Tutmuş cahanı naleyi-va qürbəta qərib

Tutmuş cahanı naleyi-va qürbəta qərib
Müəllif: Molla Hüseyn Dəxil
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Tutmuş cahanı naleyi-va qürbəta qərib,
Güya gəlibdü naləyə bir binəva qərib.

Bilməni nə şüurdur ki, tutub əhli-aləmi,
Məclis qərib, növhə qərib, həm əza qərib.

Bilməm nədir cəzası bu qürbətdə ölməyin,
Həm ənbiya qərib olub, həm övliya qərib.

Əvvəl bu möhnəti eləyib şövq ilə qəbul,
Can verdi Kufədə Əliyü Murtəza qərib.

Qoydu Əli dalınca qədəm nayibi-Əli,
Oldu şəhid zəhr ilə ol Müctəba qərib.

Heç kəs qərib olmadı billah Hüseyn kimi,
Ölkə qərib, əyal qərib, əqrəba qərib.

Nəşi qərib, fərşi qərib, ölməyi qərib,
Həncər qəribü xəncəri-Şümri-dəğa qərib.

Yeddi bacı, beş-altı hərəm, xeymədən çıxıb,
Həsrətlə can verirdi şəhi-Kərbəla qərib.

Şümri-ləin kəsib başını nizəyə vurub,
Peykər qəribü baş qəribü cüda qərib.

Dörd dövrəsində nəşi-cavanani-gülüzar,
Əkbər qəribü Qasimi-növkədxuda qərib.

Qolsuz düşüb Fərat kənarında bir cavan,
Qollar qəribü məşki qəribü ləva qərib.

Zeynəb çəkərdi nalə ki, ya ümmətür-rəsul,
Öldü bu çöldə sibti-rəsuli-xuda qərib.

Bir kimsə yox məgər edə möminlərə xəbər,
Ya qövmüs-səlat və nahahüna qərib.

Cəbril tacını götürüb eylədi səda,
Öldü bu çöldə şəfeyi-ruzi-cəza qərib.

Nə qüsl, nə hənut, nə tabut, nə bir məzar,
Harda qalıb bu növ ilə bir binəva qərib?

Hansı qərib nəşi qalıb üç gün, üç gecə?
İsti qum üstə bikəfənü birəda qərib.

Bəs olmadı, əyalini Şamə apardılar,
Mənzil qəribü nalə qəribü nəva qərib.

Bağdadə get, sorağ elə Musi ibn Cəfəri,
Zindan qərib kündəvü zənciri-pa qərib.

On yeddi il soruşmadı bir kimsə halını,
Ümmət qərib, İmam qəribü cəfa qərib.

Qürbət qəmini bir-birinə irs qoydular,
Ta zülət ilə öldü imam Rza qərib.

Bu gün özünü şahi-Xorasanə sal Dəxil,
Ağla ki, olsun ağlamağından riza qərib.