Tapılmaz (Aşıq Alı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Tapılmaz Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.154 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
İsmi münəvvərsən, mahi münəvvər,
Gah sühasan, gah süheyli tapılmaz.
Lübabi zülcalal sənsən cahanda,
Məcnunam, araram, Leyli tapılmaz.
Həsrətindən yara yandı cismimdə,
Kərəm adı gör əyandı ismimdə.
Peyman olar gözəllərin qismində,
Əsil Əsli nisbət xeyli, tapılmaz.
Şəfa çeşməsisən, sərvi-xuraman,
Səbi sərbəst elə, aman, əl-aman.
Könül ver Alıya, afəti-zaman,
Qeyri kimsənədə meyli tapılmaz.