Tər sinəsinə
Müəllif: Aşıq Hüseyn Bozalqanlı

Təbib təbiətdən yazım gələndə,
Saldı qələmini tər sinəsinə,
Dedim elm oxuyam, kamala çatam,
Alim də oxutdu dərsi nəsinə.

Yaxşılar pis işi tərk edə gərək,
Xəstə şəfalansa dərk edə gərək,
Tər gəzən, dünyadan tər gedə gərək,
Tər gül də qoyula tər sinəsinə.

Dönməz namərd mərdə yara yetirsə,
Təbib neştər vurar yara yetirsə,
Hüseyn, həsrət əlin yara yetirsə,
Öləndə baş söykə tər sinəsinə.