Taybuynuz öküz (1906)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


Bu günlərdə qədim dostlarımdan birisi ilə görüşüb, onun halına çox təәccüb elədim. Bizim axırıncı görüşüb ayrılmağımızdan hələ üç il tamam gəlib keçməyibdir. Amma bu az vaxtın ərzində əziz dostum bir o qədər dəyişilibdir ki, əgər əvvəlcə o mənə salam verib, əhval-pürsan olmasa idi və səsini çıxartmasa idi, mən onu tanıya bilməyәcəkdim. Rast və gözəl qaməti əyilib, rəngi soluxub, gözlərinin işığı gedib, səsi zəiflənib, üzünün və başının tükləri çallanıb və tamam cüssəsi balacalanıb, qərəz, canı-başı salamat, təndürüst və müqtədir bir halda ikən indi çox həqir və məyus görünürdü. Doğrusu ki, dostumun bu pozğun halda və pərişan sifətdə olmağı mənə də artıq təsir edib, halımı digərgun və xarab elədi. Ağzımı açıb, onun bu gunə pəjmürdə hala düşməyinin səbəbini soruşmaq istəyirdim ki, onun özü guya mənim fikrimi duyub, başladı öz əhvalını və başına gələn qəza və qədəri söyləməyə. Sözlərindən məlum oldu ki, həqiqətdə kişinin dərdi çox imiş və o biçarəni bu hala salan ağ gün olmayıbdır, qara gün olubdur. Bir xeyli öz əhvalatından söyləyib, axırda ürəkdən bir ah çəkib dedi: Qərəz, nə başını ağrıdım, mənim dərdim yerə-göyə sığası deyil, mənim günüm taybuynuz öküzün günündən bədtərdir. Və həqiqət hala mültəfit olsanız, yalqız bir mən deyiləm; hamı müsəlman qardaşlar taybuynuz öküzün halında yaşayıb zillət və üsrət ilə güzəran keçirməkdədirlər. Vəli biar və xüsusən avam olmaqları cəhətə öz hallarından bixəbərdirlər və qəzalarına razı olub, hər qisim zülm və sitəmə səbr və təhəmmül edirlər. Və çox bərkə düşəndə özlərinə bu gunə təsəlli verirlər: Kişinin aqibəti gərək xeyir olsun. İnşallah, aqibət və əbədi səadət biz müsəlmanlar üçündür. Bu dünyamız yox isə də, axirətimiz var. "Məhəmməd ümməti damda qalmaz". Amma məsələnin ikinci misrasını unudurlar və ya qəsdən demirlər ki, "Damdan çıxınca canı da qalmaz…."

Dostumdan təvəqqe elədim mənə bəyan etsin görüm taybuynuz öküzün halı necədir ki, onu öz halına və müsəlmanların halına təşbih qıldı. O gülümsünüb dedi: Taybuynuz öküzün halı belədir ki, onun buynuzunun biri yoxdur və belə olan surətdə o yazıq necə ki, lazımdır özünü xəta və bəladan mühafizə edə bilmir. Onun taybuynuz olmağına da səbəblər çoxdur: ola bilər ki, xilqətdən elə məyub yaranmış ola və yainki cahillikdə keyfi qalxıb öz həmcinsi ilə oynaşıb buynuzlaşan zamanı həmcinsi ona güc gətirib, basıb buynuzunun birini dibindən qoparıbdır. Və elə də ola bilər ki, əvvəlcə xam vaxtda işə getməkdə bir az kahıllıq və tənbəllik etmiş ola və sahibi acıqlanıb hirs və qəzəbinin şiddətindən vurub, buynuzunun bir tayını çıxardıbdır və bundan əlavə yenə də qeyri səbəblər ola bilər, hamısını sadalamağa ehtiyac yoxdur. Hər halda əvvəl binadan yazığın günü qara gəlib, allahın qəzəbinə giriftar olubdur. Həm öz həmcinslərinin və həm də bəni-növi-bəşərin nəzərində hörmətdən düşübdür. Biçarə guya özü də öz fəna halını dərk edib, taleyinə tabe olmaqdan başqa bir çarə bilmir və cümlənin xahişini əmələ gətirməkdə olub, öz arzu və təmənnalarını unudubdur və o gündən bəri xoş günlük və rahatlıq qeydinə duşmür və müttəsil övqatını zəhmət və məşəqqətdə keçirib, bir kəsdən çəkdiyi zəhmətin əvəzinə razılıq və xoş sifət görmür. Bir dəfə sahibi onu xoş dillə dindirib könlünü almır. Əgərçi öküz dilsiz-ağızsız heyvandır, özü danışmır, amma onun barəsində danışılan sözlərin çoxunu anlayır. Məgər sən görmürsən əkinçi yer əkən zaman nə gözəl sözlərlə və xoş avazla mahnı oxuyub, öküzləri ilə tərğib eləyir və öküzlər necə hali-dillə özlərini işə verirlər. Taybuynuz öküzə heç mahnı oxuyan, xoş dillə onu oxşayan və xatirini alan olmur və işə bir az ağır gedəndə yaman sözlərdən, töhmətdən və döyülməkdən başqa bir şey görüb eşitmir, onun ac və susuz qalmağı da bir kəsin xəyalına girmir….

Amma işə gələndə hamı çarpalardan əvvəl yada düşən taybuynuz öküz olur. Odunamı getmək, suyamı getmək lazımdır, taybuynuz öküz olsun, cüt əkməkmi lazımdır, yenə taybuynuz öküz gəlsin, dəyirmana dən aparmaq və dəyirmandan unu evə gətirmək taybuynuz öküzün borcudur, xırmanda taxıl döymək ancaq taybuynuz öküzün işidir. Bu ağır işə yayın isti günlərində ondan savayı hansı heyvan tab gətirə bilər? Və çox vaxt xırman döyəndə yazığın ağzını da bağlayırlar ki, belə rənc və zəhmətlə döydüyü arpa-buğdanın küləşindən və ələfindən yeməsin. Bunların hamısına yenə bir sayaq tab gətirmək olar, bunlar demək olur ki, dərdin yarısıdır. Fəqirin işi ələlxüsus çətinə düşür köç-düş zamanı. Məlumdur ki, bir az hava qızdı, tərəkəmə əhli aranda dayana bilməz. Gərəkdir yaylağa qaçsın və orada soyuq düşənə kimi gərək bağ-bostan solmamış özünü arana yetirib şalaqdan və kal meyvədən yeyib qızdırmaya düşsün. Bu dağdan arana və arandan dağa köçən zaman taybuynuz öküz kor əzabı çəkir: harada ağır və narahat yük varsa sarınır onun belinə və bundan əlavə bir o qədər də üstəlik qoyulur. Köç vaxtı özün bilirsən ki, xırda-para şeylər çox olur və tərəkəmə əhlində də insaf olmaz, əlinə hər nə gəlsə ağırlığına, yüngüllüyünə baxmayıb atır dilsiz-ağızsız heyvanın üstə: sac, təknə, sacayaq, cəhrə, nehrə, yun darağı, toyuq səbəti, su sənəyi və yuz cürə belə şeylər bağlanır taybuynuz öküzün üstə və hansı ki, dinməz və fərağət durub üstünə yük qoyulduqca itaət boynunu əyib guya zəban halilə duyur: "Ey bimürüvvətlər! Çox da mən sizin cövr və sitəminizə səbr edib dinməyirəm; sizdə də bir insaf olsa nə olar, ey allahdan bixəbər insan!?"

İndi, əzizim, cəhd elə taybuynuz öküzun halına düşmə, yoxsa insan övladından rəhm və mürüvvət gözləmək olmaz. Əgər bilmək istəsən ki, nə səbəbə taybuynuz öküzdən savayı özgə heyvanatın haqqında belə zülm olunmur. Onu da ərz eləyim, özgə heyvanlardan bəzisini, səbəb nə isə, sahibi əziz tutur. Ağır işə salmır ki, arıqlar, ətdən və sifətdən düşər. Bəzisi ağır yük götürmür, bir az yükü ağır olanda şıllaq atıb soncuqlayır, yükünü aşırır və üstündə olan qab-qacağı töküb sındırır. Bəzisi də kahıl və inad olub, işə getmir. Yük altında bir az yol gedib yatır, elə ki, yatdı, daha durmağına ümid yoxdur, nə qədər acıqlanırsan, döyürsən, əsla ona kar eləməyir. Çox vaxt görürsən ki, yükünü də açıb özgə taybuynuz kimi heyvanlara yükləyirlər, yenə də durub getmək istəmir. Belə heyvanın dərisini soymaqdan başqa özgə əlac yoxdur. Və bəzisini də işə artıq qoşanda tündləşib buynuz göstərir, belə ki, axırda yenə zəhmət taybuynuz öküzün üstə düşür. Nə eləmək? Əvvəl başdan o binəvanın günü qara gəlibdir. Allah heç bəndəsini taybuynuz öküzün gününə salmasın!