Tərcümanı oxuyanda

"Tərcüman"ı oxuyanda
Müəllif: Üzeyir Hacıbəyov
Mənbə: Hacıbəyov Ü. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1985. 653 s. səh.331-333


Bundan sonra, əzizim oxucu, bundan sonra fikrimdə var ki, bir müddət ağzımı açıb daha danışmayam. Bilirəm ürəyində deyəcәksən ki, çox da yaxşı olar.

Elə mən özüm də deyirəm ki, çox da yaxşı olar, çünki özünüz arif adamsınız, çox yaxşı bilirsiniz ki, bu dünya elə bir dünyadır ki, görürsən, hər sözün üstə adam adamdan inciyir, adam adama ləc düşür və bir-birini görəndə dəvə nalbəndə baxan kimi baxır. Sözün doğrusu, mən nə nalbənd olmaq istəyirəm, nə də dəvə. Ona görə də elə bu gündən belə daha danışmayacağam.

Bəs nə qayıracağam?

Adam danışmayanda nə qayırar?

Qulaq asar. Mən də qulaq asacağam.

İndi bu saat mən qulaq asıram. Bu tövr qulaq asıram ki, "Tərcüman" qəzetini əlimə alıb, 27-ci nömrəsini oxuyuram və görürəm ki, bu cürə sözlər yazılıbdır:

"…. Bu üsuli-idareyi-qəbihənin məğdudiyyəti arasında Sarbonda öldürülən dilmanc Rüşi paşayı, Taifdə boğdurulan Midhət paşayı, Losbos cəzirəsində zəhərlənən Sadiq paşayı zikr etməkdən keçəlim…."

Birdən elə bilərsiniz ki, bu sözləri mən deyirəm, ha! Əsrəğfürullah. Nə borcuma qalıbdır?!

Hə, görək ta nə yazır:

"Bunların üçü də əvvəllərdə sədri-əzəm idi. Səfvət paşa, Arif paşa zərurət və həqarət içində can verdi. Bunlar da sədri-əzəmlik etmişdilər. Sədulla paşa cəbr ilə Vyana elçiliyində olduğu zaman irtəhal etdi. Dedilər ki, o özü-özünü öldürdü…."

Bax, əzizim oxucu! Fikir eləmə ki, bu sözlər mənimdir, Ha! Mən danışmıram. Danışmaram, ayrı sözlər danışaram. Məsələn, deyirəm ki, bu gün hava mötədildir. Bazarda armudun girvənkəsi çox bahadır. Allah eləsin, sabah yağış yağmasın. Murtuza Vəli oğlunun iti bizim pişiyi boğdu. Qərəz, bu cürə…. Hə, görək ta nə yazılıb:

Muzrus paşa iyirmi sənəlik Londra səfarətindən sonra Yeni türkləri kafi dərəcədə axtarmayıb deyə Məçhura qovuldu. O əsgəri olan Hüseyn paşa bir gecə birdən-birə öldü. Səbəbi--vəfatının təhqiqi üçün heç bir həkim çağırılmadı. Türkeyi-cədidənin ən böyük şairi Kamal bəy Midillidə sürgündə vərəmdən vəfat elədi…."

Pah atannan yeri! Nədəndirsə, adam qəzet oxuyanda, görürsən ki, yuxusu gəlir. Mənim ağlıma görə, bir adamın yuxusu qaçanda xabgər əvəzinə qəzet oxusun, lap tez yatar. Bəli, görək "Tərcüman" ta nə yazır:

"Nəsrən yazı yazmaqda ən sahibi-şöhrət adamlardan Səit bəy bu gün Yəməndə çürüyor. Ərkani-hərb və dövlətin ən ali zabitlərindən--sərəsgərlərdən böyük Ali paşa, damadı Nazim paşa Ərzurum zindanlarında, Fuat paşa Şamda müstəhkəm bir qələ içində sürünüyor…. Türk-rus müharibəsində ən ziyad iqtidar göstərən üməradan Süleyman paşa Bağdada sürüldü və sonra orada iradeyi-şahanə ilə öldürüldü…."

Möhtərəm oxucu, bəzi vaxt mənim ağlıma bu cür şeylər gəlir: Birdən dünyada nə ki ölü var, hamısı dirilə, onda bəs dirilər nə qayırar? Mənim ağlım kəsir ki, onda aralığa çox bərk bir dava düşər. Amma allah göstərməsin, yoxsa arvad-uşaq ayaq altında itər-gedər!

Əşi, çox fikir adamı dəli elər. Qoy "Tərcüman"ımızı oxuyaq, görək ta nə var:

"Polonya qəhrəmanı Qazi Osman paşa Yıldızdakı altun qəfəsdə illəti-qəlbiyyədən vəfat elədi…."

Sözün doğrusu, ta dalını oxuya bilmirəm, çünki bir qədər xasiyyətim pisdir, qoy qalsın….