Tərsinə döndü

Tərsinə döndü
Müəllif: Əli Bimar

Tərsinə baxışlı “Tərsa ceyranım”,
Bəs nədən ilqarın tərsinə döndü?
Tərsinə oxuyub tərsə yazıram,
Gen dünya başıma tərsinə döndü.

Bəs belə deyildin, zalım əzəldən?
Vəfasızsan, daha əlin üz əldən.
Tərsə sual etdim, “Tərsa gözəldən”,
Tərsə çevrildi, tərsinə döndü.

Sağalmaz, məndə var bir yara, pünhan,
Baqi qaldı sinəm içrə bir zaman.
Tərsinə yollandı yarı-mehriban,
Gördü ki, xoş günüm tərsinə döndü.

Aləm fəryadımdan zinhara gəlib,
Həsrətin çəkməkdən canım incəlib.
Tərsinə əsəndə badi-müxalif,
Rəqs etdi telləri, tərsinə döndü.

Deyərdim:-Səninlə mənim xəyalım,
Ölüncə ayrılmaz, nainsaf-zalım.
Tərsinə boylandı sərxoş maralım,
Mənim də xəyalım tərsinə döndü.

Bimarın məqsədi sənə əyandı,
Atəşin sinəmdə sönməz ta, yandı.
Sol məmən mənimlə çox mehribandı,
Sağ məmən diksindi, tərsinə döndü.