Tapşırdım
Müəllif: Qasım bəy Zakir
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Cəfa çəkdim bağ yetirdim,
Gülşəni xarə tapşırdım.
Bunca fikrü xəyal etdim,
Tapmadım çarə, tapşırdım.

Ölsəm qoyun, sizi tarı,[1]
Yönümü dilbərə sarı.
Özüm öz əlimlə yarı
Bu gün əğyarə tapşırdım.

Nə qədər eylədim minnət,
Vəslinə vermədi fürsət:
Lailac olub aqibət
Gənci şahmarə tapşırdım.

Qaldım misali-pərvanə,
Eşq oduna yanə-yanə:
Canı göndərdim cananə,
Dili dildarə tapşırdım.

Xəstə Zakir kimi hanı
könlü olan ğəm məkanı?
Mən öldüm, ahü əfğanı
Bülbülü-zarə tapşırdım.

İstinadlar

redaktə
  1. sizi tarı – Siz Tanrı, Sizi Tanrıya and verirəm