Bəd gəlib taleyim, iqbalım mənim,
İftida səfərim tərsinə gedər.
Aşıq, tərsinə gedər,
Dönər tərsinə gedər.
Nütvədən kamil olan,
Haçan tərsinə gedər?
Sinəmdə çəm olub, çarəsiz yara,
Artıbdı azarım tər sinə gedər.
Görmüşəm şikarı qarın içində,
Səyyadam, gəzirəm qarın içində.
Aşıq, qarın içində,
Səyyad qarın içində.
Düşdüm şikar dalına,
Dağda qarın içində.
Çatmışam bərəyə qarın içində.
Yol alıb şikarım tərsinə gedər.
Ay Muxayıl, açılıbdı lala, bax,
Bad[1] əsəndə nə çalxanır lala bax.
Mən aşiqəm, lala bax,
Dili dönməz, - lala bax,
Bir əlində qızıl gül,
Bir əlində lala, bax!
Məni görcək necə döndü Lala bax,
Dönüb bey ilqarım tərsinə gedər.
6 avqust 1942-ci il