Təqvalı kəs, sevgini-söhbəti vacib qılar

Təqvalı kəs, sevgini-söhbəti vacib qılar! (1993)
Müəllif: RAUF CAVAD

Namaz, iki sevgili arasında söhbətdir,
Söhbət şirin, sevgi xoş, isti münasibətdir.

Əgər sevgin oyanarsa, söhbət xoş yaranar,
Şirin söhbət edərkən, arzu-istək dolanar.

Arzu diləkdən, ədəb-ərkan meydana gələr,
Ədəb, düşüncədə yol, mərifətə çevrilər.

Haqq yolda mərifət, özündə təqva yaradar,
Təqvalı kəs, sevgini-söhbəti vacib qılar!

İki sevgilini, xar şeytan pusquda izlər!
Sevgi arasına, kin toxumu səpmək dilər!

Qurar min cür oyunu, sevgini bölmək istər!
İblis, sənin sevgini alıb yox etmək istər!

Adəm oğlu, tez tələs! Yaxşını pisdən ayır!
İllər ötür, ömür qısalır, ölüm gün sayır!

Zaman daralır xeyirə tələs! Ruh qaralır!
İnsan güc-qüvvəni, məhəbbət-sevgidən alır!

Tələs! Röyadan ayıl! Sevgin, əməl bulanır!
Adəmi səcdəyə layiq bilmir, İblis danır!

Adəm və İblisin savaşı hələ bitməyib!
Sanma ki, həqiqət aşikar-zühur etməyib!

Azan, çağırır düzgün ibadətə-namaza!
Göstərir zalımın zülmünü, cahil-qanmaza!

Namaz verir hesabat, eşqin tamını dadır!
Zaman gəlir! Tələs! Rauf sevgi, nur yaradır!