Təraneyi-əsilanə
Təraneyi-əsilanə Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 91. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Nə soxulmusan arayə, a başı bəlalı fə’lə?!
Na xəyal ilə olubsan belə iddialı, fə’lə?!
Sənə dinmədikcə, əbləh, azıxıb yolun çaşırsan,
Qapıda dayanmayıb da, zala doğru dırmaşırsan,
Qara fə’lə olduğunda bəyü xanla çulğaşırsan,
Bəyə bizdə görməyirsən bu qədər cəlalı, fə’lə?!
Nə çığır-bağır salırsan, yorulub usanmayırsan,
Ədəb ilə öz məqamın tanıyıb dayanmayırsan,
Hələ köhnə paltarından qızarıb utanmayırsan,
Başına qoyub gəlirsən yekə bir motalı, fə’lə?!
Buna bax, bu sir-sifətlə danışır da bir ibarə!..1
Gözüm ağrıyır edəndə bu qırılmışa nəzarə…
Gətirib buraxdı kimlər buları bizim diyarə?
Nə bilim haralı kasıb, nə bilim haralı fə’lə?!
Belə idi adət əvvəl, bəyə yalvarardı kasıb,
Nücəbaləri görəndə ayağa durardı kasıb,
İki qat olub, ədəblə bəyə baş vurardı kasıb,
Var idi vəfalı kasıb, var idi həyalı fə’lə!
Dəyişib zəmanə imdi, dolanıb bütün ümurat,
Ayağı çarıqlılar da gəlib istəyir müsavat!..
Belə əsrdə məişət bizə xoş keçərmi, heyhat?!
Ayılıb yatan cəmaət, göz açıb qapalı fə’lə!
Adə, fə’lə, sən get əlləş, sana günlərin ay olsun,
Get olarla söz danış kim, sənə fəqrdə tay olsun,
Bəşəriyyət aləmindən nəyinə görə pay olsun?
Bu deyilmi baş-qulağın, a başı havalı fə’lə?!