Təşəkkür ("Mollalar, taleimiz oldu əcəb yar bu gün!")
Təşəkkür ("Mollalar, taleimiz oldu əcəb yar bu gün!") Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 252. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Mollalar, taleimiz oldu əcəb yar bu gün!
Misyonerlər də bizə çıxdı həvadar bu gün!
О ki, məktəbləri məhv etmək idi niyyətimiz,
Yox idi əldə və lakin ona bir qüdrətimiz,
Məktəb artdıqca azalmaqda idi hörmətimiz,
О açıldıqca qapanmaqda idi sən’ətimiz,
Günbəgün zaid olurdu qəmimiz, möhnətimiz,
Arqadaşlar, sevinin oldu rəva hacətimiz!
Qəmimiz bitdi, fərəh oldu nümudar bu gün!
Misyonerlər də bizə çıxdı həvadar bu gün!
Misyonerlər, о gözəl fikrli ərbabi-düha
San-Peterburqda etmişlər əcəb bir şura
Ki, müsəlmanlar açan bunca məkatib nə rəva, –
Oxudub həndəsə, tə’lim edələr coğrafiya,
Hikmətü hey’ətü tarix ilə elmi-əşya,
Bu işə bizdə təhəmmül ola bilməz əsla!
Çalışın, hümmət edək dəf’inə zinhar bu gün!
Misyonerlər də bizə çıxdı həvadar bu gün!
Misyonerlər bu gözəl əmrə edərkən iqdam
Biz neçin lal oturub, eyləməyək bəhsə dəvam?
Xassə bu elmlərin biz üləmayi-islam
Etmişik bir kərə təhsilini islamə həram,
Bunları bilməz ikən biz, niyə övladi-əvam
Oxuyub, adəm olub, eyləsin ağazi-kəlam?
Şimdi fürsət var ikən görməli bir kar bu gün!
Misyonerlər də bizə çıxdı həvadar bu gün!
Misyonerlər, görüm Allah sizə ehsan eləsin,
Biz kimi, sizləri də daxili-iman eləsin,
Qoymadız çünki müsəlmanları tüğyan eləsin,
Yeni məktəbləri Allah özü viran eləsin!
Uçurub dam-daşını, xak ilə yeksan eləsin!
İndi qoy məktəb açanlar gedib əfğan eləsin!..
Qalsın hər yerdə müəllimləri bikar bu gün!
Misyonerlər də bizə çıxdı həvadar bu gün!