Tufan bütün yer üzünü tutdu

Tufan bütün yer üzünü tutdu

Bəziləri Nuhun tufanının müəyyən bir ərazidə, ya onun qövmü yerləşən yer kürəsinin bir hissəsində baş verdiyi və o müəyyən yerin İraqda Kufənin ətrafında olması üçün bir sıra sübutlar da gətirmişlər.

Amma, Quran ayələrində bu barədə olan rəvayətlərdən və sair göstəricilərdən belə başa düşülür ki, tufan ümümi olub və bütün yer üzünü tutmuşdur. Necə ki, onun çağırışı ümumi olub və yer kürəsinə göndərilən ən böyük peyğəmbərlərdən biridir. İslam terminologiyasında onlara “Ulul-əzm” peyğəmbərlər deyilir. Böyük təfsir alimlərindən biri deyir: -“Quran ayələrinin və rəvayətlərin bu barədə gəlməsinə baxmayaraq Nuhun (dinə) dəvətinin ümumiliyi tufanın (əzabın) ümumi olmasına aydın bir sübutdur.” Quran ayələrindən məs: Nuh bütün camaatı qarğış edərkən deyirdi: -“Yer üzündə bir nəfər belə kafir qoyma” , ya başqa bir ayədə öz oğlunu nəsihət edərək onun da gəmiyə minməsini istəyir və deyir: -“Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz.” , ya Allah əzab nazil edəndə Nuha əmr edir: -“Hər heyvandan biri erkək biri dişi olmaqla bir cüt gəmiyə mindir.” (Bu ayədən məlum olur ki, məqsəd bütün heyvanların gələcək nəslinin saxlamasından yer üzünün suda qərq olmasıdır), ya da nəhayət Allah Nuh haqqında aydın buyurur: -“Məhz onun nəslini (Qiyamətə qədər yer üzündə) baqi etdik.” qeyd etmək olar. Necə ki, bir az öncə də işarə olundu, yer üzündə ancaq Nuhun nəsli qalır və indiki bəşəriyyətin ikinci atası sayılır. İndiki cəmiyyətdə irqlərin müxtəlifliyi bütünlüklə Nuhun övladları ilə əlaqədardır. Yəni hər bir irq onun övladlarından birinə yetişməlidir. Məsələn, Orta Asiya camaatının nəsli Sama yetişir.

“Elami-Quran” kitabında deyilir: -“Amur dövründə yetişən lövhlərdə tarixin iki dövrə bölünməsi, tufandan qabaqkı dövrü, ondan sonrakı dövr yazılır.” Qədim Yunan, İran və Hindistan dini-tarixi kitablarında tufanın bütün yer üzünü tutması haqqında dastanlar yazılmışdır. Əllamə Təbatəbai “Hud” surəsinin təfsirində bu kitablarda olan ifadələri eynilə gətirmişdir və bəzi biologiya alimlərinin də fikirlərini qeyd edir ki, deyirlər: -Biz dağların zirvələrində araşdırmalar aparanda bəzi heyvanların fosilləri ilə üzləşirik ki, adətən bu növ heyvanlar sudan kənarda yaşaya bilməzlər. Bunu da tufanın ümumiliyinin başqa bir göstəricisi kimi hesab etmək olar.

Həmçinin İbni Əsir və başqalrı da tarixi nəzərdən tufanın ümumi olduğunu bilib və məcusilərin bunun əleyhinə olan sözlərini tarixlə inkar edir, yuxarıdakı ayədəki sözlərinə sübut gətirirlər. Məsudi də öz tarix kitabı “Murucuz-zəhəb”də qeyd edir ki, tufan bütün yer üzünü basmışdır.

Ancaq bir ehtimala yer qalır ki, bəziləri ayələrin də bu mənaya olmasını yazırlar. O ehtimal budur ki, mümkündür o zaman yer üzündə təkcə Nuhun qövmü olmuşdur və tənha Nuhun tayfası yaşayan yerləri su basmışdır. Yəni yer üzündə onlardan başqa insanlar, başqa canlı məxluq olmamışdır. Buna görə də tufan o zaman yaşayan bütün insanları və heyvanları məhv etmişdi. Nicat tapanlar ancaq gəmidə olanlar idi. İnsan nəsli Nuhun övladlarından və heyvanların nəsli isə gəmidə olan heyvanlardandırlar. Bu sözün sübutunu onu deyənin öhdəsində qoyuruq. Biz isə öz sözümüzü burada başa çatdırırıq. Ən yaxşısını Allah bilir.

BİR SUALA CAVAB

redaktə

Bu hadisədə bir sual irəli gəlir. O, da budur ki, niyə görə günahsız körpələr Nuhun qövmündə olan ata-anaları ilə birlikdə batmalıdırlar?

Amma bir məsələyə diqqət yetirmək lazımdır ki, Allahın əzabı ilə bütün insanların, həmçinin heyvanların həlak olması arasında heç bir tənasüblük yoxdur. Elə deyil ki, dünyada baş verən bütün fəlakətlər Allahın o millətə, o yerə qarşı olan intiqamı, ya əzabı üzündəndir. Bəlkə, bütün bu hadisələr, fəlakətlər, zəlzələ, vəba, taun kimi ümumi bəlalar ki, yaxşı, pis, kiçik və böyüyü özü ilə bir yerdə aparır, təbiətin qanunudur. Çünki sel gələndə çör-çöpü də özü ilə aparır. Amma bu hadəsələrin baş verməsinin əsas səbəbi nizamlı aləmin intizamının aradan getməsi ilə əlaqədardır. Yenə də bu nizamın aradan getməsi insanın özünə və onun pis əməllərinə qayıdır. Allah özü bir millətə verdiyi nemətləri geri alır. Bu insanların özüdür ki, öz əməlləri ilə onları əldən verirlər. Bu vaxtdır ki, aləmi nizam-intizamı qarışdıqda böyük-kiçik tanımır və hamını birlikdə özü ilə aparır.

Bəziləri isə, bu məsələnin zalımların uşaqlarının, heyvanlarının həlak olmasından agahlıqlarının onlara daha çox əzab verdiyini söyləyirlər. Buna görə də zalım qövmün daha artıq işkəncə görmələri üçün onların övladlarını da tufan özü ilə aparır.

Bu barədə səkkizinci imamımız, İmam Rza (ə)-dan rəvayət edilmişdir. Əgər sənədi mötəbər olsa, Nuhun qövmü haqqında yaranan şübhələri asanlıqla aradan qaldırılar. Səduq bu rəvayəti “İləl və Üyun” kitablarından Əbüs-Səlman Hərəvidən nəql edərək deyir: -“İmam Rza (ə)-a ərz etdim ki, niyə Allah taala Nuhun zamanında bütün dünyanı suda qərq etdi, halbuki onların arasında körpələr və günahsız insanlar da var idi. İmam Rza (ə) buyurdu: -“Onların arasında körpələr yox idi. Çünki, Allah taala qırx il əzab gəlməmişdən öncə qadın və kişiləri sonsuz etmişdi. Onlar övlad sahibi ola bilmirdilər, buna görə də nəsilləri kəsilmişdi. Nəticədə suda boğulanlar arasında uşaqlar yox idi. O ki, qaldı günahsızlara Allah heç bir zaman günahsızları əzaba düçar etməz. Amma insanlar Allahın peyğəmbəri Nuhu təkzib etdiklərinə və başqaları isə onlarla razılaşdıqlarına görə birlikdə suda boğularaq aradan getdilər.”

Həmçinin bax

redaktə