Tamaşa
Müəllif: Molla Cümə
Mənbə: Paşa Əfəndiyev. "Molla Cümə (həyatı və yaradıcılığı)" (PDF) (az.). "Ləman nəşriyyat poliqrafiya". 2017. İstifadə tarixi: 2018-08-31.

Ay ağalar, heç qorxmuram ölümdən,
Torpaq altda yatandadı tamaşa.
Neçə günah qurtarıbdı əlimdən,
İnkir-Minkir sorandadı tamaşa.

Xilaf yoxdu alimlərin sözündə,
Yazılıbdı dörd kitabın özündə.
Çilin-çılpaq Ərəsətin düzündə
Boynu buruq durandadı tamaşa.

Molla Cümə, haqq bir divan qayırıb,
Möminləri behişt içrə buyurub.
Günahları dəstə-dəstə ayırıb
Cəhənnəmə sürəndədi tamaşa.