqa sucud burda könül kamidir,
Haqqın özü haq deyənə hamidir,
Mən Xudamın xidmətinə gəlmişəm,
Xalqımızın taətinə gəlmişəm.
 
Aylar, illər mürşidimə tamarzı,
Namaz qıldım, ürəyimdə kam, arzu,
Qəbul olsun Cami-Əhməd namazı,
Bəhəmdillah, təmiz ada gəlmişəm,
İtirdiyim etiqada gəlmişəm.
 
Behişt burdan aşağıdır, əfəndim,
Aləm onun aşığıdır, əfəndim,
Bura haqqın işığıdır, əfəndim,
Mən haqqımın işığına gəlmişəm,
Bu işığın sağlığına gəlmişəm.
 
Onu görən gözlərinə köçürər,
Görməyənlər sözlərinə köçürər,
Bir can bilib özlərinə köçürər,
Mən canandan can almağa gəlmişəm,
Quru cismə qan almağa gəlmişəm.
 
Bu köhnə köy köklü Kəmal paşadır,
Yolları tək, çinarları qoşadır,
Varlığıyla bir ulunu yaşadır,
Mən Ulumu ziyarətə gəlmişəm,
Qüdrətinə itaətə gəlmişəm.
 
Qaş-qabaqlı qarşı qala Hopadır,
Buludları göydə topa-topadır,
Qışı qılıc, qarı lopa-lopadır,
Mən bu qara qərq olmağa gəlmişəm,
İşığından bərq almağa gəlmişəm.
 
Bu xoşqılıq cənnət ulus Rizədir,
Ağzı göyə, amma üzü bizədir,
Göy dənizlə göz-gözə, diz-dizədir,
Mən onlardan güc almağa gəlmişəm.
Güclü olub ucalmağa gəlmişəm.
 
Çox dilədim, mehman olan Samsuna,
Mehmanına doldura bir cam suna,
Cəm də gələ, bihuş ola, tamsına,
Gördüm onun Şırnağına gəlmişəm,
Abi-həyat qaynağına gəlmişəm.
 
Şirni sunan, bir-iki də şirə sun,
Sunduğunu tutma, birdən-birə sun.
Qarşıdadır irəm bağlı Girəsun,
Mən bu bağın səfasına gəlmişəm,
Bu torpağım şəfasına gəlmişəm.
 
Bu haradır ciyərimin parası,
Ordu-Samsun, Gəncə-Tiflis arası...
Sızıldadı ürəyimin yarası,
Elə bildim yurd yerinə gəlmişəm,
Qarayazı çöllərinə gəlmişəm.
 
Bura nərlər məmləkəti Boludur,
Sağı, solu Koroğluyla doludur,
Eli bozqurd, yolu haqqın yoludur,
Mən dəlilər qalasına gəlmişəm,
Çənli çəmən çalasına gəlmişəm.
 
Qonaq olsan qarlı, buzlu iqdira,
Sanma səni bezikdirə, bıqdıra,
İstər eli məclisinə yıqdıra,
Mən də məclis həvəsinə gəlmişəm,
Əsli-Kərəm nəfəsinə gəlmişəm.
 
Darıcadan Yalovaya üzməyə,
Mərzifondan Trabzona süzməyə,
Sarpı saza, Qarsı sözə düzməyə,
Uludağa əyilməyə gəlmişəm,
Bursa, İzmir deyə-deyə gəlmişəm.
 
Bir danüzü ilim-ilim itərəm,
Balıkəsir bağlarında bitərəm;
Bülbül olub gül havamı ötərəm,
Bülbüləmsə, qızılgülə gəlmişəm,
Sevə-sevə, gülə-gülə gəlmişəm.
 
Uludağın səcdəsində dursa da,
Bir əlçatmaz Uludağdır Bursa da,
Burda məni ildırımlar vursa da,
Uludağı dolaşmağa gəlmişəm,
Yoxuş çıxıb yal salmağa gəlmişəm.
 
İki gündür müsafirəm İzmirə,
Kef yüz olub, yüzdən ötüb yüzbirə.
Burda zərrə bir ayrılıq sezmirəm,
Elə bil ki, Baküyə gəlmişəm,
Böyüdüyüm kəndə, köyə gəlmişəm.
 
Bu tarixin yol yoldaşı Qaraman,
Atamandır, Qocamandır, Qaraman,
Havasına yay üz verməz, qar aman,
Mən buraya Konya deyə gəlmişəm.
Mövlanaya baş əyməyə gəlmişəm.
 
İstanbulun qiyməti əşi varmı var?
İstanbulsuz yox aləmdə varmı var?
Bir Qapalı Çarşı qədər varmı var?
Mən Yusiflər bazarına gəlmişəm,
Züleyxalar azarına gəlmişəm.
 
Ərzurumun yaza bahar çağına,
Antalyanın əlvan irəm bağına,
Ankaranın yollarının ağına,
İstanbulun qucağına gəlmişəm,
İsti Turan ocağına gəlmişəm.
 
Şəhərlərin gözü, şahı - Ankara,
Bütün türkün son pənahı Ankara,
Atatürkün mənzilgahı Ankara,
Mən Atatürk cürətinə gəlmişəm,
Məmmədəmin qeyrətinə gəlmişəm.
 
Bir bölünüb haqdan əzəl payımız,
Bir boyanıb ulduzumuz, ayımız,
Bir yuvadır lap hər iki tayımız,
Mən Babatürk oymağına gəlmişəm,
Bal dilimin qaymağına gəlmişəm.
 
Allah, Allah, böylə də hal olarmı?
Ləhcədə də bir belə bal olarmı?
Böylə dilə ölüm-zaval olarmı?
Mən dilimin cövhərinə gəlmişəm,
Arı kimi şəkərinə gəlmişəm.
 
Ağzıma qon, sorum səni, ay dilim,
Şirinlikdə şəhdə, bala tay dilim,
Haqdan mənə dünya boyda pay dilim,
Səndən öyüm oxumağa gəlmişəm,
Alaqurşaq toxumağa gəlmişəm.
 
Gündüz günəş, gecə ulduz, ay dilim,
Sirlərimi sapa düzüb say, dilim,
Nəyim varsa, yer üzünə yay, dilim,
Mən varımı paylamağa gəlmişəm,
Paysızları haylamağa gəlmişəm.
 
Odda Günə, nurda Aya tay dilim,
Yatan dəniz, gürşad axan çay dilim.
Dilim-dilim dilimləndim, vay, dilim...
Mən qovuşma əyyəmına gəlmişəm,
Dil birliyi bayramına gəlmişəm.
 
Dağ dilimi qaya-qaya oyublar,
Yerində bir kül təpəsi qoyublar...
Dişlərini çəkib şiri soyublar,
İndi onu ağlamağa gəlmişəm,
Düşmənimi dağlamağa gəlmişəm.
 
Bu dövlətin bir qaragün eli var;
Burda sanki hər kəsin öz dili var;
Bu oyunda bir alçağın əli var,
Mən o əli vurmaq üçün gəlmişəm,
Birliyimi qurmaq üçün gəlmişəm.
 
Lal erməni dilman türkə dil "açar",
Dilin yansın dil qapayan Dilaçar!
Necə tapsın qıfıllanan dil açar?
Mən bu dili arıtmağa gəlmişəm,
Türk elinə yarıtmağa gəlmişəm.
 
Varlığında ermənilik mərəzi,
Vicdanında türkü qırmaq qərəzi,
Dili əyib uydurduğu "tərəzi",
Ona lənət üfürməyə gəlmişəm,
Baş daşına tüpürməyə gəlmişəm.
 
Burda aşıq öz sazını anlamaz,
Tərcüməsiz yar nazını anlamaz,
Min danışan bir yazını anlamaz,
Mən dağı anlamağa gəlmişəm.
Anlamazı danlamağa gəlmişəm.
 
Əskişəhir Nevşəhiri anlamaz,
Ev yiyəsi müsafiri anlamaz,
Söz olar ki, mində biri anlamaz,
Mən bu dərdə dərman üçün gəlmişəm,
Bu dırmana fərman üçün gəlmişəm.
 
Türk elləri indi bir az iraqdır,
Bir cüt göz tək həm yaxın, həm uzaqdır,
Bir ağacdır, iyirmi beş budaqdır,
Mən onların varışına gəlmişəm,
Yaxınlaşma yarışına gəlmişəm.
 
Mənim dilim bu dalları törpülər,
"Şu"ndan "o"na tezcə düşər körpülər,
Düşmən ağzı bu birliyə qor pülər,
Mən düşməni qandırmağa gəlmişəm,
Yad ağzını yandırmağa gəlmişəm.
 
Taxtındadır söz şahımız Füzuli,
Bizim birlik qurşağımız Füzuli,
Qulsuz qalmaz Allahımız Füzuli,
Mən türkümü çağırmağa gəlmişəm,
Birliyimi bağırmağa gəlmişəm.
 
Kim dolanıb qoca türkün Şərqini?
Kim eşidib uca türkün Şərqini?
Kim tanıyır xoca türkün Şərqini?
Mən onlardan danışmağa gəlmişəm.
Qardaşımla qonuşmağa gəlmişəm.
 
Mən Sabirəm, dərdim düzüm-düzümdür,
Ən zoru da "əsir vətən" sözümdür,
O diyar da, bu diyar da bizimdir,
Vətənimdən vətənimə gəlmişəm.
Mən bülbüləm, çəmənimə gəlmişəm.
 
5 may 1992, İstanbul