Tənbəl Əhmədin nağılı

Tənbəl Əhmədin nağılı
Müəllif: Şifahi xalq ədəbiyyatı

Keçmiş zamanlarda bir padşah vardı. Bu padşahın arvadı və Çimnaz adlı bir qızı vardı. Bir gün söhbət əsnasında padşahla arvadı mübahisəyə başladılar ki, evi arvad saxlar, yoxsa kişi.

Padşah dedi:

- Evi kişi saxlar!

Arvad razılaşmadı:

- Yox, evi arvad saxlar!

Söhbətin bu yerində padşah Çimnazı çağırıb soruşdu ki, evi arvad saxlar ya kişi? Çimnaz dedi:

- Əlbəttə ki, evi arvad saxlar.

Padşahm Çimnaza acığı tutdu və vəzirə əmr elədi ki, aparıb onu öldürsün.

Vəzirin Çimnaza yazığı gəlib öldürmədi. Onu gətirib Tənbəl Əhmədin anasına verdi ki, bunu da götür, öz qızın kimi saxla.

Vəzir Çimnazı qarının evində qoyub gedəndən sonra Çimnaz Əhmədin anasından soruşdu:

- Nənə, məndən başqa bir oğlun, qızın var?

Qarı dedi:

- Qızım, bir oğlum var, adı Tənbəl Əhməddir. Amma heç o da olmasaydı yaxşı olardı.

Çimnaz dedi:

- Nənə, niyə elə deyirsən?

Qarı ağlaya-ağlaya cavab verdi:

- Əhməd evdən eşiyə çıxmır, elə deyir, "Ver yeyim, ört yatım, gözlə canım çıxmasın". Gündə bu sözləri təkrar edir, mən isə gedib evlərdə işləyirəm. Qazandığımı da əlimdən alıb yeyir.

Çimnaz dedi:

- Nənə, ağlama, mən onu adam edərəm. Al bu pulu, bazarlıq elə, gətir yeyək.

Nənə pulu alıb getdi bazara, biz az yemək-içmək alıb gətirdi.

Çimnaz qarını yola salandan sonra başladı təsək tikməyə. Tikib qurtarandan sonra Əhmədi çağırıb dedi:

- Dur bu saat bunu bazara apar, yüz tümənə sat gətir.

Əhməd getmək istəmədi. Çimnaz ona acıqlandı. Əhməd qorxusundan tez durdu, təsəyi də götürüb bazara yollandı. Birdən o, bir adamın torpaqdan təpə düzəltdiyini görüb soruşdu:

- Əmi burada nə edirsən?

Kişi dedi:

- Söz satıram. Bəs sən nə edirsən?

Əhməd dedi:

- Mən təsək satıram,

Kişi soruşdu:

- Neçəyə satırsan? 1

Əhməd cavab verdi:

- Yüz tümənə.

Kişi dedi:

- Sən təsəyi mənə ver, mən də sənə sözü.

Əhməd dedi:

- Yaxşı.

Əhməd təsəyi verib ondan sözü soruşdu. Kişi dedi:

- Sənə desələr, dünyada nə yaxşıdı? De: "Ürək istəyən".

Əhməd evə gələndən sonra Çimnaz soruşdu:

- Təsəyi satdın?

Əhməd dedi:

- Bəli, satdım.

Çimnaz soruşdu:

- Neçəyə?

Əhməd cavab verdi:

- Sözə satdım.

Çimnaz soruşdu:

- Necə yəni sözə satdım?

Əhməd dedi:

- Senə desələr dünyada nə yaxşıdır? De: "Ürek istəyən".

Çimnaz dedi:

- Yaxşı satmısan.

Çimnaz yenə təsək tikib Əhmədə verdi ve dedi:

- Bunu da apar yüz tümənə sat, aşağı vermə.

Əhməd "Baş üstə" deyib bazara yollandı. Bazarda yenə hemin adama rast geldi.

Kişi soruşdu:

- Əhməd, nə satırsan?

Əhməd dedi:

- Təsək satıram.

Kişi dedi:

- Gəl yenə sövdələşək. -

Əhməd: "Yaxşı" - deyib təsəyi verdi. Kişi dedi:

- Sənə bir tapşırıq verim. Səfərə çıxsan, heç vaxt çay kənarında gecələmə, çayı keç, o biri tərəfdə qal.

Əhməd evə qayıdıb Çimnaza dedi:

- Satdım.

Çimnaz soruşdu:

- İndi neçəyə satdın?

Əhməd cavab verdi:

- Tapşırığa satdım.

Çimnaz soruşdu:

- Nə tapşırığa?

Əhməd dedi:

- Səfərə gedəndə çay kənarında qalmış olsan, çayin o biri tərəfində qal.

Çimnaz dedi:

- Yaxşı satmısan.

Çimnaz yenə təsək tikib Əhmədə verib dedi:

- Bunu da yüz tümənə sat.

Əhməd yenə: "Baş üstə" - deyib bazara getdi. Bazarda yenə o kişiyə rast gəldi. Kişi soruşdu:

- Əhməd, nə satırsan?

Əhməd dedi:

- Yüz tümənə təsək satıram.

Kişi dedi:

- Gəl sövdələşək.

Əhməd dedi:

- Yaxşı.

Kişi dedi:

- Sən bir nəsihət verirəm. Səfərə çıxsan, çalış axşamacan şəhərə daxil ol. Elə ki, şəhərə daxil ola bilmədin, şəhərin qırağında qal, amma yatma.

Əhməd evə qayıtdı. Çimnaz soruşdu:

- Satdın?

Əhməd dedi:

- Bəli, sözə satdım.

Çimnaz dedi:

- Hansı sözə?

Əhməd cavab verdi:

- Əgər səfərə çıxsan, çalış axşam düşənəcən şəhərə daxil ol. Yox, daxil ola bilməsən, şəhərin qırağında qal, amma yatma.

Çimnaz dedi:

- Yaxşı satmısan.

Bir gün Əhməd qapılarının qırağında oturub özünü günə verirdi. Bu vaxt evlərinin qabağından bir karvan keçirdi. Karvanbaşı Rəhim Əhmədi görüb dedi:

- Ay oğlan, bizimlə səfərə gedək, qayıdanda sənə min tümən verərəm. Mənim karvanımda gözətçi ol.

Əhməd dedi:

- Gözlə, gedim evdəkilərlə məsləhətləşim.

Rəhim razı oldu.

Əhməd evə gəldi, Rəhimin dediklərini Çimnaza çatdırdı. Çimnaz tez Əhməd üçün yol tedarükü görüb onu yola saldı. Əhmədgilin karvanı bir neçə gün getdikdən sonra susuz bir yerə çatdı. Burada onlar axşamlamalı oldular. Hər yeri gəzib su axtardılar, nəhayət, bir quyu tapdılar. Əhməd tez quyuya qab salıb su çıxartmağa başladı. Dəvələri sulayıb, özlərinə də su götürdülər. Əhməd quyunun ağzından getmək istəyirdi ki, birdən bir div onun qabağını kəsib dedi:

- Əhməd, mənim quyumun suyunu qurtardın, indi mən səndən bir söz soruşacağam, əgər düz cavab versən, canın qurtardı, yox, cavab verə bilməsən, seni yeyəcəyəm.

Əhməd qorxusundan razı oldu. Div dedi:

- Dünyada nə yaxşıdır?

Əhməd dedi:

- Ürək istəyən.

Div:

- Yaxşı cavab verdin. İndi mən gələnə qədər burada dayan - deyib gözdən itdi.

Bir az keçmişdi ki, div üç nar gətirib Əhmədə verdi və dedi:

- Bu narları heç kimə vermə, evə çatanda kəsərsən.

Əhməd divlə sağollaşıb karvana qayıtdı.

Rəhim Əhmədi görən kimi soruşdu:

- Bizim çox səfərimiz olub, kim bu quyudan su götürübsə, salamat qayıtmayıb. Necə oldu ki, sən sağ-salamat qaldın?

Əhməd dedi:

- Div məndən söz soruşdu. Mən də düz cavab verdim, menə nar da verdi. Bu narları gərək evimizə göndərəm.

Rehim dedi:

- Biz üç günəcən başqa şəhərə çatacağıq, orada mənim qardaşımla görüşəcəyik. Narları ona verərik, evinizə çatdırar.

Səhər tezdən karvan yola düşdü. Üç gün gedəndən sonra gəlib şəhərə çatdılar. Rəhim qardaşı Həsənlə görüşdü. Sonra Əhmədi çağırıb dedi:

- Həsənin yolu sizin evin qabağından düşəcək, əmanətini ona ver aparsın.

Əhməd bir məktub da yazdırıb üç narı da verdi Həsənə.

Burada gecəni qalıb səhər tezdən yola düşdülər. Az getdilər, üz getdilər, bir çaya rast gəldilər. Tacirlər yol gəlib yorulduqlarından çayın bu tərəfində qalmaq istəyirdilər, lakin birdən Əhməd bazardakı kişinin sözünü yadına saldı, tez karvanbaşı Rəhimin yanına gəlib dedi:

- Mən çayın bu tərəfində qalmağı məsləhət görmürəm. Keçək çayın o biri tərəfində qalaq.

Rəhim razı oldu və əmr etdi ki, çayı keçsinlər.

Karvanın yarısı çayı keçdi, yarısı isə bu tərəfdə qaldı.

Axşam göy guruldadı, şimşək çaxdı, bir yağış yağdı ki, ucundan tut, göyə çıx. Çaya bərk sel gəldi. Karvanın yarısı o tərəfdə qalmışdı, yarısı bu tərəfdə. Çayı keçməyib o biri tərəfdə qalanların həm mallarına, həm də özlərinə çox ziyan dəydi. Əhmədin məsləhəti ilə çayı keçən tacirlərin malları və özləri salamat qaldılar. Səhər açıldı, yağış kəsildi. Rəhimgil baxıb gördülər ki, çayın o biri tərəfində qalanların şeylərini və özlərini sel aparıb, qalanları isə qaçıb dağda gizləniblər.

Rəhim Əhmədi çağrıb dedi:

- Sən bizim salamat qalmağımıza səbəb oldun. Adamların hamısı Əhməddən razı qaldılar. İndi sənə kimdən xəbər verim, Rəhimin qardaşı Həsəndən. Həsən az getdi, üz getdi, dərə, təpədüz gedəndən sonra gəlib Əhmədin olduğu şəhərə çatdı. Əhmədgilə gəlib qapını döydü. Çimnaz qapıya çıxıb soruşdu:

- Kimsən?

Həsən dedi:

- Mən Əhmədin yanından gəlirəm. Bir məktub var, sizə çatacaq.

Çimnaz qapını açdı. Həsən məktubla bağlamanı ona verdi. Çimnaz məktubu açıb oxudu. Orada yazılmışdı: "Sizə üç nar göndərirəm, bu narları heç kimə verməyin. Əgər kəssəniz, birini kəsin, ikisini saxlayın. Mən gələndə kəsərik". Çimnaz bağlamanı açıb gördü ki, üç nar var. Narlar çox qəribə idi. Çimnaz bıçaq götürüb birini kəsdi ki, yesin. Gördü narın dənələrinin һər biri qiymətli bir daşdır. Qarını çağırıb sərrafbaşının dalınca göndərdi.

Qarı gedib sərrafbaşını da gətirib gəldi.

Sərrafbaşı soruşdu:

- Nə qulluğunuz var?

Çimnaz xanım narın içindən çıxan ləllərdən bir neçəsini ona verib dedi:

- Bunları mənim üçün sat. Haqqın nə qədərsə onu götür.

Sərrafbaşı: "Baş üstə sataram" - deyib getdi. Sonra pulu gətirib Çimnaza verdi. Çimnaz dedi:

- İndi isə get şəhərin ən yaxşı bənnasını bura çağır. Sərrafbaşı gedib bir bənna çağırdı.

Bənna gəlib soruşdu:

- Nə qulluğunuz var?

Çimnaz dedi:

- Bu evin yerində elə bir qəsr tik ki, padşahın qəsrindən də yaxşı olsun.

Sonra ustaya nə qədər lazımsa pul verdi. Usta həmin pula tikinti ləvazimatını aldı, çoxlu fəhlə tutdu, evi tikməyə başladı.

Bir aydan sonra saray hazır oldu. Çimnaz sərrafbaşını çağırtdırıb saraya lazım olan şeylər qul, qaravaş da aldı.

İndi sizə xəbər verim Əhməddən.

Əhmədgil az getdilər, üz getdilər, dərə-təpə düz getdilər. Şəhərə çatanacan axşam düşdü, Əhmədgilin karvanı şəhərin kənarında gecələməli oldu. Əhməd Rəhimin yanına gəlib dedi:

- Mən burada qalmağı məsləhət görmürəm. Nə təhər olursa-olsun, şəhərə girmək lazımdır.

Rəhim dedi:

- İndi axşamdı, şəhərdə mənzil tapa bilmərik. Gərək burada qalaq.

Əhməd dedi:

- İndi ki, qalmalı olduq, gərək gecəni yatmayıb keşik çəkək.

İndi sizə kimdən deyim, kimdən xəbər verim, bu şəhərin padşahından. Padşahın iki arvadı var idi. Onun birinci arvaddan övladı olmurdu. İkinci arvaddan isə bir oğlu var idi. Birinci arvad həmişə о birinə paxıllıq edirdi. Bir yol tapıb uşağı aradan götürmək istəyirdi. İşin tərsliyindən elə həmin gecə övladı olmayan arvad fürsət tapıb uşağı öldürdü, meyitini torbaya qoyub götürdü. Paltarını dəyişdirib şəhərdən çıxdı. Şəhərin kənarında bir böyük karvan gördü və torbanı karvanın yükləri arasına qoyub qaçmağı qərara aldı.

Bu vaxt Əhməd yatmayıb növbə çəkirdi. Birdən uzaqdan bir qaraltının karvana tərəf gəldiyini gördü. Baxdı ki, gələn adam əlindəki torbanı yüklərin arasına qoyub qaçmaq istəyir. Əhməd əl atıb gələn adamı tutmaq istədi, lakin əlinə arvadın hörüyü keçdi və bərk-bərk hörükdən yapışdı. Arvad nə qədər yalvardı ki, onu buraxsın, Əhməd buraxmadı. Arvad gördü ki, işin üstü açılacaq, tez cibindən bıçağı çıxarıb hörüyünü kəsdi.

Hörük Əhmədin əlində qaldı, arvad isə qaçıb canını qurtardı. Arvad tez saraya qayıdaraq yatağına girib yatdı. Sabah olan kimi uşağın anası durub uşağı yerində görmədi. Padşaha xəbər göndərdi ki, uşağı gecə aparıblar.

Padşah əmr elədi ki, qalanın qapısı açılmasın, hər yer axtarılsın və şəhərə adam buraxılmasın.

Şəhərin hər yerini axtardılar, amma uşağı tapa bilmədilər.

Sizə kimdən xəbər verim, padşahın vəzirindən. Bu vəzir çox ağıllı və dünyagörmüş idi. Bu xəbəri eşidən kimi tez padşahın sarayına gəldi. Uşağın yatdığı yerə baxdı ki, görsün bir iz tapa bilirmi. Uşağı öldürən ärvad köhnə paltarı yadından çıxarıb gizlədə bilməmişdi. Vəzirin ağıllı bir iti var idi. İndi də vəzir otaqda köhnə paltarı görən kimi xəbər göndərdi ki, həmən iti gətirsinlər.

İti gətirdilər. Vəzir itə paltarı iylətdi və sonra it hara getdisə, onunla getdi. İt gəlib qalanın qapısına çatdı və hürməyə başladı. Vəzir tez əmr etdi ki, qapını açsınlar. Qarovulçu açmaq istəmədi. Vəzir qarovulçunu tutub əl-qolunu bağladı və qapını açdı. İt düz karvan olan yerə gəldi və yükləri iyləməyə başladı. İyləyə-iyləyə törbanı tapdı. Karvanda olan adamların hamısını tutdular və torba ilə birlikdə padşahın hüzuruna gətirdilər. Padşah əmr etdi ki, karvandakıların hamısını zindana salsınlar. Əhməd irəli gəldi, qoltuğundan hörüyü çıxarıb dedi:

- Sizin uşağınızı öldürən bu hörüyün sahibidir.

Padşah hörüyü görüb təəccübləndi ve soruşdu:

- Bu hörük nədir?

Əhməd dedi:

- Gecəyarısı mən yatmayıb qarovul çəkirdim ki, mallarımıza dəyən olmasın. Birdən gördüm ki, bir nəfər karvana yaxınlaşır. Mən yavaş-yavaş irəli gəlib gördüm ki, həmən adam əlindəki torbanı yüklərin arasına gizlədib qaçmaq istəyir. Mən onu tutmaq istəyəndə hörükləri əlimə keçdi. Mən də hörüklərdən bərk tutdum. Nə qədər elədisə əlimdən qaçsın, olmadı. Onda bıçağını çıxarıb hörüklərini kəsdi və əlimdən qaçdı. Ona görə deyirəm ki, hər nə edibsə, bu höruyün sahibi edib. Bizdə təqsir yoxdur.

Padşah əmr elədi ki, sarayda olan arvadların hamısının hörüklərinə baxsınlar və görsünlər kimin hörüyü yoxdur. Axtarıb xəbər gətirdilər ki, böyük arvadının hörükləri kəsilib.

Padşah əmr etdi ki, onu hüzuruna gətirsinlər. Arvadı padşahın hüzuruna gətirdilər. Padşah gördü ki, doğrudan da arvadın hörükləri kəsilib, ondan soruşdu:

- Hörüklərin niyə kəsilib?

Arvad cürbəcür bəhanə gətirdi. Axırda boynuna aldı ki, mən eləmişəm.

Padşah cəllada əmr elədi ki, arvadın boynunu vursun. Əhmədgili azad edib tacirbaşıya tapşırdı ki, onların mallanı yaxşı qiymətə satsın, özlərinə isə karvansarada yer versin.

Rəhim bu bəladan qurtarmağına çox sevindi və Əhmədə dedi:

- Nəyim varsa, yarısı sənin olsun, çünki mənim sağ qalmağıma sən səbəb oldun.

Rəhimgilin mallarını padşahın karvansarasına gətirdilər. Tacirbaşı tacirləri çağırıb onların mallarını satdırdı, əvəzində lazım olanı aldılar. Sonra isə xudahafizləşib yola düşdülər.

Əhmədgil karvanla az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib öz şəhərlərinə çıxdılar. Əhməd dəvələrini ayırdı və Rəhimlə xudahafizləşib evlərinə tərəf yollandı. Evlərini nə qədər axtardısa, tapa bilmədi. Gördü evlərinin yerində bir saray tikilib ki, gəl görəsən. Əhməd burada qalsın, sənə xəbər verim Çimnazdan.

Əhməd evlərini axtaran vaxt Çimnaz pencərədən gördü ki, küçədə çoxlu dəvə karvanı dayanıb. Göz gəzdirdi, gördü Əhməd durub təəccüblə saraya baxır. Tez qullarından birini göndərib Əhmədi saraya çağırdı. Əhməd saraya daxil oldu. Anası gəlib Əhmədi bağrına basdı, sonra isə Çimnaz gəlib Əhməd ilə görüşdü. Əhməd Çimnazdan soruşdu:

- Bəs bu sarayı kim tikdirib?

Çimnaz dedi:

- Mən.

Əhməd çox şad oldu. Çimnaz sövdəgərbaşıya xəbər göndərib çağırdı. Sövdəgərbaşı gəlib salam verib dedi:

- Nə qulluğunuz var?

Çimnaz dedi:

- Apar bu karvanı filan karvansaraya. Sabah Əhməd gələr, qiymət qoyub malları verər.

Sövdəgərbaşı karvanı sürüb karvansaraya apardı və orada yerbəyer elədi.

Əhməd axşam rahatlandı. Səhər tezdən mallara qiymət qoyub sövdəgərbaşıya verdi və pullan alıb evə gəldi.

Orada belə adət var idi ki, sövdədən gələn adam gərək padşah üçün pay aparaydı. Çimnaz da adət üzrə pay xonçası düzəltdi və nar dənələrindən üçünü də xonçanın üstünə qoydu. Əhmədə tapşırdı ki, payı padşaha verəndən sonra padşahı vəzirləri ilə sabah qonaq çağırsın. Əhməd aparıb padşaha xonçanı verdi. Padşah örtüyü qaldırıb, gördü ki, burada üç dənə çox qiymətli daş var ki, beləsi heç onun xəzinəsində də yoxdur. Əhməd padşahdan xahiş elədi ki, sabah vəzirləri də götürüb ona qonaq gəlsinlər.

Əhməd evə gəldikdən sonra Çimnaz soruşdu:

- Padşahı sabah bizə qonaq çağırdın?

Əhməd dedi:

- Bəli, sabah gələcəklər.

Çimnaz tədarük gördü. Səhər qonaqlar gəldilər. Çimnaz Əhmədə tapşırdı ki, yeməkdən sonra padşahı onun otağına dəvət etsin. Qonaqlar yeyib-içdikdən sonra getməyə hazırlaşdılar. Onda Əhməd padşahdan o biri otağa gəlməsini xahiş etdi. Padşah durub o biri otağa keçdi. Çimnaz pərdənin dalından padşaha dedi:

- Padşah, evi arvad saxlar, ya kişi?

Padşah çox təəccüb edib soruşdu:

- Bu söhbət arvadımla mənim aramda olub. Bunu sən haradan bilirsən?

Çimnaz pərdənin dalından çıxdı, atasını qucaqlayıb dedi:

- Mən sənin qızınam, bu da Tənbəl Əhməddir. İndi bil ki, evi arvad saxlar.

Göydən üç alma düşdü, biri nağıl deyənin, biri qulaq asanın, biri də mənim.