Tufandan sonra
Tufandan sonra |
Nuhun və onun qövmünün salehlərinin nə qədər gəmidə həyat sürmələri barəsində müxtəlif nəzəriyyələr mövcuddur. Bəziləri deyirlər ki, yeddi gün keçdikdən sonra su çəkildi və gəmi Cudi dağında (İraqda Musil şəhərində) yerə oturdu. Bəziləri bu müddəti bir ay qeyd edirlər. Bir hədisdə altı ay gəlmişdir. Yəqubi öz tarixində Nuhun gəmiyə minməsindən düşənə qədər bir il on gün keçməsini yazmışdır. Quranda bu müddətin gəlməməsinə baxmayaraq suyun çəkilməsi və gəminin Cudi dağında oturması kiçik bir ayədə bəyan olunmuşdur. Bu kiçik ayə o qədər fəsahət-bəlağəti baxımından yüksəkdir ki, o zamanın ərəb ədəbiyyatçıları və İslam düşmənlərini heyrətə gətirmişdi. Onlar bu ayə kimisini gətirməkdə öz acizliklərini etiraf etdilər. Bu ayə “Hud” surəsində yerləşir.
“(Allahdan bir əmr olaraq) Ey yer, suyunu ud! Ey göy, (yağışını) saxla! deyildi. Su çəkildi. İş bitdi (Nuha iman gətirməyənlərin məhv edilməsi barədə Allahın əmri yerinə yetdi). Gəmi Cudi dağı üzərində oturdu və “zalımlar məhv olsun!”- deyildi.”
Mərhum Təbərsi “Məcməul-bəyan” kitabında yazır ki, Qureyş tayfasının kafirləri Quranın ayələri kimi ayələr gətirmək üçün qırx gecə-gündüz yeməklərini ağ un çörək və quzu ətindən, içkilərini isə təmiz şərabdan etdilər. Çünki, istəyirdilər zehinləri sakit və təmiz olsun. Elə ki, istədilər işə başlasınlar bu ayəni eşitdilər və bir-birlərinə dedilər: -“Bu söz insan sözünə oxşamır. Heç kəs bunun kimisini yarada bilməz!” Tutduqları işdən peşman olaraq ümidsizcəsinə bir-birlərindən ayrıldılar.
Nəhayət Nuh və onun qövmü gəmidən yerə endilər və Yer kürəsində yeni həyat üçün fəaliyyətə başladılar. Yavaş-yavaş əkin sahələri yaratdılar və evlər tikdilər.
Əzəmətli tufandan sonra Nuhun ömrü haqqında fikir ayrılığı vardır. Bəzisi 60 il, Yəqubi öz tarixində 360 il, Təbəri isə 348 il yazır. İmamlardan gələn bir neçə hədisdə isə 500 il qeyd olunur. Bir az öncə də deyildi ki, rəvayətlərdə Nuhun bütövlükdə ömrü 2500 il olmuşdur. Səduq “Əmali” kitabında bu barədə çox maraqlı bir hədis gətirmişdir. Biz əziz oxuculara onun tərcüməsini nəql edirik.
MARAQLI BİR HADİSƏ
redaktəŞeyx Səduq sənədi İmam Sadiq (ə)-a çatan bir hədisdə buyurur: -“Nuh peyğəmbər ümumilikdə 2500 il ömr sürdü. Onun 850 ilinin peyğəmbərlik məqamına çatmazdan əvvəl, 950 ilinin peyğəmbərlik dövründə, 200 ilini gəmi düzəltməkdə və 500 il isə gəmidən yerə enəndən sonra yaşayaraq şəhərlər abad etdi. Öz övladlarını isə bu şəhərlərdə məskunlaşdırdı.
Nuh bir gün günəşin altında oturmuşdu. Əzrail onun yanına gəlib salam verdi. Nuh onun cavabında dedi:
-«Nə istəyirsən? (Yəni niyə görə gəlmisən?)» Əzrail dedi:
-«Gəlmişəm sənin canını alım.» Nuh soruşdu:
-«Mənə fürsət verərsənmi günün altından kölgə bir yerə keçim?» Dedi:
-«Bəli.» Nuh qalxıb kölgə bir yerə keçdi və onunla üzbəüz durub dedi:
-«Ey Əzrail, mənim dünyada başıma gələnlər (və bu uzun ömr) günün altından kölgəyə keçməyim kimi idi. İndi isə öz məmuriyyətinə əməl et.»
Əzrail o həzrətin canını aldı.”
Məsudi bir hədisdə nəql edir ki, Nuh həzrətləri 2800 il dünyada ömr sürdü. Əzrail onun canını almağa gələn zaman günün altında oturmuşdu. Əzrail salam verərək dedi:
-«Allah taala məni sənin ruhunu aparmaq üçün göndərib.» Nuh buyurdu:
-«Mənə möhlət ver ora qədər gedim. (Bir ağacın kölgəsinə işarə etdi.) Həzrət ora getdi və orada yatdı.» Əzrailə də belə dedi:
-«Öz məmuriyyətinə əməl et.» Əzrail irəli gələrək dedi:
-«Ey o şəxs ki, Adəmin övladlarının içində hamıdan çox ömr sürən, dünyanı necə gördün?» Nuh dedi:
-«İndicə günün altından kölgəyə keçdiyimdən savayı heç bir şey yadıma gəlmir.»
İbni Əsir “Kamil” kitabında yazır ki, Nuhun ömrü sona çatdıqda ona dedilər:
-«Dünyanı necə gördün?» Dedi:
-«İki qapılı bir ev kimi. Birindən daxil, o birindən isə xaric oldum.»