Tütək qaya
Rəvayətlər. Tütək qaya Müəllif: Şifahi xalq ədəbiyyatı |
Qədim vaxtlarda yayın cırhacırında yer-yurd tamam yanıb susuzluqdan
cadar-cadar olubmuş. Günlərin belə bir günündə bir
çoban sürüsünü kölgəliyə verib tütək çalırmış. Belə eləyirmiş ki,
bəlkə susuzluğu yaddan çıxa. Ciyəri odlanan çobana tütəyin sehrli
səsi də kömək edə bilmir, dodaqları torpaq kimi çat-çat olur. Başlayır
yolu əlinə alıb dağı dörd dolanmağa. Hara baxırsa bulaqları,
çayları qurumuş görür. Nəhayət, göylərə əl açıb deyir:
– Ey Allah, susuzluqdan tabım qalmayıb. Burada bir bulaq yarat, doyunca su içək, sənə qurban kəsəcəyəm, dua oxuyacağam.
Çobanın ağzından söz qurtarmamış dağ yarılır, durnagözlü bir bulaq peyda olur. O, buz kimi sudan ovuclayıb içir, sürünü də sulayıb rahatlaşır. Yenidən göylərə üz çevirib deyir:
– Ey Allah, su üçün sağ ol. Ancaq qoyunların öz sahibi var, mənim deyil ki, götürüm qurbanı kəsim. Özüm də günün istisindən bərk yorulmuşam, tütək çalıb vəsfini edə bilmərəm, molla da deyiləm ki, sənə dua oxuyum. Bir də nə üzünü görmüşəm, nə də səsini eşitmişəm, yerini də bilmirəm. Qoy səni kim görübsə, onlar da qurban kəssin, duanı oxusunlar.
Söz tamam olan kimi qəfildən gurultu qopur. Bulaqdan ötrü yarılmış dağ yenidən qovuşur. Bulaq da bu dağın arasında yoxa çıxır. Onun yerindən od püskürür. Bu od qoyunları yandırıb külə döndərir, çobanı qurudub qaxac edir. Çobanın əlindəki çomaq, ağzındakı tütək isə dik qayaya çevrilir.
Deyirlər, o gündən bu qaya “Tütək qaya” adlanıb. Gecə-gündüz “Tütək qaya”nın iniltisi kəsilmir