Ta gəlməz (10.01.2021)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Soruşursan: “Ələsgərim hardadır?”

Gəl soruşma, “Ələsgərin” ta gəlməz!

Bəlkə çıxıb gələ bilmir, dardadır;

Şirindilin, diləzbərin ta gəlməz...


Dəyişibdir avtomata sazını,

Uzaqdadır, çəkə bilməz nazını.

Ta neyləyək, yazan yazdı yazını:

Yaz çiçəyi təzətərin ta gəlməz...


Neçə beton səngərləri yıxıbdır,

Nərəsindən düşmən canı çıxıbdır.

Zəfər tuğun ala dağa taxıbdır,

Yağı görməz həndəvərin, ta gəlməz!


Uca tutub nişanını-namını,

Yandırıbdır azadlığın şamını,

Başa çəkib şəhidliyin camını –

Qeyrətinə min afərin! Ta gəlməz...


Sərkərdəmiz qarantıdır zəfərin!

Ordumuzun əsgərinə afərin!

Yadındamı yurd həsrətli günlərin?

Keçmiş olsun! O günlərin ta gəlməz!