Turan ellərinə salam söyləyin

Turan ellərinə salam söyləyin
Müəllif: Cəfər Cabbarlı
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Məhəmmədzadə Mirzəbala qardaşıma töhfə
Amal quşu Şərqə doğru uçarkən,
Gündoğuşda murad suyu içərkən,
Səbah yeli Altun dağdan keçərkən,
Turan ellərinə salam söyləyin.

Bir gözəl görsəniz göylər elindən,
Öpün dalğalanan ipək telindən.
Od yurdunun yavruları dilindən
Turan ellərinə salam söyləyin.

Baykalda görsəniz ördək izləri,
Unutmayın tapşırdığım sözləri.
And verirəm, durnalarım, sizləri
Turan ellərinə salam söyləyin.

Intizar gözlərdən Xəzər doğuldu,
Həsrət ürəyimiz yanar dağ oldu.
Dillərimiz Turan deyə yoruldu
Turan ellərinə salam söyləyin.

Ulduzlu bir göy, tac üstə aypara,
Bir al yaylıq verim yetirin yara.
Durnalar, durnalar bizdən dübarə
Turan ellərinə salam söyləyin.