Tutiya eyləmişəm çeşmimə xaki-dərini

Tutiya eyləmişəm çeşmimə xaki-dərini
Müəllif: Məhəmməd Tağı Sidqi
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Tutiya eyləmişəm çeşmimə xaki-dərini,
Gözüm insaf eləsin, tökməsin əşki-tərini.

Mən nə bədbaxt idim, axtardı münəccim neçə ay,
Bürci-əqrəbdə tapıb taleyimin əxtərini.

Çeşmi-məstan, səfi-müjgan, iki əbruyi-kaman,
Bu alar can, o tökər qan, bu çəkər xəncərini.

Sındırıb dirbəri-məhparə könül şişəsini,
Qorxuram nazikdi, paralaya əllərini.

Deməyin, Sidqi neyçün yazmadı keyfiyyəti-hal,
Neyləsin, göz yaşı yazdıqca yuyar dəftərini.