Tahir və Zöhrə
Tahir və Zöhrə Müəllif: Şifahi xalq ədəbiyyatı |
Dastan Mənbə: "Dastanlarımız: Tahir və Zöhrə" (PDF). Azərbaycan Aşıqlar Birliyi (az.). "Ozan dünyası" jurnalı, №4(19). 2014. 2016-08-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
ÜSTADNAMƏ
Gəlin sizə mən ərzimi eyləyim,
Aqil olan, bu dünyada var nədi?
Dünya bir bostandı, pozular gedər,
Çiçək nədi, yemiş nədi, bar nədi?
Bu dünyada çox-çox şirin mal olur,
Tamahkarın halı müşkül hal olur.
Qol burulur, qulaq batır, lal olur,
Qohum nədi, qardaş nədi, yar nədi?
Dəllək Murad, bu yollarda sürünnəm,
İndi gedişimdi, nə vaxt görünnəm?
Altım torpaq, üstüm də daş, hörünnəm,
İsti nədi, soyuq nədi, qar nədi?
Ustadlar ustadnaməni bir deməz, iki deyər, biz də deyək iki olsun, düşmənlərin gözü oyulsun.
Fürsət əldə ikən yaxşılıq eylə,
Həmişə əlində ixtiyar olmaz.
Gəl güvənmə dövlətinə, malına,
Mala, mülkə, ömrə etibar olmaz.
Dörd yanımız bağça ola, bağ ola,
Sinəm üştü düyün ola, dağ ola,
Bir kiçik ki, böyüyünə ağ ola,
Düşər el gözündən, bəxtiyar olmaz.
Ululu Kərimi axtaran tapar,
Bir könülü tikən min Kəbə yapar,
Sən çalış işini haqq ilə apar,
Haqdan qeyri kimsə sənə yar olmaz.
Ustadlar ustadnaməni iki deməz, üç deyər, biz də deyək üç olsun,
düşmən ömrü puç olsun.
Əzəl başdan sənlə sevda eylədim,
Çox da verdim sənə nəsihət, könül!
Əcəl meydanından, can bazarından,
Qurtarmaq lazımdı salamat, könül!
Hər məclisdə sən hərcayi söyləmə!
Xançal alıb bağrım başın teyləmə!
Daldalarda lafi-kəzaf eyləmə!
Saxla hərzə dilin amanat, könül!
Bir gün olar xeyir-şərlər seçilər,
Boya görə yaxşı xələt biçilər,
Bu dünyadan о dünyaya köçülər,
Abbas onda eylər şikayət, könül!
Ustad belə rəvayət edir ki, Qaraman şəhərində iki qardaş var idi.
Böyüyünün adı Hatəm Soltan, kiçiyinin adı Əhməd vəzir idi. Hatəm Soltan
Qaraman şəhərinin padşahı, Əhməd onun vəziri idi. Mal-dövlətləri bihədd,
cah-calalları bihesab idi. Ancaq heç birinin züryəti yox idi ki, öləndə
yerlərində qalsın. Əhməd vəzir adil, rəiyyətpərvər idi. Amma Hatəm Soltan
zalım, xunxarın biri idi. Əhməd vəzir fəqirə, füqəraya həmişə əl tutardı.
Ancaq övladı olmadığından həmişə bikef, qəmgin olardı. Günlərin bir
günündə Əhməd vəzir yenə də oturub övlad dərdi çəkirdi, bu zaman nurani
dərviş daxil olub, salam verdi. Əhməd vəzir salamın cavabını rədd edəndən
sonra, qalxıb dərvişin kəşkülünü aldı, içinə bir çəngə əşrəfi qoyub, dərvişə
qaytardı. Dərviş qoltuğundan bir alma çıxardıb, Əhməd vəzirə dedi:
- Al, muradın hasil olar, - deyib çıxıb getdi.
Əhməd vəzir almanı о tərəfə-bu tərəfə çevirdi, baxdı ki, ömründə bu
gözəllikdə alma görməyib. Heç dünya almasına bənzəmir. Əhməd vəzir
axşama kimi almaya tamaşa elədi.
Axşam rəxt-xabə girib yatdı. Gecənin bir aləmində gördü ki, evin bir
tərəfindən divar yarıldı, həmin alma verən nurani dərviş içəri girdi. Dərviş
üzünü Əhməd vəzirə tutub dedi:
- Ay Əhməd vəzir, dünən sana verdiyim almanı götürüb, gedərsən
Hatəm Soltanın hüzuruna. Almanı tən ortasından iki yerə bölərsən. Bir
parçasını sən yeyərsən öz arvadın ilə, bir parçasını da Hatəm Soltan öz
arvadı ilə yeyər. İnşallah hər ikinizin övladı olar.
Dərviş sözünü qurtarıb qeyb oldu, divar da ağız-ağıza gəlib, bitişdi. О
saat Əhməd vəzir hövlnak yuxudan ayıldı. Gördü heç kəs yoxdu, ancaq otaq
ətir, ənbər qoxusu verir. Anladı ki, yuxu görüb imiş. Bir qədər fikrə getdi.
Aranı dağa apardı, dağı arana gətirdi. Elə fikirdə idi ki, arvadı otağa daxil
oldu. Arvad bir о tərəfi iylədi, bir bu tərəfi iylədi, acıqlı-acıqlı dedi:
- Ey Əhməd vəzir, bu nə ətir, ənbərdi? Deyəsən günüz ibadət eləyib,
gecələr lotu-potularınan bir yerdə olursan?
Əhməd vəzir cavab verdi ki:
- Arvad, hövsələni yığ! Günah eləmə! Dünən bir nurani dərviş mənə bir
alma verdi ki, qardaşımla yeyək övladımız olsun. Bu ətir haman almanın
ətridi.
Arvad şad olub, hərəmxanaya getdi, Əhməd vəzir də qardaşnın hüzuruna
gəlib, əhvalatı ona nağıl etdi. Almanı ikiyə bölüb, birini qardaşının
bərabərinə qoydu, birini də özündə saxlayıb dedi:
- Ey qardaş, gəl bir şərt qoyaq, ondan sonra almanı yeyək.
Hatəm Soltan cavab verdi:
- Çox gözəl, nə şərtin var, söyləyə bilərsən.
Əhməd vəzir dedi:
- Qardaş, atanın üstündə övladın üç haqqı var. Birinci tərbiyə, ikinci
təlim, üçüncü evləndirmək. Bu üç məsələni vacibdi ata yerinə yetirsin.
Burda şərt qoyaq ki, əgər mənim oğlum, sənin qızın olarsa, sən qızını mənim
oğluma verərsən, yox, mənim qızım, sənin oğlun olarsa, mən qızımı sənin
oğluna verərəm.
Hatəm Soltan vəzirin fikrini bəyəndi, əl-ələ verib, əhd elədilər. Almanı
yedilər. Bir müddət gəlib keçdi, hər ikisinin arvadı hamilə qaldı. Əhməd
vəzir başladı yetim-yesirə, fəqir-füqəraya ehsan verməyə. Та ki, doqquz ay,
doqquz gün, doqquz saat, doqquz dəqiqə, doqquz saniyə tamam oldu. Hər
ikisinin arvadı bari-həmli yerə qoydu. Əhməd vəzirin bir oğlu, Hatəm
Soltanın bir qızı oldu. Bu uşaqlar hər ikisi bir-birinə о qədər bənzəyirdilər
ki, guya bir alma yarı bölünmüşdü. Məclis qurdular, şadlıq keçirdilər,
oğlanın adını Tahir, qızın da adını Zöhrə qoydular. Uşaqların hər ikisini
kamil dayələrə tapşırdılar.
Nağıl dili yüyrək olar. Vaxt dolandı, il keçdi, oğlanla qız yeddi yaşa
doldular. Bunlar elə gözəldilər, gözəllikdə bərabərləri yox idi. Əhməd vəzir
Hatəm Soltana xəbər göndərdi ki, uşaqların məktəb vaxtıdı. Hər ikisi də
həmrəy olub, uşaqları kamil bir mollaya tapşırdılar.
Uşaqlar bir yerdə məktəbə gedib-gəlirdilər. Bir oturub, bir dururdular.
Oyun vaxtı da uşaqlara qatışmayıb, bir küncdə söhbət elərdilər. Məktəbin
həyətində bir sərv ağacı var idi. Hansı tez gəlsə, onun dibində oturub, о
birini gözlərdi.
Deyirlər ki, bu məktəbdə bir də bir keçəl var idi. Bir könüldən min
könülə aşiq olmuşdu Zöhrəyə. Amma nə qədər əlləşirdisə, Zöhrə ona səmt
getmirdi. Bir gün yenə də onları bir yerdə görüb, tez özünü verdi mollanın
yanına ki:
- Molla, mənə de görüm, bura məktəbxanadı, yoxsa lotuxana? Tahir ilə
Zöhrə öpüşün səkkizini bir qara pul eləyiblər, onu da alıb-satan yoxdu.
Mola bunu eşidən kimi ayağa qalxdı, daban alıb düz Hatəm Soltanın
yanına getməkdə olsun, sizə xəbəri Tahirlə Zöhrədən verim. Tahirlə Zöhrə
vədə yerində şirin-şirin söhbət eləyirdilər. Molla özünü Hatəm Soltanın
yanına salıb, Tahirlə Zöhrənin sevişdiyini ona xəbər verdi, üstəlik də dedi ki:
- Qızınız yekəlib, həddi-büluğa çatıbdı. Onu bir də məktəbə buraxmayın.
Mən gəlib evdə ona dərs deyərəm.
Hatəm Soltan mollanın sözünə inandı. Elə ki Tahir ilə Zöhrə evə
qayıtdılar, Hatəm Soltan qızını qulluğuna çağırıb dedi:
- Qızım, bir də sən məktəbə getməzsən. Molla gəlib evdə sənə dərs
deyəcək.
Zöhrə atasına heç bir söz demədi, amma batində ürəyinə qan damdı. Elə
ki mənzilinə getdi, dizini qucaqlayıb oturdu fikir eləməyə. Anası evə gəlib,
gördü qızı fikir dəryasına cumub, soruşdu:
- Qızım, niyə bikefsən?
Zöhrə cavab verdi ki:
- Ana, xəstələnmişəm, başım ağrıyır.
Anası Zöhrəyə təsəlli verməkdə olsun, sizə kimdən xəbər verim, Tahirdən.
Sabah açıldı. Tahir Zöhrənin eşqilə yerindən qalxıb, əl-üzünü təmiz-təmiz
yudu, heybəsini alıb məktəbə tərəf yönəldi. Elə ki, vədə yerinə gəldi,
Zöhrəni görmədi, dizlərini qucaqlayıb, sərv ağacının dibində oturdu, Zöhrənin
yolunu gözləməyə başladı. Nə qədər gözlədisə, Zöhrə gəlmədi. Tahirin
xəyalına gəldi ki, bəlkə əmim qızı məni sınamaq üçün özü qəsdən tək məktəbə
gedib. Durub məktəbə gəldi. Gördü Zöhrə məktəbdə də yoxdu. Tahir
Mirzənin bir qardaşlığı varıdı, adı Xanlar xan idi. Özün yetirib onun yanına,
saz yerinə sinəsinə bir ağac basdı, aldı, görək Zöhrəni ondan nə cür soruşur:
Başına döndüyüm Xanların xanı,
Nədən hamı gəldi, Zöhrəm gəlmədi?
Haqq götürsün ortalıqdan yamanı,
Nədən hamı gəldi, Zöhrəm gəlmədi?
Axşam oldu, biz də keçdik adalar,
Könül dost yolunda salmış cidalar,
Məktəb uşaqları, mollazadalar,
Nədən hamı gəldi, Zöhrəm gəlmədi?
Başına örtübdü gülnaz şalını,
Tərk eyləyib məktəbxana yolunu,
Xudam lal eyləsin molla dilini,
Nədən hamı gəldi, Zöhrəm gəlmədi?
Bu zaman molla içəridə idi, səsi eşidib ürəyində dedi: “Yaxşı, oxu, bu
saat gəlib atana od vuracağam”. Molla tez gəlib soruşdu:
- Kim idi oxuyan?
Keçəl tez ayağa qalxdı, mollaya göz basdı, barmağı ilə Tahiri göstərdi.
Özünü bildirməmək üçün zahirən dedi:
- Mən idim.
Molla əmr elədi, falaqqa-çubuğu hazır elədilər. Amma keçəl nə qədər
şuğul idisə, molla da о qədər küt idi. Keçəlin işarəsini başa düşməyibmiş.
Elə bildi ki, doğrudan da oxuyan keçəl imiş. Keçəlin ayağını falaqqaya
salmaq istəyəndə Tahir dedi:
- Molla əmi, falaqqanı qoy dnrsun. Oxuyan mən idim. Pis oxudumsa, izn
ver birini də oxuyuın.
Mollalar mollası, alimlər xası,
Bir ala gözlüyə aşiq olmuşam.
Silinibən getməz könlümün pası,
Bir ala gözlüyə aşiq olmuşam.
Tiği-qəmzələrin qəsd etdi cana,
Nola rəhm eyləsən məni tiflana.
Adı Zöhrə, özü yaşılbaş sona,
Bir ala gözlüyə aşiq olmuşam.
Tahir Mirzə, yerin olubdu gülşan,
Bad əsdi, zülflərin oldu Pərişan.
Ağ üzündə tamam xallar xoşnişan,
Bir ala gözlüyə aşiq olmuşam.
Molla əmr elədi, Tahirin ayağını qoydular falaqqaya. Molla dedi:
- Kim istəyir vursun?
Keçəl dedi:
- Mən.
Keçəl falaqqa-çubuğuynan Tahirin ayağına о qədər vurdu ki, ayağının
altı qabıqdan çıxdı. Keçəl əlini dayandırıb dedi:
- Tahir, bir də keçəlin yarının adını tutmazsan.
Tahir Mirzə yenə özünü sərv ağacının dibinə saldı. Əlini alnına verib,
fikir eləməyə başladı. Elə bir az oturmuşdu, Zöhrə özünü ona çatdırdı. Yeddi
hörük saçından bir tel ayırdı, sinəsinin üstünə basıb, görək nə dedi:
Mollamız getdi xavara,
Nə deyərsən, əmim oğlu?!
Atam çəkər bizi dara,
Nə duyarsan, əmim oğlu?!
Xəbərin yoxdu xəbərdən,
Getdi işləri dəbərdən,
Nə əmirsən ləb-şəkərdən,
Nə qanarsan, əmim oğlu?!
Başımdakı tirmə şaldan,
Uzümdəki qoşa xaldan,
Nə əmirsən ləbi-baldan,
Nə qanarsan, əmim oğlu?!
Səni məndən ayırdılar,
Dərdü qəmə doyurdular,
Səni sürgün buyurdular,
Sən gedərsən, əmim oğlu!
Hicran kotanın əkərsən,
Biçib xirmənə tökərsən,
Ah çəkərsən, yaş tökərsən,
Qəm çəkərsən, əmim oğlu!
Mən Zöhrəyəm, qələm qaşlı,
Gərdənim də qarğı saşlı,
Mən yazığı gözü yaşlı
Sən qoyarsan, əmim oğlu.
Zöhrə sözünü tamama yetirib dedi:
- Əmi oğlu, qəm yemə, inşallah kama çatarıq.
Bəli, bunlar ayrıldılar. Tahir ayağa qalxıb, axsaya-axsaya özün yetirdi
evlərinə. Qonaq otağının açarı cibində idi. Otağı açıb, daxil oldu otağa,
üzüqoylu yıxılıb, ağlamağa başladı, ta ki, axşam oldu. О biri tərəfdən atası,
anası gördülər ki, Tahir gəlmədi. Başladılar onu axtarmağa. Hər nə qədər
axtardılarsa, Tahirdən bir nişana tapa bilmədilər. Axırda anasının yadına
xaraba qonaq otağı düşdü. О saat otağa girdi, nə gördü: Tahir ağlayır. Anası
sual elədi:
- Oğul, nə üçün ağlayırsan?
Tahir dedi:
- Ana, sazımı mana ver. Dərdimi sana dil ilə desəm, dilim od tutub
yanar, saz ilə deyim. Aldı Tahir, görək anasına nə deyir:
Canım ana, gözüm ana,
Ana, mən qanlar ağlaram!
Südün əmdim qana-qana,
Ana, mən qanlar ağlaram!
Onunla keçirdi dəmim,
Artırdı dərd ilə qəmim;
Gedibdi Zöhrə həmdəmim,
Ana, mən qanlar ağlaram!
Tahir ağlar yana-yana,
Yana-yana yetdim cana;
Ahım çıxıb asimana,
Ana mən qanlar ağlaram!
Bu vaxt Əhməd vəzir gəlib çıxdı. Oğlunun ağlamağının səbəbini bilib
dedi:
- Oğul, nə fikir eyləyirsən? Qız elə sənindi. Sabah gedərəm, başına bir
yaylıq örtərəm, barmağına da bir üzük salaram, qurtarar gedər.
Tahir sakitləşib, sabahın intizarını çəkməyə başladı. Elə ki, sabah açıldı,
Əhməd vəzir yerindən qalxıb, üz qoydu qardaşının yanına getməyə. Gəlib
gördü qardaşı hələ yerindən durmayıb. Onun yanında əyləşdi.
Hatəm Soltan soruşdu:
- Qardaş, belə tezdən gəlməkdə məqsədin nədi?
Əhməd vəzir cavab verdi:
- Qardaş, özünə məlumdu ki, bizim uşaqlarımız barədə üç şərtimiz var
idi. Şərtə də vəfa etmək vəzifəmizdi. İndi oğlan da, qız da yetişiblər. Qızını
ver oğluma, əhdimiz yerin alsın.
Bu sözü eşitcək Hatəm Soltan qəzəblənib dedi:
- Qardaş, elə xam xəyallara düşmə! Yeddi it küçüyüm olsa, birini də
Tahir Mirzəyə vermərəm.
Elə ki, Əhməd vəzir bunu eşitdi, heç bir söz danışmayıb, bikef otaqdan
çıxdı. Fikir eləyə-eləyə evinə gəldi. Tahir atasının bikefliyini görüb, özünü
saldı mənzilinə, hönkür-hönkür ağlamağa başladı. Bunu ağlamaqda qoyaq,
bir neçə kəlmə Hatəm Soltandan danışaq.
Hatəm Soltan Əhməd vəzir gedəndən sonra fikir elədi ki, Əhməd vəzirin
hörməti xalq arasında məndən çoxdu. Tədbir ilə görülən iş güc ilə görülə
bilməz. Mən onu incitdim, gedib xalqı başına toplar, qızımı da, səltənətimi
də əlimdən alar. Ona görə, gərək hiylə ilə Əhməd vəziri də, Tahiri də
öldürəm, ondan sonra rahatca hökmdarlığımı eləyəm. О saat qapıçını
çağırıb, əmr elədi:
- Get, qardaşım Əhməd vəziri bura çağır!
Qapıçı gedəndən sonra cəllad Qasımı çağırıb dedi:
- Qapının dalında durarsan. Əhməd vəzir içəri girəndə boynunu elə
vurarsan ki, bir qətrə qanı da yerə düşməz.
Cəllad Qasım qılıncı alıb, qapının dalında durdu. Amma çox keçmədi ki,
cəllad Qasımın ürəyinə dağdağa düşdü. Özü-özünə fikir elədi ki: “Qasım,
sən dəlisən, nəsən? Bəlkə padşahın bu gün acığı tutub, sabah da acığı
soyuyacaq. Onda deyər ki, mənim acığım tutmuşdu dedim, sən niyə
qardaşımı öldürdün? Onda şaha nə cavab verərəm? Yaxşısı budu, mən
Əhməd vəziri öldürməyim, qoy özü öldürsün”. Bu vaxt Əhməd vəzir özü
gəldi, sağ-salamat keçdi Hatəm Soltanın otağına. Hatəm Soltan qardaşını
sağ-salamat görəndə az qaldı od tutub yansın. Paltarı geymək bəhanəsi ilə
göydən xəncəri aldı, özün Əhməd vəzirə yetirib onu fürsətdən salmaq üçün
dedi:
- Qardaş, qız alanın ya gərək bir çuval zəri ola, ya da zoru. Mən bir söz
deməklə sən nə üçün küsdün? Get şərbət ehtiyatı gör, qızımı verəcəyəm
sənin oğluna.
Belə deyib, lap yaxına getdi, Əhməd vəzirin ürəyinin başından qılıncı
elə sancdı ki, qılınc iki barmaq kürəyinin ortasından çıxdı. Əhməd vəzir о
saat canını tapşırdı, Hatəm Soltan cəllad Qasımı çağırıb dedi:
- Apar, bunun leşini at dənizə! Sonra da Tahir ilə anasını öldür, başını
mənim yanıma gətir.
Cəllad Qasım Əhməd vəzirin leşini aparıb dənizə atdı, özünü yetirdi
Tahir Mirzənin qulluğuna. Əl atıb onun yaxasından yapışdı, istədi boynunu
vursun. Tahir dedi:
- Ey cəllad, cəlladda da bir rəhm olar. Atamın çörəyin unudursan, barı
mənim cavan, nakamlığıma qıyma. Aldı görək nə dedi:
Aman cəllad, gəl rəhm elə,
Dərd məni alacaq oldu.
Malım, mülküm, külli varım
Kimlərə qalacaq oldu?!
Qardaşım yox deyə sözüm,
Anam yoxdu çəkə nazım,
Bu üstü sədəfli sazım
Bə kimlər çalacaq oldu?!
Mən Tahirəm, budu sözüm,
Belə dərdə necə dözüm?
Zöhrə xanım iki gözüm,
Bə kimlər alacaq oldu?!
Cəllad Qasımın Tahir Mirzəyə rəhmi gəlib, onu öldürmədi, buraxdı.
Gəlib şaha dedi:
- Tahir Mirzə eşidib ki, atasını öldürmüsən, qaçıb gizlənib.
Padşah car çəkdirdi ki:
- Hər kəs Tahir Mirzənin başını mənə gətirsə, onu dünya malından qəni
eləyəcəyəm.
Bunlar Tahiri axtarmaqda olsun, görək Tahir başına nə çarə qıldı.
Tahir qaçıb atasının xanə bağçasında gizləndi. Bir neçə gündən sonra
gördü ki, acından ölür. Durub bağçanın kənarına gəldi ki, görsün bir qədər
çörək ələ gətirə bilərmi? Nə qədər baxdısa, ağlı kəsən bir adama urcah
olmadı. Bir də gördü bir neçə adam yolla gedir. Adamlar Tahir Mirzəni
tanıdılar. Bir qocanın ona rəhmi gəlib dedi:
- Oğlum, Tahir, sən gəl Zöhrədən əl çək, bir başqasını al. Əgər əl
çəkməsən, padşah səni öldürdəcək. Tahir aldı, görək ona nə cavab verdi:
Əlləri hənalı bayram günündə,
Dostum bir nayranlıq verdi, hazarat!
Yardan ayrılmağı nəsihət etdi,
Bizə nə bayramlıq verdi hazarat?!
Məni şəddə kimi belə dolasan,
Ayrılmaram tikə-tikə doğrasan,
Yarıma qurbanam, əgər sorasan,
Ağ günü toranlıq verdi hazarat!
Dedim: Zöhrə, bax nə qara qaşın var...
Dedi: Tahir, bax nə müşkül işin var...
Dedim: mən xəstəyə nə yemişin var?
Bir cüt nar dərmanlıq verdi hazarat!
Gördülər Tahir haqq aşığıdı, dedilər:
- Allah səni sevgilinə çatdırsın!
Bunlar Tahirdən ayrılıb getdilər. Az keçdi, çox keçdi, bir də baxdı ki,
budu, atasının xərkanı bir neçə ulax yük aparır. Sevinib xərkanı səslədi.
Xərkan ona yavuq gəldi. Tahir Mirzə atasının duz-çörəyinə and verib dedi:
- Məni gördüyünü bir yerdə demə. Bir də mənə bir qədər çörək tap.
Bunu deyib xərkana bir ovuc da əşrəfi verdi. Xərkan şad olub, çörək
dağarcığını Tahirə verdi. Xərkan çox cuğul adam idi. Tahirdən ayrılan kimi
düz padşahın qulluğuna gəlib dedi:
- Qibleyi-aləm, nə verərsən Tahirin yerini sənə deyim?
Padşahın əmri ilə xərkanın dağarcığını qırmızı qızıl ilə doldurdular.
Xərkan çox şad olub macəranı şaha bəyan elədi. Şah о saat cəllad Qasıma
əmr elədi ki, gedib Tahirin başını kəsib gətirsin. Cəllad Qasım özünü yetirdi
xanabağçaya. Baxdı ki, Tahir sağında Məhəmməd, solunda Əhməd adlı
qulamları ilə oturub çarhovuzun başında, quru çörəyi suda isladıb yeyir.
Cəllad Əhmədlə Məhəmmədin yaxasından yapışdı, hər ikisinin başını toyuq
başı kimi kəsdi. Ondan sonra istədi Tahir Mirzəni də öldürsün, Tahir dedi:
- Ey cəllad, sən mənim atamın çörəyini yemisən, mənim nahaq qanıma
girmə! Məni apar Hatəm Soltan özü öldürsün.
Cəllad Qasım Tahirin yaxasından əl çəkdi, hər iki qolunu qısqıvraq
arxasında bağlayıb, qatdı qabağına, düz Hatəm Soltanın hüzuruna gətirdi.
Hatəm Soltan Tahiri görcək, əmr elədi ki:
- Tez bunu dara çəkin, ta ki, gözüm Tahir adlı insanı görməsin.
Tahir ağlaya-ağlaya dedi:
- Əmi, izn ver, bir neçə söz deyim, ondan sonra məni öldürsünlər.
Padşah dedi:
- Tez ol de görüm, nə deyirsən?
Aldı Tahir:
Zalım cəllad qollarımı bağladı,
Aman, Allah, imdad elə bu işə!
Xun cigərim çalın-çarpaz dağladı,
Aman, Allah, imdad elə bu işə!
Dörd tərəfim qara qanlar alıbdı,
Üstümüzdə şahlar şahı durubdu,
İndi bildim Əhməd vəzir ölübdü,
Aman, Allah, imdad elə bu işə!
Mən Tahirəm, viran oldu küllərim,
Dostum yoxdu, sora halımı mənim.
Sağımda, solumda öldü qullarım,
Aman, Allah, imdad elə bu işə!
Tahir baxıb gördü camaat yığışıb, məktəb uşaqları da, Zöhrə də gəlib,
bir tərəfdə dayanıb. Amma bir gilə yaş da axıb, Zöhrənin gül yanağında
durubdu. О saat aldı sazı, görək nə dedi:
Tayım, tuşum yığılıbdı yanıma,
Taqsırım yox, beygünaham, xan əmi!
Zalım cəllad nə susayıb qanıma,
Qəhrdən bükülüb belim, xan əmi!
Bu meydanda zülm həddən aşıbdı,
Atasız oğulun bağrı bişibdi,
Qızılgül üstünə şəbnəm düşübdü,
Mürğzar olubdu yollar, xan əmi!
Genə bizə zülm olundu xudadan,
Fəryadıma yetişmədi Yaradan.
Tahir ağlar: nakam getdim dünyadan,
Yaman olub indi hallar, xan əmi!
Hatəm Soltan qışqırdı:
- Artıq bunu söylətməyin! Tez işini görün!
Məktəb uşaqları və camaat qül-qülə eləyib dedilər:
- Ey padşah, ədalətinə güc eləmə! Bu nahaq qanı bizim üstümüzə tökmə!
Nahaq qan tökülən yerdə ot bitməz, su axmaz. Qızını vermirsən vermə.
Atasını öldürdün, ta özünü öldürmə! Yox, istəmirsən burda qala, qılıncın
işləyən yerdən kənar elə! Daha bu nahaq qanı bizim üstümüzə tökmə!
Hatəm Soltan gördü ki, camaat qoymayacaq Tahiri öldürsün, naəlac
qalıb dedi:
- Çox gözəl, sizin xatiriniz üçün onun qanından keçdim. Ancaq mənim
hökmüm cari olan torpaqda gərək durmasın. Çağırıb cəllad Qasıma tapşırdı:
- Tahir Mirzəni aparıb mənim qılıncım işləyən yerdən çıxardarsan.
Xəlvətcə də bərk-bərk tapşırdı:
- Öldürüb, qanına köynəyin bulayıb, mənə gətirərsən.
О tərəfdən Zöhrə xanım bir kisə əşrəfi cəllad Qasıma göndərib, sifariş
elədi ki: Tahir Mirzəni aparanda mənim otağımın qabağından keçir, bir
boyuna doyunca baxım, ondan sonra hara istəyirsən apar.
Cəllad Qasım yapışıb Tahirin əlindən, başladı Zöhrə xanımın imarətinin
yanından keçən yol ilə aparmağa. Elə ki Zöhrə xanımın otağının bərabərinə
yetişdilər, nə gördülər? Zöhrə xanım yaralı ahu kimi külafirəngidə boynunu
büküb, Tahirin yolunu gözləyir. Zöhrə dedi:
- Cəllad, səni and verirəm Allaha, bir qədər Tahir Mirzəni saxla, bir neçə
sözüm var, deyim, ta ki, ürəyimdə niskil qalmasın.
Bir qədər əşrəfi cəllad Qasıma tərəf atdı. Dünya tamah dünyasıdı. Cəllad
Qasım başladı qızılı yığmağa. Zöhrə xanım qara saçlarından iki tel ayırıb,
şəkər məmələrinin üstünə basdı, öz dərdi-dilini görək nə cür izhar elədi.
Aldı Zöhrə:
Zalım atam ol atamı öldürdü,
Ala gözlü xan Tahirim, yar, yeri!
Səni bu ölkədən sürgün buyurdu,
Qoy çəksin Zöhrə xan ah-zar, yeri!
Tahir Zöhrəni görən kimi ürəyi qana döndü. Sazı sinəsinə basıb, cavabında
dedi:
Atam öldü, bir iş gəlməz əlimdən,
Heç ağaclar gətirməsin bar, yeri!
Mən bülbülü ayırdılar gülündən,
Qoyma gəlsin gül yerinə xar, yeri!
Aldı Zöhrə:
Dolansın, dolansın, peymana dolsun!
Saralıb heyva tək gül rəngim solsun!
Atam özü zalım əlində qalsın!
Görüm olsun taxtı tarımar, yeri!
Bu vaxt yel vurdu Zöhrənin ənbərçəsini tərpətdi, Tahirin gözü Zöhrənin ağ
sinəsinə sataşdı. Dərdi cuşa gəldi, aldı, görək bu münasibətlə nə dedi:
Anadan olalı gülməyib üzüm,
Qürbət ölkələrdə mən necə dözüm?
Ənbərçin altından sataşdı gözüm,
Sinən ağdı, Savalanda qar, yeri!
Zöhrə xanımın fikrinə gəldi ki, bəlkə Tahir Mirzə ənbərçini nişan istəyir.
Aldı cavabında dedi:
Gedər oldun, ənbərçəni apar sən,
Elə bil ki, Kəbə evin yaparsan.
Ölkələrdə gözəl çoxdu, taparsan,
Qoy çəkər Zöhrə xan ahü-zar, yeri!
Aldı Tahir:
Ağlaram, gözümdən tökərəm qanı,
Fəryadıma yetsin xanların xanı,
Tahir seçib Zöhrə kimi tərlanı,
Qorxum budu: qucaqlıya sar, yeri!
Zöhrə ənbərçəsini çıxardıb, Tahirə uzatdı:
- Al, bu ənbərçəni yadigar saxla!
Tahir ənbərçəni ondan aldı, görək Zöhrə ilə nə cür halallaşdı:
Mən gedirəm, Allah səni saxlasın,
Ağlaya-ağlaya qal innən belə!
Əmanətin neçə-neçə məndədi,
Saxlaya bilmənəm, al innən belə!
Didərginəm, gəlməm mən buralara,
Axıb didəm yaşı, dönüb sulara,
Canım düçar olub çox bəlalara,
Hərdən-hərdən yada sal innən belə!
Tahir deyər: işim ahü-zar oldu.
Qaralandı gözüm yaşı, car oldu,
Dağıldı dövlətim tarımar oldu,
Atanı duzəxə sal innən belə!
Cəllad Qasım istədi Tahir Mirzəni aparsın, Zöhrə xanım ona dedi: Sən
Allah, Tahiri incitmə. Qoy bir bura çıxsın, sonra apararsan.
Cəllad Qasım Tahirin qollarını açıb, Zöhrənin yanına çıxartdı. Tahir
özünü Zöhrəyə yetirdi. Hər ikisi baş qoyub bir-birinin çiyninə, bir-birinin
gözlərinə baxıb ağlaşdılar. Cəllad Qasımın bunlara rəhmi gəlib dedi:
- Xanım, atan əmr eləyib ki, Tahiri öldür, köynəyini qanına bulaşdır,
mənə gətir. Bəs mən nə eləyim?
Zöhrə xanım bu sözü eşitcək içkəmiş maral kimi səksənib, özünü saldı
cəllad Qasımın ayağının altına. Əl atıb ətəyindən tutdu, yalvarmağa başlayıb
dedi:
- Aşiqin göz yaşına rəhm elə! Bizə zülm eləmə! Mən Tahirə bir dəst təzə
libas verim, bir qədər də sənə pul verim, sən bir qoyun al başın kəs, Tahirin
köhnə libasını qoyunun qanına bulaşdır, atama gətir. Tahiri də başqa bir
məmləkətə burax.
Cəllad Qasım bu tədbirdən şad olub, bir dəst libas, bir kisə də qızıl
götürüb, yola düşdülər. Gecə-gündüz yol gedib, Hatəm Soltanın qılıncı
işləyən yerdən çıxıb, başqa bir vilayətə yetişdilər. Bir meşənin kənarı ilə
gedirdilər, bir sürü qoyuna urcah oldular. Tahir Mirzə dedi:
- Bərəkətli olsun, ay çoban! Bizə bir qoyun satarsanmı?
Çoban baxdı, gördü bunlar bir abırlı adamdılar. Cavab verdi:
- Mənim qoyunum hamısı sizə peşkəşdi.
Çobandan bir qoyun aldılar, girdilər meşənin içərisinə. Bir çala qazdılar,
qoyunu kəsib, qanını çalaya tökdülər. Ondan sonra cəllad Tahir Mirzənin
köhnə libasını çıxarıb xəncərin ucu ilə parça-parça elədi. Qoyunun qanına
bulaşdırıb götürdü. Qoyunun ətini də kabab çəkib yedilər. Sonra Tahir Mirzə
ilə öpüşüb, vidalaşıb, ağlaya-ağlaya üz qoydu Qaramana, Hatəm Soltanın
qulluğuna.
Tahir üz qoydu qürbət elə. Bir müddət dolandıqdan sonra gəlib bir
xanabaxçaya çıxdı. Çox yorulmuşdu. Daxil olub xanabaxçaya, əyləşdi
çarhovuzun başında. Bu xanabaxça kimin olsun, Xanverdi sövdəgərin.
Xanverdi sövdəgər о Xanverdi sövdəgər idi ki, qırx tacirin başı olub, malı,
dövləti həddən ziyad idi. Özünün də gözünün ağı-qarası Nərgiz xanım adlı
bir qızı var idi.
Nərgiz xanımın on səkkiz yaşı var idi. Sövdəgər öz evində, başını qızı
Nərgiz xanımm dizi üstə qoyub yatmışdı. Tahir Mirzə xanabağçaya girib,
bağçanı seyr eləyəndən sonra Zöhrə xanımla keçirdiyi günlər bir-bir yadma
düşdü, dərdi tüğyan elədi, sazını sinəsinə basıb dedi:
Cida düşdüm vətənimdən,
Qan ağlar ellərim mənim.
Bülbülüm yox dallar üstə,
Boş qalıb güllərim mənim.
Ağır ellərim çəkildi,
Cavankən belim büküldü,
Nişansız üzə töküldü,
Pərişan tellərim mənim...
Tahir Mirzənin bu naləsi Nərgiz xanımın qulağına yetişəndə başladı
ağlamağa. Nərgiz xanım özünü unutdu, birdən onun bir gilə göz yaşı
atasının üzünə düşdü. Xanverdi sövdəgər diksinib, yuxudan ayıldı. Gördü
qızı Nərgiz xanım ağlayır. Qızından soruşdu:
- Qızım, nə üçün ağlayırsan?
Nərgiz xanım cavab verdi:
- Ata, çarhovuz tərəfdə kimsə yanıqlı-yanıqlı oxuyur. Onun üçün ürəyim
durmur, ağlayıram.
Xanverdi sövdəgər də qulaq asıb, gördü ki, qızı doğru deyir, oxumaq
səsi gəlir:
Fələk, mana sitəm oldu,
Saralıb, gül rəngim soldu.
Sağımda, solumda öldü
Nocavan qullarım mənim.
Xanverdi sövdəgər qızı Nərgiz xanımı götürüb, çarhovuza tərəf gəldi.
Nə gördü, on dörd gecəlik ay kimi bir oğlandı, əyləşib çarhovuzun başında
oxuyur:
Tahir Mirzə bu çağında,
Sinəsi Zöhrə dağında,
Qaldı hovuz ayağında
Sonalı göllərim mənim...
Tahir Mirzə bunları görən kimi ayağa qalxdı. Üz tutub, Xanverdi
sövdəgərə dedi:
- Əmi, məni bağışla! Yorğun idim, bağçanıza iznsiz girdim.
Nərgiz xanım Tahirin qəddi-qamətinə, gül camalına nəzər yetirib, aşiqidivanə
oldu. Xanverdi Tahirdən soruşdu:
- Oğlan, de görüm sən nəçisən, kimsən ki, mənim bağçama giribsən,
gecənin bu vaxtında belə yanıqlı-yanıqlı oxuyursan?
Tahir Mirzə öz şərhi-halım buna belə bəyan etdi:
Hatəm Soltan əvvəl atam öldürdü,
Viran oldu taxti-taracım mənim...
Məni о ölkədən sürgün buyurdu,
Sizlərə qalıbdı əlacım mənim...
Xanverdi sövdəgər dedi:
- Cavan, gedərsənsə, mən səni öz atanın ölkəsinə apararam!
Tahir Mirzə başını bulayıb, belə cavab verdi:
Gedə bilməm, bir iqrara bağlıyam,
Çar tərəfdən dügünüm var, dağlıyam.
Qaramanlı Əhməd vəzir oğluyam,
Yeddi eldən gəlir xəracım mənim.
Xanverdi sual elədi: Sürgün olmağına səbəb nə oldu?
Tahir Mirzə bütün əhvalatı Xanverdi sövdəgərə bəyan elədi. Xanverdi
sövdəgər Tahir Mirzəyə təsəlli verib dedi:
- Səni mənə Allah yetirib. Mənim oğlum yoxdu. Bircə qızım var,
Zöhrədən min dəfə gözəl. Onu alarsan, özün də mənə oğul olarsan.
Nərgiz xanım öz könlündə yeddi qurban nəzir elədi. Görək Tahir Mirzə
ona nə cavab verir:
Tahir Mirzə vəsmə yetirdi şözün,
Anadan olalı gülməyib üzüm.
Bu qarşımda duran vəfalı qızın,
Şahlar şahı bilir, о bacım mənim!
Nərgiz xanım bu sözü eşitcək qiyamət başına qopdu. Genə özünü
sındırmamaq üçün ayağından başmağı çıxarıb atdı, dedi:
- Çox fikir eləmə. Mənim ayağım çirk olsa, yenə də sənin üstünə
sürtmərəm.
Xanverdi Tahir Mirzəyə dedi:
- Oğul, indi ki, mənim qızımı özünə bacı elədin, sən oldun mənim
həqiqi oğlum. Gedək evimizə, kimi istəyirsən, sənə alacağam.
Elə həmən günün sabahı Xanverdi Tahiri götürüb bağa getdi. Tahirin
əlinə bir bel verib dedi:
- Mən suyu bərədən buraxım, sən ağacların dibini kəs.
Tahir birinci dəfə idi əlinə bel alırdı. Təbi cuşa gəldi, aldı, halına
münasib görək nə dedi:
Ay ağalar, gəlin sizə söyləyim,
Gör necə yad oldu ellər mənimlə.
Beli də veribsən mənim dəstimə,
Xub oynar dəstimdə bellər mənimlə.
Bağı gördüm, ağrı qalxdı başımdan,
Üzüm bar bağladı gözüm yaşından.
Qohum, qardaş, el dağıldı başımdan,
Gör necə yad oldu ellər mənimlə.
Mən Tahirəm, düyünlüyəm, dağlıyam,
Qürbətdə dərdimi kimə ağlıyam?
Aləm bilir, Əhməd vəzir oğluyam,
Tüğyan olub gedir sellər mənimlə.
Xanverdi sövdəgər Tahir Mirzəni də götürüb evinə gəldi. Nə qədər açarkilidi
vardı, Tahir Mirzəyə tapşırdı. Belə ki, Tahir Mirzə evin oğlu, sahibiixtiyarı
oldu. Bir neçə gün keçdi. Bir gün Xanverdi sövdəgərin yoldaşları
onun yanına gəlib dedilər:
- Ayə, Xanverdi, biz malımızı yeyib, mayaya da əl atmışıq. Daha
durmağın yeri deyil. Bir tərəfə gedib, bir qədər sövdə eləməliyik. Tay nə
qəmin var, Allah sənə oğul da yetirdi.
Xanverdi vaxtı təyin elədi. Tacirlər getdilər öz işlərinə. Xanverdi səfər
tədarükünü qurtardıqdan sonra qızı Nərgiz xanımı çağırıb dedi:
- Qızım, mən yeddi ayın vədəsinə səfərə gedirəm. Bütün açarları
tapşırmışam Tahir Mirzəyə. Al, bu bahar bağının açarıdı. Bunu özün saxla.
Nəbadə Tahir Mirzənin əlinə düşə. Ehtiyatlı ol! Əgər Tahir Mirzənin əlinə
düşsə, bir də bu diyarda durmaz.
Sonra bütün qulamlarla, kənizlərlə, Tahir Mirzə ilə vidalaşıb, yeddi ayın
səfərinə çıxdı. Atası gedəndən sonra Nərgiz xamm fikir elədi ki, indi yaxşı
girəvə yeridir. Tahir Mirzəni ələ gətirib, buna getməliyəm.
Nərgiz xanım yeri gəldikcə Tahir Mirzəyə qaş-göz atmaqdan, işarələr
vurmaqdan geri durmurdu. Ancaq Tahir Mirzə özünü anlamamazlığa
vururdu. Xülasə, Nərgiz xanım nə fənd qurdusa, Tahir Mirzə əl vermədi.
Nərgiz xanım Tahir Mirzənin bu kəmiltifatlığından bezar oldu; dərd-qəmini
dağıtmaq üçün hər gün kənizlərin birini evdə qoyurdu, özü qırx incə qıznan
seyrə çıxırdı.
Genə günlərin bir günündə Nərgiz xanmı seyrə çıxmışdı. Bahar
bağçasının açarını da bir kənizə verib, evdə qoymuşdu ki, evin işlərini
düzəltsin. Kəniz evdə dolananda açar yaxasından yerə düşdü. Tahir Mirzə
gəlib keçəndə açarı yerdən götürdü. Baxıb gördü ki, işlək açardı. Kənizi
çağırıb soruşdu:
- Bu necə açardı məndən gizləyirsiniz? Məgər məndə nə əyrilik
görmüsünüz?
Kəniz fıkir elədi ki, Tahir Mirzəni aldatmaq lazımdı. Bir qah-qah ilə
gülüb dedi:
- О köhnə, sınıq açardı. Özümüz qəsdən bura atmışıq.
Tahir Mirzə əl atdı kənizin yaxasından yapışıb dedi:
- Çəpəl, düzünü deginən, yoxsa əlimdən salamat qurtarmazsan.
Kəniz qorxusundan əhvalatı Tahir Mirzəyə nağıl elədi. Tahir dedi:
- Bu saat bahar bağını mana nişan ver!
Kəniz naəlac qalıb, Tahir Mirzəni götürdü, bahar bağının qapısına gəldi.
Tahir qapını açıb içəri daxil oldu. Nə gördü? Bura bir bağdı ki, deyirsən
behiştin bir, guşəsidi, gülüstani-baği-irəmdən nişan verir. Bülbüllər cəh-cəh,
güllər bəh-bəh deyir, hər kəs öz dilincə, öz məhbubu ilə razi-niyaz edir.
Tahir Mirzə bağı dolanırdı, gördü bir bülbül gülün yarpağını üzüb çəkir
göyə, ordan buraxır; bülbül şığıyıb yarpaq göydə ikən уеnə tutur. Tahir
tamaşa eləyirdi, bülbül уаrpаğı bir də çəkib buraxdı. Gül yarpağı bir
qaratikan kolunun üstünə düşdü. Bülbül daldan şığıyıb onu götürmək
istəyəndə ürəyindən sancıldı qaratikan qələməsinə. Gedib, başını sürünəsürünə
gülün уаrpаğının üstə qoydu, can verməyə başladı. Tahir bir ah
çəkib, özünü yetirdi bülbülün başı üstünə. Onu о tərəfə, bu tərəfə aşırıb
gördü ki, başı yarpağın üstündə, canını gülə tapşırıb. Tahir kədərlənib dedi:
- Heyhat!.. Bir bülbülcən də olmayasan?! Vəfalı bülbül öz canını
məhbubu yolunda fəda elədi! Sən diyarbadiyar gəzirsən. Yox olsun о baş ki,
məhbubu yolunda kəsilməyə.
Tahir bülbülün yanında diz çöküb, gözlərinin yaşını tökdü. Qəmi cuşa
gəldi, sazı sinəsinə basıb, görək nə deyir:
Yaz olanda bağçalarda
Sən çalırsan tarı, bülbül!
Oxudun, dərdim artırdın,
Oldun mənnən yarı, bülbül!
Bülbül, sənin işin qandı,
Aşıqlar oduna yandı;
Nədən hər yerin əlvandı,
Köksün altı sarı, bülbül?!
Bülbül, sən dala səkərsən,
Göz yaşın gülə tökərsən,
On bir ay həsrət çəkərsən,
Bir ayı da zarı, bülbül.
Bülbül, geyinmisən yaşıl,
Qolların boynumdan aşır;
Ağlamaq mənə yaraşır,
Qoy ağlayım barı, bülbül!
Bülbül, sən məni qandırdın,
Gülşən bağı dolandırdın,
Axır oduna yandırdın,
Yazıq xan Tahiri, bülbül!
Tahir Mirzə sözünü bitirib öz-özünə dedi: “Ey dadi-bidad! Bir bülbülcən
də olmayasan? О öz məhbubu yolunda mərd-mərdana canını fəda elədi, sən
canını qorumaq üçün diyarbadiyar gəzirsən”.
Ayağa qalxıb, üz qoydu öz vilayətlərinə tərəf getməyə. Bu vaxt Nərgiz
xanım seyrdən qayıdırdı. Tahir Mirzəyə rast oldu. Tahir Mirzənin
vilayətlərinə getmək qəsdində olduğunu bildi. Nə qədər yalvardı, göz yaşı
töküb, qoymaq istəmədisə də, mümkün eləyə bilmədi. Naəlac qalıb, iki
yeyib yatmış kənizə əmr verdi ki, onu götürüb, evə aparsınlar. Kənizlər
Tahir Mirzəni evə apardılar.
Ancaq Tahirin könlü açılmadı, üzü gülmədi. Bülbül onun gözünün
qabağında idi. Aldı, öz halına münasib görək nə dedi:
Fələk, səndə nə adətdi,
Ayırmaq yarı yarından?
Göz ilə görməmiş həmin,
Könül yox ola varından!
Rəqib, evin bərbad olsun!
Saralıb güllərin solsun!
Ayrılan necə şad olsun,
Belə sərxoş nigarından!
Eylərəm yüz min xəyalı,
Pərişandı könül halı.
Gecə-gündüz yar camalı,
Getmir gözüm kənarından!
Mən Tahirəm, baxt itirdim,
Dərdimi həddən ötürdüm,
Cəfa çəkdim, bağ bitirdim,
Dərmədim bircə barından!
Nərgiz onun üstünə acıqlanıb dedi:
- Heç dara-bara eləmə. Səni mən heç yerə buraxmayacağam. Nə
Zöhrəbazlıqdı?
Tahir Mirzə bir ah çəkib, görək Nərgizə nə dedi:
Budu, gəldi bahar fəsli,
Açılıbdı lala, nərgiz!
Ağız süddü, dodaq qaymaq,
Dilin batıb bala, Nərgiz!
Gedərsən Çinə, Maçinə,
Müşk, ənbər səpdin saçına;
Bənzəyirsən ağ laçına,
Hey cumursan gölə, Nərgiz!
Alayıbsan, alayıbsan,
El-obanı talayıbsan,
İpək şəddə dolayıbsan,
Şal üstündən belə, Nərgiz!
На deyərəm: xanım, xanım,
Od tutdu cəsədim, canım;
Töhmət altda çıxdı canım,
Rəhmin gəlsin mənə, Nərgiz!
Kəsibsən aşığın yolun,
Qırıbsan qanadın, qolun,
Tuti kimi oxur dilin,
Dönübsən bülbülə, Nərgiz!
Uca-uca dağlar qaldı,
Gülü solmuş bağlar qaldı,
Zöhrə yarım ağlar qaldı,
Dur sal məni yola, Nərgiz!
Sən Tahiri küsdürürsən,
Qorxudub, qan qusdurursan,
Dar quruban asdırırsan,
Zülüm olmaz belə, Nərgiz!
Nərgiz gördü ki, Tahir Mirzəni saxlaya bilməyəcək, dedi:
- Oğlan, get, Allah səni sevgilinə çatdırsın! Ancaq məni yaddan
çıxartma!
Nərgiz ona bir kisə cavahir, bir xurcun çörək verdi. Tahir Mirzə Nərgizlə
görüşüb, yola düşdü. Bu, getməkdə olsun, eşit Xanverdi sövdəgərdən.
Xanverdi sövdəgər evə gəlib gördü nə, Tahir Mirzə yoxdu. Nərgizdən
soruşdu. Nərgiz bütün əhvalatı ona nağıl elədi. Xanverdi atını minib, Tahirin
dalınca getdi. Tahirə çatıb dedi:
- Nəməkbəharam, haraya qaçırsan?
Tahirin rəngi saraldı, gözləri yaşla doldu. Əli titrəyə-titrəyə sazını
bağrına basıb, görək Xanverdiyə nə dedi:
Könül qalxdı vətən sarı yeridi,
Bir sözüm var sənə, Xanverdi, deyim.
Duz-çörəyi halal elə, gedirəm,
Düxtər öz əlindən nan verdi yeyim.
Mən qanmışam о maralın sözündən,
Almamışam busasını üzündən,
Ya el tənəsindən, ya öz-özündən,
Zöhrə bəlkə məndən yan verdi, deyim.
Tahir Mirzə, sözün şana düzüldü,
Xumarlanıb ala gözlər süzüldü.
Zağı vurdu, gül yarpağı üzüldü,
Bülbül gül yolunda can verdi, deyim.
Xanverdi gördü Tahir haqq aşığıdı, onu geri döndərə bilməyəcək, halalhümmət
eləyib, geri qayıtdı.
Tahir Mirzə üz qoydu yarı olan diyara tərəf, ta ki, gəlib çıxdı Hatəm
Soltanın vilayətinə. Gördü bir çoban qoyun otarır, özü də başdan ayağa qara
geyinib. Salam verib dedi:
- Çoban qardaş, niyə qara geyinibsən? Aldı çoban, görək ona nə cavab
verdi:
Başına döndüyüm, a cavan oğlan,
Ağam üçün mən qaranı geymişəm.
Dolanım başına, mən alım qadan,
Ağam üçün mən qaranı geymişəm.
Düşmən bizə düşmənliyin bildirdi,
Ağlayıban didəm yaşın sildirdi.
Hatəm Soltan Əhməd vəziri öldürdü,
Onun üçün mən qaranı geymişəm.
Səhər-səhər doğan dan ulduzudu,
Aşıqların söhbətidi, sazıdı,
Adı bəlli - Hatəm Soltan qızıdı,
Zöhrə qara geyib, mən də geymişəm.
Çobanın adı Şahqulu idi. Şahqulu Tahir Mirzəni tanıyıb, əl-ayağına
düşdü, onu evlərinə apardı. Anasını çağırıb dedi:
- Mən qoyunu arxaca yığıb gələnə kimi xörəyi hazır elədin, canın
qurtardı, əgər eləmədin, and olsun Allaha, bu ağac ilə səni öldürəcəyəm.
Arvad canının qorxusundan о saat xörəyi bişirib, dəmə vurdu. Şahqulu
da qoyunu arxaca yığandan sonra qayıdıb gəldi. Qarı qalxıb əlüstü süfrə
saldı, xörəyi qablara çəkdi, gətirib ortaya qoydu. Şahqulu anasına dedi:
- Ana, bir bax gör bu oğlan kimə oxşayır?
Qarı diqqətlə baxıb dedi:
- Ay bala, rəhmətlik Tahir Mirzəyə oxşayır.
Şahqulu dedi:
- Arvad, rəhmətlik niyə? Diqqətlə bax, Tahir Mirzə özüdü.
Qarı о saat özünü Tahir Mirzənin üstünə atdı, boynunu qucaqlayıb,
başladı şadlığından ağlamağa.
Tahir Mirzə bütün başına gələnləri onlara nağıl elədi. Şahqulu işdən halı
olandan sonra anasına dedi:
- İndi, ana, mən gedirəm qoyunu yaylıma aparam. And olsun Allaha,
gələm görəm Tahir Mirzəni Zöhrəyə yetirməyibsən, bu ağacla belini
qıracağam.
Arvadın canına titrəmə düşüb dedi:
- Ay balam, mən necə görüşdürüm?
Tahir Mirzə dedi:
- Ana, qəm çəkmə. Al bu pulu, get iki dəst arvad paltarı al, gətir geyinək.
Tut mənim əlimdən apar Zöhrənin qapısına. Deginən bu mənim qızımdı, əri
ölüb, neçə vaxtdan bəri bütün olan mal-dövlətini yeyib qurtarıb, indi bunu
sənə qulluqçu vermək istəyirəm. Ondan sonrası ilə işin yoxdu.
Arvad о saat bazara getdi. Tahir Mirzə dediyi kimi, iki dost arvad paltarı
aldı, evə gətirdi. Birini özü geydi, birini də Tahir Mirzəyə geydirdi. Tutub
onun əlindən Zöhrənin qapısına yetirdi. Gördü dayə başında məcməyi
deyinə-deyinə Zöhrəyə xörək aparır. Qarı dayəni çağırıb dedi:
- Bu mənim qızımdı. Hər işdən başı çıxır. Sən Allah, Zöhrə xanıma
de, gör bunu qulluqçu saxlaya bilərmi?
Dayə şadlığından bilmədi nə eləsin. Çünki ümid eləyirdi ki, özünə
köməkçi olacaq, dedi:
- Al, sən bu məcməyini götür, mən də qəndabı götürüb gəlim, Zöhrə
xanımın qulluğuna gedək.
Dayə getcək Tahir Mirzə çobanın anasına dedi:
- Ana, sən daha işini qurtardın, gedə bilərsən.
Qarı geri qayıtdı. Tahir Mirzə Zöhrənin otağına girdi, sandığın dalında
gizləndi. İndi bunlar burada qalsınlar, sizə Zöhrə xanımdan xəbər verim.
Həmin gün Zöhrə xanımın əhvalı çox pərişan idi. Tahirlə keçirdiyi
vaxtları yadına salmışdı. Gözlərinin yaşını tökə-tökə aldı, görək halına
münasib nə dedi:
Qızlar, gəlin sizə halım söylüyüm,
О keçən günlərim yadıma düşdü.
Tahirin yanında məktəbxanada
Yarla oxuduğum yadıma düşdü.
Səhər-səhər Tahir evə gələrdi,
Şirin-şirin söhbət açıb gülərdi,
Ürəyimi alıb, eynim silərdi,
Gülüb danışdığı yadıma düşdü.
Mən Zöhrəyəm, beli incə, boy bəstə,
Zülfüm dal gərdəndə çin, dəstə-dəstə;
Yerin salardım mən bu sinəm üstə,
Zarafatlaşdığım yadıma düşdü.
Sözü tamama yetirib, öz xas kənizi Mələksumaya dedi:
- Ay Mələksuma, aşxana aşı yeməkdən cana gəlmişəm. Dur, bir qədər
yağ, düyü gətir, özüm bişirib, özüm yeyəcəyəm.
Yağ, düyü hazır oldu. Zöhrə xanım biləklərini çirmədi, özü aşı bişirib
siniyə çəkdi. Mələksumanı çağırıb dedi:
- Sən Allah, sən də otur, mənimlə çörək ye.
Mələksuma dedi:
- Təsəddüqün olum, mənim nə həddim var ki, səninlə çörək yeyəm?
Zöhrə dedi:
- Mən sana deyirəm otur, otur...
Mələksuma oturub, əlini xörəyə uzadanda dedi:
- Xanım, Allahın altında indi Tahir Mirzə özü gəlib bura çıxa.
Söz Mələksumanın ağzından qurtarmamış, Zöhrə xanımın halı dəyişdi.
Abi-leysan kimi göz yaşı axıda-axıda dedi:
- Tay bu çörək mana haram oldu, yığışdır!
Zöhrə ağlaya-ağlaya yerinə girib yatdı. Mələksuma da dediyinə çox
peşman oldu, götürüb xörəyi yığışdırdı. Bu əsnada Tahir о biri otaqda arvad
paltarını çıxardıb, öz paltarını geyindi, içəri daxil oldu. Mələksuma Tahir
Mirzəni görcək, özünü saldı onun üstünə, üzündən, gözündən öpəndən sonra
and verib dedi:
- Tahir Mirzə, qoy Zöhrə xanımı mən oyadım, tainki bir müjdə alım.
Tahir dedi:
- Oyat!
Mələksuma gəldi Zöhrənin yanına, saçlarından iki tel ayırıb basdı
sinəsinə, görək Zöhrə xanımı necə oyatmağa başladı:
Xab içində yatan Zöhrə,
Oyan, Zöhrə, yarın gəldi!
Qəm-qüssəyə batan Zöhrə,
Oyan, Zöhrə, yarın gəldi!
Əlyetməz sazı yendirim,
Sinəmin üstə mindirim.
Qorxuram səni dindirim,
Oyan, Zöhrə, yarın gəldi!
Qaşa, gözə düşdü həmə,
Mən dərdimi deyim kimə?
Sana qurban Mələksuma,
Oyan, Zöhrə, yarın gəldi!
Tahir Mirzə səbr edə bilməyib dedi:
- Sən Allah, qoy müjdəni mən verim, yarımı özüm oyadım.
Sazı mindirdi sinə sandığına, görək nə dedi:
Dan yerinə yenə düşdü nişana,
Oyan, gözlərinə qurban olduğum!
Uçdu şeyda bülbül, qondu gülşana,
Oyan, gözlərinə qurban olduğum!
Kəsdirmişəm nazbalışın yanını,
Tuta idim kirpiklərin sanını,
Nə tapıbsan bu yuxunun kanını?
Oyan, gözlərinə qurban olduğum!
Bağrım başı bar götürməz xəzəldən,
Göz kəsmərəm sənin təki gözəldən.
İkimiz də həmdərs idik əzəldən,
Oyan, gözlərinə qurban olduğum!
Nə vaxtdandı gözün yolda qalıbdı,
Saralıbdı gül irəngin, solubdu,
Oyan, Zöhrə, xan Tahirin gəlibdi,
Oyan, gözlərinə qurban olduğum!
Tahir dedi:
- Ay qız, qolbağını, üzündən ənbərçəsini aç, bəlkə oyana. Mələksuma
onun qolbağını və üzünün ənbərçəsini açdı, Zöhrə yenə oyanmadı.
Aldı Tahir, görək nə dedi:
Nə vaxtdan gəldik otağa,
Yatıb, oyanmaz, oyanmaz!
Canım yolunda sadağa,
Yatıb, oyanmaz, oyanmaz!
Yığın otağın xalısın,
Neynirəm dünya malısın.
Ağ qolundan qolbağısın
Açıb, oyanmaz, oyanmaz!
Tahirəm, neçə-neçəsin,
Sevmədim türkmən beçəsin.
Ağ üzündən ənbərçəsin
Atıb, oyanmaz, oyanmaz!
Zöhrə qurcalanıb dedi:
- Ağız burdan saz səsi gəlir, deyəsən oxuyan var. О kimdi?
Mələksuma cavab verdi:
- Xanım, əynindəki paltar mənim muştuluğum, gözlərini aç gör kimi
görürsən?
Tahir о saat sazını divara söykəyib, özü daldada gizləndi. Zöhrə
gözlərini açanda, sazı gördü, aldı, görək nə dedi:
Yarım gəlib bu otağa,
Saz sahibi yar necoldu?
Canım yolunda sadağa,
Saz sahibi yar necoldu?
Hər nə oldu mənə oldu,
Saralıb bənizim soldu.
Bağ pozuldu, bülbül öldü,
Saz sahibi yar necoldu?
Beqafildən çıxdı xəbər,
Yaralarım qabar-qabar;
Xan Zöhrəyə doğru xəbər,
Saz sahibi yar necoldu?
Mələksuma danışmaq istəyəndə Zöhrə dedi:
- Ay qız, Mələksuma, qoy birini də deyim, sonra.
Aldı Zöhrə:
Yatmışdım, guşuma gəldi bir səda,
Ala gözlərinə qurban olduğum!
Bir dərdə düşmüşəm, olunmaz çara,
Ala gözlərinə qurban olduğum!
Kimdi mənim kimi qara bağlayan,
Sinəm üstün çalın-çarpaz dağlayan,
Gecə-gündüz Tahir deyə ağlayan,
Ala gözlərinə qurban olduğum!
Bayram ayı demək olmaz hər aya.
Yazıq məzlum kimə getsin haraya?
Deyən, ay qız, Tahir gəlib buraya,
Ala gözlərinə qurban olduğum!
Tahir gizlindən çıxdı. Bir-birinin boynuna sarıldılar. Tahir onu bağrına
basıb, ipək saçlarını tumarlaya-tumarlaya dedi:
Mən səni ədalət bildim,
Yar, qapına dada gəldim.
Yolunda çox cəfa çəkdim,
Ömrü verdim bada, gəldim.
Aşiqlərdə budu adət,
Cavan ömrüm oldu qarət.
Xaki-payını ziyarət
Elədim, murada gəldim.
Mən Tahirəm, yana-yana,
Naləm çıxdı asimana.
Necə qoç-quzu qurbana,
Mən sənə qurbana gəldim.
Zöhrə on iki hörükdən bir tel ayırıb sinəsinə basdı, görək onun
cavabında nə dedi:
Xoş gəlibsən, gözüm üstə,
Sana peşkəş elim, oğlan!
Gəl üzün qoy üzüm üstə,
Əm dodağım, dilim, oğlan!
Nə baxırsan yana-yana,
Əm ləbimdən qana-qana,
Çəkilək başqa bir yana,
Sarmaşaq, quc belim, oğlan!
Zöhrənin baxtı açıldı,
Boyuna xələt biçildi.
Bağlı dükanım açıldı,
Gəl, ol dükandarım, oğlan!
Aldı Tahir, görək nə dedi:
Bahar gələr, yaz açılar, bülbüllər
Cəh-cəh vurub oxuyarlar, əmqızı!
Gəl ikimiz bülbül olaq, gül olaq,
Biz də edək о xəyallar, əmqızı!
Sən bir gül ol, mən də bülbüli-şeyda,
İlqar qoyaq hər ikimiz arada;
Biz də yetək gül fəslində murada,
Canım alır qoşa xallar, əmqızı!
Mən Tahirəm, sirrim sana əyandı,
Sevgi sevgisindən doymaq yamandı.
Ürək sözüm sən Zöhrəyə bəyandı,
Dərman mana düşdü narlar, əmqızı!
Zöhrə saçlarından üç tel ayırıb, sinəsinə basdı, aldı cavabında görək nə dedi:
Əmim oğlu, о nə sözdü deyirsən?
Canımı canına heyran eylərəm.
Hər dəqiqə sən ki, mənim yarımsan,
Gecə-gündüz səni mehman eylərəm.
Bağça sənin, bağban sənin, bar sənin,
Bağda olan alma, heyva, nar sənin,
Peşkəşindi qoşa xallar, yar, sənin,
Bir söz var ki, onu pünhan eylərəm.
Zöhrənin də budu sana son sözü,
Qurban sana dil-dodağı, qaş-gözü;
Mən də sənin kimi aşiqəm, düzü,
Dərya kimi mən də ümman eylərəm.
Zöhrə xanım sözü tamam eyləyib, Mələksumaya dedi:
- О xörəyi gətir bura, indi üçümüz bir yerdə yeyək.
Mələksuma xörəyi gətirib qoydu qabağa, dedi:
- Xanım, gördünmü mənim niyyətimi?!
Hər üçü başladılar xörəyi yeməyə. Xörəkdən sonra Mələksumanı qapıda
qarovulçu qoydu, özü Tahir ilə qol-boyun olub yatdı. Bir qədər oturduqdan
sonra Mələksumanın yuxusu gəldi, dirsəyinə dayanıb, ordaca yatdı. Bu biri
tərəfdən dayə xidmət üçün içəri girib gördü ki, paho, Tahir ilə Zöhrə qolboyun
olub yatıblar. İstədi qayıtsın, Zöhrə oyanıb dayəni geri çağırdı, dedi:
- Dayə nənə, sirr kimin olar, saxlayanın. Al bu bir ovuc əşrəfini, bu
sirrimi heç yerdə açma.
Dayə əşrəfləri alıb dedi:
- Çox yaxşı. Ancaq pilləkəndən yenə-yenə öz-özünə mırtdanıb dedi:
- Heç yerdə açmayacağam. Bir toyda deyəcəyəm, bir bayramda.
Gözümüz aydın, indiyə qədər birinə qulluq eləyə bilmirdik, indi iki oldu.
Dayə üz qoyub Hatəm Soltana tərəf getdi. Zöhrə xanım dayənin qımırını
başa düşüb, başladı Tahir Mirzəni oyatmağa.
Aldı Zöhrə:
Beiman getdi xəbərə,
Nə yatıbsan, Tahir Mirzə?!
Çəkəcəklər səni dara,
Nə yatıbsan, Tahir Mirzə?!
Danışırıq biz qeybdən,
Xəbərin yoxdu eyibdən.
Qorxuram mən səyrəğibdən,
Nə yatıbsan, Tahir Mirzə?!
Xəyal toxumun əkərsən,
Bica əzablar çəkərsən,
Ağlarsan, qan-yaş tökərsən,
Nə yatıbsan, Tahir Mirzə?!
Mən Zöhrəyəm, qələm qaşlı,
Ala gözlü, siyah saçlı.
Qoyma məni gözü yaşlı!
Nə yatıbsan, Tahir Mirzə?!
Tahir oyanıb gördü Zöhrə xanım ağlayır. Boynunu qucaqlayıb, ala
gözlərindən bir busə alıb dedi:
- Nə üçün ağlayırsan?
Zöhrə xanım əhvalatı ona söylədi. Tahir dedi:
- Qorxma, səni məndən ayıra bilməzlər. Bizi bir-birimizə qismət eyləyən
var.
İndi eşit Hatəm Soltandan. Hatəm Soltan əhvalatı eşidib, bərk
qəzəbləndi, Tahiri hüzuruna apartdı. О saat cəllada əmr edib dedi:
- Gözümün qabağında bunun boynunu vur, ürəyim sakit olsun.
Cəllad Tahiri yaxalayanda camaat Hatəm Soltanın əl-ayağına tökülüb
dedi:
- Bu nahaq qanı bizim ölkəyə tökmə!
Hatəm Soltan camaatm töhmətindən, narazılığından qorxub, əmr elədi
ki, onu bir böyük sandığa qoyub dəryaya atsınlar. Bəli, bir böyük sandıq
qayırdılar. Tahiri sandığın yanına gətirdilər. Tahir baxıb gördü Zöhrə
kənarda durub, gözünün yaşını abi-leysan kimi tökür. Tahir sevgilisinin ahüzarını
görüb, sazı sinəsinə basdı, görək nə dedi:
Başına döndüyüm alagöz xanım,
Qoy aparsın görüm, sel mənə neylər?!
Sana qurban olsun bu şirin canım,
Qoy aparsın görüm, sel mənə neylər?!
Əmib-əmib ləblərindən qandığım,
Pərvanətək şam oduna yandığım,
Müşənbələ, at dəryaya sandığım,
Qoy aparsın görüm, sel mənə neylər?!
Tahir deyir; nə edirsən əndişi,
Əlbət belə imiş qəzanın işi,
Yusifi quyudan çıxardan kişi
Saxlasa sandığı, sel mənə neylər?!
Tahir Mirzə sözünü qurtaran kimi onu sandığa saldılar, sandığın ağzını
bərk-bərk müşənbələyib, dəryaya atdılar.
Dərya sandığı apardı, hərləyib, Zöhrə xanımın otağının qabağına vurdu.
Zöhrə xanım bunu görüb, aldı, görək dəryaya necə yalvardı:
Qanlı dərya, nə axarsan selavda,
Axıb-axıb nə məkana gedərsən?
Qoymagilən sandıq qala girdabda,
Götür apar, hər bir yana gedərsən!
Ağlaram, gözümdən tökərəm qanı,
Fəryadıma yetiş, xanların xanı!
Göz yaşım kaş qurudaydı dəryanı,
Götür apar, Həştərxana gedərsən!
Mən Zöhrəyəm, Tahir Mirzə qəmində,
Heç olmadım söhbətində, dəmində,
Nə çalxalanırsan Gilanzəmində?
Bağışlarsan Süleymana, gedərsən.
Elə ki, Zöhrə xanım sözünü bitirdi, dərya sandığı götürüb başladı
aparmağa. Tainki sandıq gözdən qeyb oldu, Zöhrə xanımın ürəyi qana
döndü, göz yaşını tökə-tökə görək nə dedi:
Nə axarsan, qanlı dərya?!
Getdi mənim yarım səndə.
Əlim çatmaz, ünüm yetməz,
Bir ahilən zarım səndə.
Onunla keçirdi dəmim,
Artırdın dərd ilə qəmim;
Bad əsdi, döndərdi dəmim,
Getdi külli varım səndə.
Başıma qara bağlaram,
Sinəmi çarpaz dağlaram,
Zöhrəyəm, qanlar ağlaram,
Getdi mənim yarım səndə!
Zöhrə davam gətirmədi, gözlərinin yaşını axıda-axıda yenə dedi:
Tahiri apardı dərya,
Getdi, xan Tahirim getdi...
Xıdır çıxarsın quruya,
Getdi, xan Tahirim getdi...
Tahiri atdılar suya,
Qolunda bazubənd dura,
Kimlər tapa, kimlər yuya,
Getdi, xan Tahirim getdi...
Tahir getdi axa-axa,
Zöhrə qaldı baxa-baxa,
Qabaqda ildırım çaxa,
Getdi, xan Tahirim getdi...
Zöhrə xanımı Tahir Mirzənin dalınca ağlar qoyaq, görək Tahir Mirzənin
başına nə gəldi.
Tahir Mirzə qırx gün dəryada üzəndən sonra çıxdı Həştərxan vilayətinə.
Dəryadan paşalıq bağçasına bir böyük sərdəhnə axırdı. Sandıq bu dəhnə ilə
buruldu bağa tərəf.
Qəzara о gün paşanın qızı Sona xanım qırx incə qızınan bağa səyahətə
çıxmışdı. Gördülər bir şey su ilə qarala-qarala gəlir. Paşanın qızı dedi:
- Qızlar, bəlkə bu gələn sandıq oldu? Gəlin onun içindəkinə şərt qoyaq.
Hər kim deyən olsa, onun olsun. Hamısı buna razı oldu. Vəzirin qızı dedi:
- Əgər pul olsa, mənim.
Vəkilin qızı dedi:
- Əgər mal olsa, mənim.
Padşahın qızı dedi:
- Əgər oğlan olsa, mənim.
Sandıq gəlib yetişdi. Sandığı tutub çıxartdılar qırağa. Ağzın açıb
gördülər bir oğlandı ki, on dörd gecəlik aya bənzəyir. Bir tərəfində saz, bir
tərəfində də bir qədər çörək var. Amma özü bihuşdu. Sona xanım dedi:
- Allah mənimkin yetirdi. Özü də nəcibzadəyə oxşayır. Əldən qoyası
deyiləm.
Vəkilin, vəzirin qızları dedilər:
- Bu olmaz. Dövlət də sizdə, şahlıq da sizdə, gözəllik də sizdə, daha bu
oğlanı qoymarıq aparasan.
Sona xanım gördü ki, xeyr, qızlar iqrarlarından döndülər, dedi:
- Eybi yoxdu. Gəlin adama bir söz deyək. Hər kimin sözündə oğlan
ayılsa, onun olsun. Hamısı razı oldular.
Aldı vəzirin qızı:
Əcəm oğlan, nə yatmısan burada,
Əcəm oğlu, sandığından dur, yeri!
Bəs nə yaxşı qərq olmadın dəryada?
Əcəm oğlu, sandığından dur, yeri!
Aldı vəkilin qızı:
Haradan gəlirsən, nə sahmanlısan?
Cavahir ölkəli, dür məkanlısan.
Atıblar dəryaya, məgər qanlısan?
Əcəm oğlu, sandığından dur yeri!
Aldı Sona xanım:
Evdən çıxdın, xarab qoydun xananı,
Yandırdın odlara ata-ananı.
Gəl yandırma paşa qızı Sonanı,
Əcəm oğlu, sandığından dur, yeri.
Sona gördü ayılmır, sözün dalısını görək nə cür dedi:
Başına döndüyüm, qurban olduğшn,
Əcəm oğlu, sandığından dur, yeri!
Alışıb oduna büryan olduğum,
Əcəm oğlu, sandığından dur, yeri!
Dərin-dərin dəryalara dalmısan,
Şirin canım eşq oduna salmısan,
Nə müddətdi bu dəryada qalmısan,
Əcəm oğlu, sandığından dur, yeri!
Mən Sonayam, köksüm bəndin açaram,
Canına eşqimin odun saçaram;
Nə edim ki, mən bu işə naçaram,
Əcəm oğlu, sandığından dur yeri!
Oğlan bu sözdən asqırıb, ayağa qalxdı. Vəzir, vəkil qızlarının gözü
Tahirin gül camalına sataşanda ixtiyar əllərindən getdi, biri sağ qolundan,
biri sol qolundan yapışıb, paşanın qızına dedilər:
- Ola bilməz ki, Allah padşahlığı da sizə versin, hər yetirən göyçək
oğlanı da. Biz öləcəyik, bu oğlanı sana verməyəcəyik.
Sona xanım Tahirə dedi:
- Oğlan, indi ixtiyar sənindi. Götür sazını oxu! Hər kəsi ki, könlün tutur,
onun adını söylə, onun ol!
Aldı Tahir:
Başına döndüyüm, qurban olduğum,
Tanrı məni sizə qurban eyləsin!
Yanıb odlarına büryan olduğum,
Tarın məni sizə qurban eyləsin!
Eşq əhlinin dərdin bilib anarlar,
Əmib-əmib ləblərindən qanarlar;
Boyu uzun, beli mina kəmərlər,
Tanrı məni sizə qurban eyləsin!
Qulaq asın Tahir Mirzə sözünə,
Gecə-gündüz yuxu getməz gözünə.
Mən aşiqəm Hatəm Soltan qızına,
Tanrı məni sizə qurban eyləsin!
Qızlar başladılar bir-biriylə dava eləməyə. Hər biri başladı ki, mənə işarə
edir. Bağban bunların bu davasını görüb, yaxına gəldi, əhvalatdan xəbərdar
olub dedi:
- Oğlan, Allah səni mana yetirib. Al bu beli, ağacların dibini boşalt.
Tahir sazı döşünə basıb, görək nə dedi:
Allah, mən nə yaman sevdaya düşdüm,
Mən getdikcə gedər yollar mənimlə.
Bilmədim yolumu, bu çaya düşdüm,
Axa-axa gedər sellər mənimlə.
Mənim sevdiyimin qaradı qaşı,
Deyirlər bülbüldü, gülün sirdaşı.
Gözlərimin axar hey qanlı yaşı,
Çalxanar çeşmələr, göllər mənimlə.
Tahir Zöhrə sevdi, cana yetişdi,
Gəldi işi ah-fəğanə yetişdi.
Axır ömrü bir bağmana yetişdi,
Dəstimdə oynuyur bellər mənimlə.
Sona xanım gördü nə qədər oxuyur, bunların birinin də adına işarət
eləmir, hamısında elə Zöhrə deyib, ağlayır. Götürüb Tahiri apardılar paşanın
yanına, əhvalatı ona söylədilər. Paşa Tahirə dedi:
- Ey oğlan, səni nə üçün dəryaya atıblar? Başına gələn qəzavü qədəri
bəyan elə.
Tahir Mirzə başına gələni paşaya nağıl elədi. Əhvalatı eşidəndə paşanın
ciyəri yanıb dedi:
- Tahir, indi fikrin nədi?
Aldı Tahir, görək nə deyir?
Paşa, mən qapına dada gəlmişəm,
Nola, yetirəsən canana məni?!
Hatəmin qızına aşiq olmuşam,
О atdı dəryayi-ümmana məni.
Bir ala gözlünün oduna düşdüm,
Oxuyub könlümün dəftərin açdım.
Hər zaman ki nəzərinə sataşdım,
Buyurdu cəllada, fərmana məni.
Uşaq ikən beşiyini yırğadım,
Çörəyimi zəhərlərə doğradım.
Hatəm Soltan qəzəbinə uğradım,
Atdı seldən-selə, ümmana məni.
Tahir ərzi-halın şaha bildirir,
Ağlayıban göz yaşımı sildirir.
Zöhrə dərdi xan Tahiri öldürür,
Təbibim ol, yetir dərmana məni.
Paşa bir qədər fikir eləyəndən sonra Tahirə sual elədi:
- Tahir, sən о qıza aşiq olan kimi, о qız da sana aşiqdimi?
Tahir cavab verdi:
- Bəli, qibleyi-aləm!
Paşa əmr elədi, böyük qoşun cəm oldu. Gecə öz qızı Sona xanımı, vəzir,
vəkilin qızlarını, Tahiri də bərabər yanına alıb, yola rəvan oldu. Günə bir
mənzil, teyyi-mənazil, ta ki, yetişdi Qaraman vilayətinə. Şəhəri dörd
tərəfdən əhatə elədilər. Paşa qızı Sona xanımı, vəzirin, vəkilin qızını çağırıb
dedi:
- Gedərsiniz, Zöhrədən əhval bilərsiniz. Əgər onun Tahirə könlü varsa,
onu Tahirə alıb, Hatəm Soltanın da başını kəsdirəcəyəm, yoxsa bu məsələni
açmayıb, geri qayıdacağam. Sona xanım Tahiri çağırıb dedi:
- Mən gedirəm Zöhrənin yanına. Əgər məndən gözəl olsa, sən mənim
qardaşımsan, Zöhrə yarın. Yox, gözəl deyilsə, sən ilə özüm hesablaşaram.
Tahir cavab verdi:
- Razıyam. Ancaq alın bu sazı, aparın, bəlkə Zöhrə sizə inanmadı.
Sona xanım sazı alıb, vəzirin, vəkilin qızı ilə bərabər üz qoydular Zöhrə
xanımın yanına. Zöhrə xanım əhvalatdan xəbərdar oldu, о saat evi düzəldib,
qonaqlarını qəbul elədi. Sona xanım gözünün altınca Zöhrəyə baxıb gördü
həqiqətən gözəllikdə tayı yoxdu. Öz könlünə dedi: “Əhsən Tahir Mirzəyə”.
Zöhrə xanım baxdı ki, Tahirin sazı bu qızın əlindədi. Saçından bir tel ayırıb,
bağrına basdı, dedi:
Deyin, qurban olum sizə,
Saz yiyəsi yar necə oldu?
Qızılgüllər üzə-üzə,
Saz yiyəsi yar necə oldu?
Aldı Sona xanım:
Zöhrə, xəbər verim sizə:
Saz yiyəsi yarın gəldi.
Qızıl güllər üzə-üzə,
Saz yiyəsi yarın gəldi.
Aldı Zöhrə xanım:
Dağlar başı qar olubdu,
İşim ah-zar olubdu,
Hansınıza yar olubdu?
Saz yiyəsi yar necə oldu?
Aldı Sona xanım:
Dağlar başı qış olubdu,
Qaşın gözə tuş olubdu,
О bizə qardaş olubdu,
Saz yiyəsi yarın gəldi.
Aldı Zöhrə xanım:
Başıma qara bağlaram,
Sinəmi çarpaz dağlaram.
Zöhrəyəm, qanlar ağlaram,
Saz yiyəsi yar necə oldu?
Aldı Sona xanım:
Başına qara bağlama!
Sinəni çarpaz dağlama!
Sona deyir: qan ağlama!
Saz yiyəsi yarın gəldi.
Söz tamam oldu. Sona xanım əhvalatı Zöhrəyə nağıl elədi. Üstəlik
atasının sifarişini də deyib, nə üçün buraya gəldiklərini danışdı. Bu barədə
onun fikrini soruşdu. Zöhrə xanım Tahirin sazını bağrına basıb dedi:
Xoş gəldiz, əziz qonaqlar,
Cəbr eylədi atam mənə.
Axar gözümdən irmaqlar,
Cəbr eylədi atam mənə.
Aldı Sona xanım:
Gözəllikdə tayın yoxdur,
İllah, sənin qaşın, Zöhrə.
Tahir kimi yarın vardır,
Bəxtəvərdi başın, Zöhrə.
Aldı Zöhrə xanım:
Gəlmisiz, ağır oturun,
Paşaya xəbər yetirin;
Ölürəm Tahirdən ötrün,
Cəbr eylədi atam mənə.
Aldı Sona xanım:
Dolanırdım sola-sağa,
Məcnun kimi düşdüm dağa.
Sandıq çıxdı bizim bağa,
Uvand oldu işin, Zöhrə!
Aldı Zöhrə xanım:
Başıma qara bağlaram,
Sinəmi çarpaz dağlaram.
Zöhrəyəm, qanlar ağlaram,
Cəbr eylədi atam mənə.
Aldı Sona xanım:
Sona deyir: gəl bəsləşək,
Görək kimdi kimdən qəşəng;
Arxayın ol, Zöhrə, bişək,
Gətirmişəm qoşun, Zöhrə.
Sona xanım Zöhrəni arxayın eləyəndən sonra vəzirin, vəkilin qızını da
götürüb, atasının qulluğuna gəldi. Salam verib, ərz elədi:
Ata, Zöhrə də, Tahir də hər ikisi haqq aşiqidirlər. Paşa bu xəbərdən şad
olub, Hatəm Soltanın yanına elçilər göndərdi, sifariş elədi ki, ya qızı Tahir
Mirzəyə versin, ya da davaya hazırlaşsın. Hatəm Soltan cavab verdi:
- Paşa qızımı özgəyə istəsə verərəm, ancaq yeddi it küçüyüm olsa, birini
də Tahir Mirzəyə vermərəm.
Paşa bu sözdən qəzəbnak olub, əmr elədi, qoşun atlanıb meydana səf
çəkdi. О biri tərəfdən Hatəm Soltanın qoşunu könülsüz-könülsüz bunların
qarşısında səf çəkib durdular. Tahir Mirzə bu halı görüb, özünü paşanın
qulluğuna yetirdi. Yeddi yerdə gərnuş eləyib dedi:
- Paşam, bu camaat mana bir şey eləməyib. Mana nə eləyibsə əmim
eləyib. Nahaq qana girmə! İzn ver, mən meydana girim, əmimi dəvət
eləyim. Ya о məni öldürər, ya da mən onu öldürüb, atamın qanını özüm
almış olaram.
Paşa istədi Tahiri qoymasın, amma Tahir əl götürmədi. Axır izn hasil
edib, girdi meydana. О vaxt adət belə idi: iki padşah müharibə edəndə ya iki
aşıq çıxardardılar, deyişərdi, yaxud iki pəhləvan gürş tutardı. Hansı tərəfin
adamı qalib gəlsə, о tərəf qalib gəlmiş hesab olardı. Tahir meydanın
ortasında durub, uca səslə əmisinə dedi:
- Ey Hatəm Soltan, nahaq qan tökmək lazım deyil. Bu dava sənlə mənim
üstümdədir. Ona görə gir meydana. Hansımız hansımızı öldürsə, о tərəf
qalib gəlmiş hesab olunar.
Hatəm Soltan bu sözdən qəzəbləndi, at istəyib, meydana atıldı.
Başladılar bir-birinə hücum eləməyə. Qızğın vuruşduqları halda Tahirin
gözü Zöhrənin yaşlı gözlərinə düşdü. Gördü Zöhrə əl duaya qalxızıb deyir:
- Allah, sən əmim oğlunun cavanlığına qıyıb, bu kafirin əlində aciz
qoyma!
Tahir bunu gördükdə qan gözünü bürüdü, atı Hatəm Soltanın üstə saldı.
Bərk nərə çəkdi:
- Al məlun, atamın intiqam günüdü!
Hatəm Soltan Tahirin hücumunu gördükdə ölümünü yəqin edib, karıxdı.
Qalxanı nizənin qabağına verə bilmədi. Tahir Mirzə nizəsini onun sinəsinə
elə vurdu ki, ucu arxadan bir çərək kənara çıxdı. Tahir nizəyə təkan verib,
əmisinin bədənini atın belindən alıb, meydanın ortasında yerə çaldı. Yerdə
qan nəqşə bağladı. “Afərin!” hər iki qoşundan ucaldı. Şadlıq nağarasını hər
iki qoşun nəvazişə gətirdi. Paşa əmr elədi, şəhəri çırağban elədilər. Qırx gün,
qırx gecə toy eləyib, Zöhrəni Tahirə verdilər. Hər iki həsrət aşiqləri birbirinə
qovuşdurdular. Paşa Tahiri orada padşah eləyib, özü ona qırx gün
qonaq qalandan sonra Tahir ilə vidalaşıb öz vilayətinə qayıtdı. Tahir təzədən
özünə toy elədi. Onun toyuna çoxlu aşıq yığışmışdı. Aşıq о aşiq-məşuqun
əllərini bir-birinə verdi, mübarəkbadlıq elədi. Sonra ustad aşıq sazı döşünə
basıb, bu duvaqqapma ilə onun toyunu başa verdi:
Həzərat, bircə baxın,
Canlar alandı bu gələn,
Gözləri cəlladə dönüb,
İsmi Qaytandı bu gələn.
Özü bir səxa kanı,
Adildivandı bu gələn.
Özü gül, saçı sünbül,
Yaqut-yəməndi bu gələn.
Yaquta bənzər yanaq,
Mərmərə bənzər buxaq,
Bir aya bənzər qabaq,
Kovsərə bənzər dodaq,
Ağ gülə bənzər ayaq,
Qoy bassın gözüm üstə,
Qucmalı candı bu gələn.
Bağlayıb gümüş kəmər,
Üstü tamam danənişan.
Geyinib qəddi dala,
Tər libası tər yaraşan.
Ağ əndamı başdan-başa,
Ətirli gül, müşk-fəşan.
Al yanaq, ayna qabaq,
Siyah zülfü ənbərəfşan.
Həm didarı şirindi,
Göftarı şirindi,
Bağça-barı şirindi,
Qoşa narı şirindi,
Bir belə bəşər olmaz,
Huri, qılmandı bu gələn.
Axşam, sabah mən dolanım
Belə gözəlin başına!
Vəsməni çəkib gözünə,
Sürməni yaxıb qaşına.
Keçirib qızıl tananı
Nazik əliynən guşuna.
Canını qurban edəsən
Bir belə cənnət quşuna.
Götürüb setarəni,
Basıb mərməri döşünə.
Döşündə məməsi var,
Qızıldan düyməsi var.
Nə şirin həvəsi var,
Kəklik kimi səsi var.
Bir ağır ölkəsi var,
Ölkəsinə qurban olum,
Misrə sultandı bu gələn.
Gecə-gündüz əməsən
Ləblərindən misli-gülab,
Eşqinə düşənlərin
Canında qalmayıb tab.
Nə yatım, nə dincəlim,
Gözlərimdə olmayır xab,
Bir miskin gədəsi ola,
Mənim kimi xanəxərab.
Zəhər versən içərəm,
Nə ki, əllərinlə şərab.
Nazik əlinə qurban,
Qara telinə qurban,
İncə belinə qurban,
Danış, dilinə qurban,
Gələn yoluna qurban.
Bu gəlişdə insan olmaz,
Nuşirəvandı bu gələn.
Biçarə Aşıq Hüseyn,
Bax, yar nə nazınan gəlir.
Geyinib qəddi-dala,
Küləcə xəzinən gəlir.
Yığıbdı gözəlləri,
Qırx incə qızınan gəlir.
Götürüb setarəni,
Söhbəti sazınan gəlir.
Deyəsən şeyda bülbüldü,
Baharı yazınan gəlir.
İçməmişəm, ayılam,
Ağıl gedib, zayılam;
Camalına mayılam,
Hər nə desən qayılam,
Qapınızda sayılam.
Mənə inayət eləsin,
Dərdə dərmandı bu gələn.
Həmçinin bax
redaktə- Azərbaycan dastanları. Beş cilddə. I cild. Bakı, “Lider nəşriyyatı”, 2005.