Tərsi-tərsinə
Müəllif: Aşıq Məhərrəm Alçalı
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab) (az). Elm və təhsil (2018). Orijinal mənbədən 2018-06-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-06-01.

Dağlar al geyinib, ellər qırmızı,
Hüsnün zinət verir tərsi-tərsinə.
Aşıq deyər, qəddi tər,
Libası tər, qəddi tər.
Bu gün bir hikmət gördüm –
Mürdəsində qədd itər.
Qoy söykənsin köynəyinə qəddi tər,
Sinən tərdi, köynək tərsi-tərsinə.

Mərd igidlər çörək verər, hey alı,
Namərd sənsən, çörək səndən həyalı.
Aşıq deyər, həyalı,
Gözəl gəzər həyalı.
Bədəsil əsil olmaz,
Əsil olan həyalı.
Yornuq maral otlar, gəzər hey yalı,
Ülkər ovçusundan tərsi-tərsinə.

Məhərrəm, aç gözün həyat içində,
Dolan, gəz cahanı həyat içində.
Aşıq həyat içində,
Xalın həyat içində.
Bir canlıdı, bir cansız,
On baş həyat içində.
Qapısız-bacasız həyat içində,
Götürüb qoyarlar: tərsi-tərsinə.