Tulla çadranı

Tulla çadranı
Müəllif: Mirzə Şəfi Vazeh
Mənbə: Mirzə Şəfi nəğmələri (az). mirzeshefivazeh.org (2014). Orijinal mənbədən 2016-08-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-05.


Tulla gəl çadranı... görünsün üzün
Gül də gizlədərmi de bağda özün?!
Səni qadir Allah, ey incə çiçək,
Yaratmış dünyaya verməkçün bəzək.
De, bunca lətafət, bunca məlahət,
Solsun dar qəfəsdə neyçün, nəhayət!

Tulla gəl çadranı... bilsin ki, dünya
Yoxdur yer üzündə sənin tək afət.
Qoy sənin nəzərin hər yana baxsın,
Baxışın qəlbləri yandırıb yaxsın.
Pəmbə dodaqların təbəssümləri
Ətrafa nur yaysın, açsın səhəri.

Sənə, çadra kimi ey incə mələk,
Tək gecə zülməti olsun bürüncək.
Tulla gəl çadranı... hüsnün tək hüsnü
Istanbul sultanı görməmiş belə!
Uzun sıx kirpiklər arasındakı,
O aydın gözlərin – nurlu piyalə.
Aç qara gözünü, çadranı tulla!
Həyatda cəsur ol, yaşa qürurla.