Təbriz gözəli (Aşıq Alı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Təbriz gözəli Müəllif: Aşıq Alı |
Bir mişginab, bir mavəra,
Gördüm Təbriz gözəlini.
Qıya baxdı aldı canım,
Qoydu eşqin təməlini.
Qəmzəsi cismimi yarır,
Gedəndə ruhum aparır,
Duranda qəlbim qoparır,
Baxanda bağrım dəlini.
Xəzan olmaz o tər ləçək,
Boyu bəstə, üzü göyçək.
Görüb cünun oldum gerçək
Dil-dodağı məzəlini.
Şəninə qəsir yaparam,
Nə qüssə, nə qəm taparam.
Fərhad olub dağ çaparam,
Gər ola anam gəlini.
Od qaladı can içində,
Dedi: Alı, yan içində,
Qafil gördüm dan içində,
Deyəmmədim deməlini.