Tozanaq
Tozanaq (1928) Müəllif: Mikayıl Müşfiq |
Mənbə: Mikayıl Müşfiq. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004. 352 səh. |
Yenə toz... aman, bu toz buludları nə istər
Bilməm səndən ey Bakı, sən ey atəş diyarı!
Sən ey birdən dirçəlib, birdən boy atan şəhər,
Üzərindən qovsana bu iynəli ruzgarı!
Neçin soqaqlarından yolçular ötən zaman
Saçlarını oxşamaz lətif əsən küləklər?
Neçin yanıq çöllərin bitirməmiş bir fidan?
Neçin sinəni öpməz gözü yaşlı çiçəklər?
O dilbərin... qaşları altındakı güllər, ah,
Rəvamıdır bulansın zəhərli tozlarınla?
O bir yaz səhərindən daha şux olan nigah [1]
Rəvamıdır sıxılsın hər acı ruzgarınla?
Buna səbəb mənmiyəm, yoxsa keçmişin oğlu?
Yoxsa səni bu hala salmış qoca təbiət?
Bu söz düzmü, doğrumu, bu əsrin mətin oğlu
Diyor:- xayır, deyildir məndən uca təbiət!
Hər şey bu bir cüt qolun əsiriykən, neçin də
Bu günahı üstünə atalım təbiətin?!
İstəsəydi daima gül yarpaqlar içində
Bəsləyərdi cismini o keçmiş cəmiyyətin.
Fəqət onlar yapmadı, əkmədilər bir ağac,
Bir bağ salmadılar heç qum dolu çöllərində;
Bir yetimin halını andıran bu ehtiyac
Təmin olunur ancaq bu günün əllərində.
Tozlanmış, bir vərəmli kitab oxutdurmasın
Hər tozanaq sinəndə yaşayan bu gənc elə.
Istəməm, o küləklər pəncərəmi vurmasın
Sapsarı bir kölgənin qubarlı əllərilə!
Mən istərəm dörd yanın ormanlarla qapansın,
Nəfəs alıb verəsən göy yarpaqlar içində.
Mən istərəm gənc oğlun, mən istərəm gənc qızın
Gəzdikcə zövqə dalsın kölgə bağlar içində.
O zaman Vaqif kimi, şaqrayan Nədim kibi
Sayrıyaraq həvəslə kim eyləməz tərənnüm?
Onda hansı şairin hasil olmaz mətləbi
Ağaclıqlarda ellər eylədikcə təkəllüm?![2]
Onda iki tərəfdən mənə təsir edərsən,
Onda iki eşq ilə qəlbimi titrədərsən.
Onda sinəmdə bitmiş dalğalı otlarından,
Vərəqlərdə oxşanan qaynar zavodlarından,
Alıb doyunca ilham,
Mən hər səhər, hər axşam,
Bağırarkən şeirimi mən bar-bar üfüqlərə,
Onda göy saçlarını oxşayan dadlı yellər,
Bəstələyib şeirimi, qaçarlar üfüqlərə.