Təpəgöz Ləzgi

Rəvayətlər. Təpəgöz Ləzgi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Atam tacir idi. Danışır ki, mal satmaqdan gəlirdik. Dəryada gəmimiz qərq oldu. Mən iki yoldaşımla bir taxta üzərində qaldıq. Bir ay biz həmin taxdanın üzərində üzdük, sonra gəlib bir adaya çıxdıq. Sonra adadan köçdük.

Dağı aşıb gördük ki, burada çoxlu mal-qara var. Bu mal-qara bizi görən kimi mələşdi. Sən demə, bura Təpəgöz Ləzginin yeridi, bu mal-qara da onundu. Bir də baxdıq ki, bir adam gəlir. Təpəsində bir gözü var, bu da Təpəgöz Ləzgidi. Gəlib üçümüzü də tutub apardı. Bir mağaraya saldı, ağzına yekə bir dəyirman daşı qoydu. Sabah bu Təpəgöz Ləzgi gəlib bir ocaq qaladı, əvvəl bir yoldaşımızı şişə taxıb möhkəm qızartdı, yedi. Sabah gəlib o birini yedi, o biri gün növbə mənə gəldi. Mən tez bir şiş qızdırdım, ondan əvvəl onun təpədəki gözünə soxdum. Təpəgöz Ləzgi öldü. Tez burdan çıxdım. Gəlib şəhərə çatdım. Şəhərdə heç kəs yox idi. Bir az gəzdim, gördüm ki, ağacın dalında bir kişi gizlənib, onu çağırdım. Kişi gəldi. Dedim, a kişi, niyə gizlənibsiniz, bu şəhərin camahatı hanı, hara gediblər. Kişi dedi ki, hamı Təpəgöz Ləzginin əlindən gizlənib. Dedim ki, a kişi, Təpəgöz Ləzgini öldürdüm.

Kişi bunu eşidən kimi çox sevindi, padşaha xəbər apardı. Hamı sevinib bayram elədi. Şah öz qızını mənə verib qırx gün toy etdi.

Mənbə

redaktə