Tutuşdu qəm oduna şad gördüyün könlüm

Tutuşdu qəm oduna şad gördüyün könlüm
Müəllif: Məhəmməd Füzuli
Qəzəldə işlədilmiş bəzi sözlər Azərbaycan dilinin tarix boyu hansı formada işləndiyinin yazılı sübutudur


Tutuşdu qəm oduna şad gördügün könlüm,

Müqəyyəd oldu ol azad gördügün könlüm.


Diyari-hicrdə seyli-sitəmdən oldu xərab,

Fəzayi-eşqdə abad gördügün könlüm.


Nə gördü badədə bilmən ki, oldu badəpərəst,

Mürid məşrəbü zöhhad gördügün könlüm.


Fəraqın odunu gördükcə mum tək əridi,

Səbatü səbrdə fulad gördügün könlüm.


Gətirdi əciz, görüb eşq müşkül olduğunu,

Qamu hünərlərə ustad gördügün könlüm.


Degildi böylə, dəmində bir əhli-işrət idi,

Bu qanlar içməgə möhtad gördügün könlüm.


Füzuli, eylədi ahəngi-eyşxaneyi-Rum,

Əsiri-möhnəti-Bəğdad gördügün könlüm.