Tiflisdə “İttifaq” məktəbi
Tiflisdə “İttifaq” məktəbi (1914) Müəllif: Hüseyn Cavid |
“İqbal”, 25 iyul, 1914 Mənbə: H.Cavid Əsərləri. 5 cilddə. V cild. Bakı: "Lider-nəşriyyat", 2005. 288 səh. |
1905-ci ildə Tiflisdə iranlılar tərəfindən güşad olunan “İttifaq” mədrəsəsi bu gün
mə’nəvi bir böhran içərisindədir. Hər nə qədər mədrəsənin dərsləri vazeh, işləri müntəzəm
bir surətdə cərəyan edir isə də, fəqət əhalinin maarifə rəğbətsizliyi və e’tinasızlığı
yüzündən bir müəssisəyimaarifin hali-ixtisarda olduğu kəmali-təəssüflə görülməkdədir.
Əgər belə gedərsə bu gələcək sentyabrda mədrəsənin açılmaq ehtimalı yoqdur. Əgər
xudanəkərdə, mədrəsə açılmayacaq olursa, yüz nəfər qərib müsəlman çocuqlarının halı nə
olacaq? Başqaları bizə nə deyəcək? Qomşularımızın nəzərində nə surətlə cilvə edəcəyiz?
Doquz yıldan bəri çəkilən zəhmətlər nə kibi nəticəyə iqraz edəcək, bu mədrəsənin
bəqa və dəvamı xüsusunda maldan, candan keçən, həyatını, şərəfini bu uğurda fəda edən
bir taqım fəal, fədakar adamlarımızın şimdiyə qadar təhəmmül etdikləri əziyyətlər,
məşəqqətlər nə yolda bir fayda verəcəkdir?
İştə burasını düşünərək mədrəsənin vəz’i-hali-hazirini göz önünə gətirdikcə yalnız
“İttifaq” məktəbinin halına deyil, bəlkə dolayısilə bütün iranlıların halına qan ağlamamaq
qabil deyildir. Çünki müsəlmanlar arasında təbiət qanunu hökmünə keçən nifaq, ədavət,
rəyasətpərəstlik kibi bir taqım məş’um adətlər iranlılarda daha şiddətli bir surətdə
hökmfərma olduğu içindir ki, bu gün yüz nəfər qərib müsəlman çocuqlarının tərbiyəgahı
olan bu mədrəsə bir taqım şəxslərin iqrazi-şəxsiyyətlərinə qurban oluyor. Tiflis kibi bir
məmləkətdə ayda yüz əlli, iki yüz manata qərib, cüz’i əhəmiyyətsiz bir para binlərcə
iranlıdan bu mədrəsənin məxaricinə sərf olunmaq için toplanmıyor.
Halbuki binlərcə manatın qeyri-məşru yerlərə sərf olunduğu kibi, binlərcə rüblənin
dəxi faydasız yerlərə xərc olunduğu görünməkdədir.
Hal-hazırda “İttifaq” mədrəsəsi ayda iki yüz əlli, üç yüz manat ilə idarə olunmaqdadır.
Bu paranın nisfi İran konsulxanası tərəfindən tədarik olunur. Digər nisfi isə əhalidən
alınması lazım gəlir. Fəqət camaatın iqrazi-şəxsiyyəyə hədəf olması yüzündəndir ki, ayda yüz əlli manat kibi
əhəmiyyətsiz bir para nəhayət dərəcədə çətinlik, güclük ilə cəm edilir.
Şimdi isə iki aydan bəridir ki, kimsə aylıq və ianə vermək istəmiyor. Hətta
müəllimlərin tə’til maaşlarını vermək için mədrəsə daimi sərmayə (kapital)dən beş yüz
rüblə vermişdir. Təəssüflər olsun ki, doquz illik bir maarif müəssisəsi bu kibi mevqelərdə
hiç olmazsa bir yıl kəndini idarə edəcək bir nəqdi-mevcudu yoqdur...
Artıq bu əsrdə, bu zamanda elm və mə’rifətin lüzumundan, mənafeyindən bəhs etmək
mə’lumi-e’lam qiyasından olduğu için biz bu xüsusda bir şey söyləməyiriz. Ancaq
istədiyimiz bir şey varsa, mədrəsənin bəqa və dəvamı için lazım gələn himmət və qeyrətin
sərf olunmasıdır.
Müxbir