Təzə kitab
Təzə kitab (1904) Müəllif: Firudin bəy Köçərli |
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s. |
Türk dilində, Azərbaycan şivəsində təzə bir kitabın ədəbiyyat xəzinəmizə daxil olmasını kəmali-iftixar ilə izhar edirik. Məzkur kitabın Avropa ədəbiyyatının ən müqtədirlərindən bulunan ingilis şairi-məşhuru Şekspirin asari-ədidəyi-məqbuləsindən "Otello"nun qisseyi-pürqüssəsinin tərcüməsidir. Mütərcimi Haşımbəy Vəzirovdur ki, ərbabi-qələmimizdən hesab olunub, onun "Evlənmək — su içmək deyil" adında yazılan komediyası neçə dəfə Qarabağda oynanıb, tamaşaçıların təhsin və tərifini cəlb etmişdir. Şekspir kimi böyük şair və tragediya (faciә) yazmaqda ədibi-binəzirin əsərini bizim kasıb və rəkik dilimizə tərcümə etmək filhəqiqə böyük hünərdir və biz kəmali-cürət ilə deyə bilərik ki, cənab Vəzirov öz öhdəsinə götürdüyü mühüm əmri layiqincə yerinə yetiribdir. Məzkur tragediyanın məzmunu ilə hörmətli "Şərqi-Rus"un oxucularını aşna etməyi burada müvafiq görürük.
Qədim əsrdə indiki İtaliya dövlətinin təhti-idarəsində olan Venetsiya şəhəri məxsusi bir dövlət olub, cəmi dünyada öz şöhrət və ticarəti ilə məşhur idi. Venetsiyanın işlərini senat dolandırırdı, padşahı yoxdu. Senat isə ibarət idi alinəsəb, dövlətmənd, ağıllı və insaflı əşxasın icmaindən. Bunların sədrnişini "doj" ləqəbi ilə məşhur idi. Dojun özünün artıq ixtiyarı yoxdu, ancaq senat qət eləyən işləri təsdiq edirdi. O vaxtlarda Venetsiya hər yerin adamları ilə alış-veriş edib, Şərq ilə Qərb arasında böyük bir ticarət mərkəzi hesab olunurdu və bu dövlət əksər övqat ətrafda sükunət edən əqvam və miləl ilə dava edərdi. O cəhətdən hər yerdə rəşid və qoçaq adamlar var idisə və hər kəs nam, şöhrət və dövlət təmənnasına düşürdüsə, Venetsiyaya cəm olunurdu. Bu vaxtlar Otello dəxi gəlib həmin şəhərə çıxdı. Otellonun əsli ərəbdir, Afrika qitəsinin şimal səmtində sükunət edən Marokko tayfasındandır. Bu tayfa indi də öz rəşadət və şücaəti ilə məşhuri-cahandır. Otello öz hünər və rəşadəti sayəsindən Venetsiya dövlətinə böyük qulluqlar və bimisl xidmətlər göstərmişdi və bunun əvəzində ona böyük mənsəb verilmişdi və hər yerdə onun hörməti və izzəti artıq idi. Amma bununla belə Venetsiya əhli, xüsusən əyan və əşraf bunu dəxi unutmazdılar ki, Otello əcnəbi millətdəndir, o nə qədər qoçaq və rəşid olsa, yenə onlar ilə bərabər ola bilməz — o qara ərəbdir…. Senatın üzvü vəzir Brabansionun Dezdemona adında bir qızı var idi ki, vəcihəyi-zaman və cəmiləyi-dövran, əql və ismətdə misl və bərabəri yox idi. Dezdemona Otelloya təəşşüq yetirir və onun eşq və məhəbbətinə səbəb Otellonun zahiri sifəti olmayıb, rəşadət və zirəkliyi olur. Belə ki, Otello tez-tez Brabansionun evinə gəlirmiş. Vəzir özü onun söhbətini çox sevərmiş. Otello başına gələn qəza-qədəri, pürxəta səfərlərini, dərya və quruda ittifaq düşən cəngləri, düşmənin əlinə əsir düşməsini və ondan xilasını fəsahətlə söylədikcə Dezdemona hər bir şüğlünü unudub huşi-guş ilə onun söhbətinə qulaq asardı. Axırda Dezdemona Otellodan təvəqqe eləyir ki, bu söhbətləri ona məxsusi və müfəssəl nəql eləsin və Otello başına gələn xatalı hekayətləri söyləyəndə, az ittifaq düşürdü ki, Dezdemonanın ahu gözlərində yaş görünməyə idi və həmişə nağıl tamam olanda dərin ah çəkib deyərdi: "Kaş allah məni də belə yaratmış olaydı" və Otellodan razılıq edib bunu da artırardı: "Hərgah sənin bir dostun bu tövr işləri tutmuş olsa idi, mən onu canü dildən sevərdim". Bu minval nazik və zərif ima və işarələr ilə öz məhəbbətini Otelloya izhar edərdi və Otello dəxi o aşiq olmağını bildirib, bir-birinə saf-dildən məhəbbət bağladılar.
Bir gecə Otellonun bədxahları qızın atasını yuxudan oyadıb ona xəbər verirlər ki, sənin qızın ismət və həyanı unudub qara ərəb ilə işrət etməkdədir. Brabansio bu əhvaldan ziyadə pərişan və qəzəbnak olub gedir senata şikayətə. Bu əsnada belə ittifaq düşür ki, osmanlılar Kipr (Qibris) cəzirəsinin üstünə hücum edirlər və senat Otellonu Kiprin valisi təyin edib, onu düşmənin müqabilinə göndərməyi qərar qoyurlar. Vəzir Brabansio şikayətə gələn vaxtı Otello dəxi məzkur işdən ötrü senata təklif olunur. Burada vəzirin şikayətinə artıq etina olunmayır və Dezdemona özü senatorların hüzurunda Otelloya olan məhəbbətini və onu özünə ərliyə qəbul etməsini kəmali-cürət və fəsahətlə təqrirə götürür.
Kipr cəzirəsində Otello ilə Dezdemonanın eyş və işrəti çox müddət çəkmir. Adamların düşməni şeytan hər zaman və məkanda insan libasına girib bəni-növi-bəşər arasında fəsad və inqilab törətməkdədir. Otellonun paruçiki Yaqo ki, onun ziri-dəstində qulluq edirdi, öz ağasından narazı idi. Narazılığına ümdə səbəb onun zatında olan cibilli şeytənət, büxl və həsəd idi və bundan əlavə, o öz ağasından bir işdən bədgüman olmuşdu. Və bir də Yaqo xahiş edirdi ki, Otello ona leytenantlıq mənsəbini versin. Amma Otello o mənsəbi Kassio adında özgə bir şəxsə həvalə etmişdi. Kassio isə çox gözəl, insaflı və qeyrətli bir şəxs idi ki, öz ağasına və onun xanımıma səmimi-qəlblə məhəbbət və iradət göstərirdi. Yaqo Kassionun gözəlliyini əldə böyük dəstaviz edib, cüzi vəsilələr ilə aralığa fitnə və fəsad salıb, onu öz istəkli zövcəsindən bədgüman eləyir və Kassio ilə Dezdemonanın mabeynində məhz ülfət və məhəbbət olduğunu qisim-qisim dəlillər ilə ərəbə sübut qılır. Yaqo öz arvadı Amaliyanı vadar edir Dezdemonanın dəsmalını oğurlamağa və Amaliya gedəndən sonra öz-özünə deyir: "Mən dəsmalı Kassionun otağına salaram, o da tapıb götürər, bədgümanlıqda lap cüzi əlamətdən böyük fəsadlar törər. Mən ərəbi zəhərləmişəm, onun xasiyyətindən ötrü bir yüngülcə bədgünanlıq çox böyük zəhərdir. Əvvəlcə o zəhər təsirsizdir. Elə ki, qana qarışdı, kükürd kimi yandırıcı olur". Bu hində ərəbi kənardan ona tərəf gələn görüb deyir: "İndidən sonra nə tiryək, nə bəng və nə də dünyanın bir dərmanı sənə dünənki rahat yuxunu qaytara bilməz". Amaliya dəsmalı oğurlayıb ərinə verir və əri də onu Kassionun otağına atır. Kassio dəsmalı tapıb çox heyrətə düşür ki, bu dəsmal nə sayaq və haradan onun otağına düşübdür və məlum ola ki, həmin dəsmalı Dezdemonaya Otello bağışlayıb. Ondan təvəqqe edilmişdi ki, onu yaxşı saxlasın, çünki anasının yadigarıdır. Buna binaən Dezdemona dəsmalı arayıb tapmayanda, ziyadə təşvişə düşmüşdü və hər kəsdən onun sorağını edirdi. Çün dəsmalı çox zərif və üstü gözəl çiçəklər ilə tikilmiş bir dəsmal idi. Kassio onu öz aşnası Biankaya vermişdi ki, onun mislini ona tikib versin. Yaqo şeytənət edib Otelloya deyir ki, Dezdemonanın sənə olan xəyanəti ondan naşidir ki, sənin əziz yadigarını öz sevgilisi Kassioya bağışlayıbdır. Bu xəbər hər şeydən artıq ərəbin namusuna toxunub intiqam almaq arzusu onun qəlbinə şöləvər olur. Yaqo ona söz verir ki, Kassionu öldürsün. O da Yaqoya deyir ki, mən öz bivəfa zövcəmi tikə-tikə doğrayacağam. Yaqo ona məsləhət görür ki, onu doğramasın və zəhərlə dəxi öldürməsin. Onu biüzm elədiyi yorğan-döşəkdə boğsun. Hirsli ərəb dəxi bu şeytanın vəsvəsəsinə firiftə olub öz istəkli zövcəsini boğub həlak eləyir. Nə qədər Dezdemona ona yalvarıb özünün pak və günahsız olmağını ona isbat edirsə, o qəbul etməyir. Biçarə Dezdemona gecənin yarısında can verən zamanı Yaqonun arvadı Amaliya oraya gəlib Kassionun yaralanmağını ərəbə xəbər verir və öz xanımının ah və naləsini eşidib, tələsik özünü onun üstünə salır və görür ki, canını təslim etməkdədir. Otellodan əhvalı bilib, başlayır onu danlamağa və ağzına gələn sözləri kəmfərasət ərəbin haqqında söyləməyə. Dezdemonanın pak və ismətli olmağını Otelloya sübut edib həqiqəti-halı və dəsmalın oğurlanmasını bişüur ərəbə bildirib, hər bir barədə öz mühil və müfsid əri Yaqonu müqəssirləndirir. Bu halda Yaqo dəxi oraya gəlib öz övrətinin sözlərini eşidəndə görür ki, işin üstü açılır və bir zərbə ilə övrətini həlak edir. Otello əhvalı biləndən sonra çox peşiman olur; və lakin bu peşimanlıqdan bir səmər olmadığını bilib, əvvəlcə Yaqonu və sonra özünü həlakə yetirir.
Bu ibrətamiz və riqqətəngiz faciəni ədibi-binəzir Şekspir ziyadə məharətlə tərtib və tənzim edibdir. Belə ki, səhnəyi-tamaşada neçə dəfə vəz olunmuş isə də, tamaşa edənləri ağladıb qəmnak qılmışdır. Bu tragediya nüktəamiz hissiyyati-aliyyə və əfkari-həkimanə ilə malamal olmağa binaən mütaliəsini hər əhli-savad müsəlman qardaşa səlah görürük.
Nəzərimizə gələn qüsurlardan bəzilərini burada göstərməyi dəxi lazım bilirik.
Əvvəla, cənab mütərcim dilin sadəliyini nəzərə alıb da kitaba elə kəlmələr daxil edibdir ki, onlar yalnız bir Qarabağda istemal olunur. Məsələn: "hasand" asan əvəzinə, "haçar" açar əvəzinə, "heylə" elə əvəzinə, "pikara" cüzi əvəzinə və habelə.
Və saniyən, bir para əlfaz və ibarələri cənab mütərcim eyni ilə rusdan türk lisanına tərcümə etməkləri ilə əsil mənanı dolaşdırıb çətinə salıbdır və bir neçə yerlərdə kalamdan əsla məna çıxmayır. Məsələn, 33-cü səhifədə: Yaqo — Xeyir, gözəl heç vaxt axmaq olmaz və axmaqlıq ona evlad sahibi olmağa mane olmaz. Yenə həmin səhifədə: Yaqo — Dünyada o çirkin və əqilsiz yoxdur ki, gözəl və əqillilər doğan axmaqlardan doğmasın. 37-ci səhifədə: Yaqo — Bundan əlavə cavan və gözəldir, hansılara ki, cahıllıq və axmaqlıq həmişə həmağuşdur, bu da qəribə çapıq şeytandır. Dezdemonaya bir qədər təsir edib…. 70-ci səhifədə: Otello — Dünyada hərgah xəncər, kəndir, od, dərin sular qalırsa, o bivəfalığa səbr edə bilməyәcəyəm, allah rizasına, tez yəqinlik verin.
Bu kəlmələrin çoxusu, necə ki, oxucular özləri müşahidə edirlər, əsla biməzmundur və əgər bəzində məzmun var isə, o da qəliz və bitərkib ibarə və əlfazlar ilə pərdələnibdir desək səhfimiz olmaz; və salisən, bir para eyham və kinayələr ki, rus dilində onların məxsusi mənaları var, türk dilində ola bilər ki, onlardan məna çıxmasın. Məsələn: 89-cu səhifədə: "Otello — Onu tikə-tikə eləyәcəyəm, o mənə buynuz qayırır?" Rus dilində flan arvad ərinə buynuz qoyubdur demək, ona işarədir ki, öz zövcü haqqında xəyanət edib, kənardan özünə aşna tutubdur. Amma türk dilində buynuz qayırmağın əsla mənası yoxdur. 95-ci səhifədə: "Bir damcı səbir", "zəhlə getmək barmağı" kimi istilahlar rus və ya sair dillərdə varsa da, bizim türk lisanında yoxdur.
Bununla belə, zikr olunan qüsurlar kitabı qiymət və hörmətdən salmayır, o çox gözəl və sadə dildə tərcümə olunubdur. Hər kəs mütaliə etsə başa düşər. Çap olunubdur Badikubədə; qələt və səhfləri çox azdır; fiyəti 50 qəpikdir. Talib olanlar mütərciminə rücu etsinlər: Şəhri-Şuşa, müəllim Haşımbəy Vəzirov.