Ucubılıx
Rəvayətlər. Ucubılıx Müəllif: Şifahi xalq ədəbiyyatı |
Ucubılıx* adında bir adam varımış. Bı Ucubılıx o qədər uzunmuş
ki, başı buludlara dəyirmiş. Əlin atıp dəryadan balıx tutar, qaldırıp
günəşdə pişirip yeyərmiş.
Ucubılıx camahatdan borc alıb özünə bir tuman, bir də köynəy tihdirmişdi. Ancax neçə illər keşsə də, camahatın borcunu qaytara bilmirmiş. Camahat görür ki, Ucubılıx bunnarın borcunu qaytarmıyacax, yığışıb istəyillər ki, onu döysünnər. Ağaşdan uzun-uzun zopalar düzəldip cumullar Ucubılığın üsdünə, ancax bı zopalar heç onun topuğuna da çatmır. Ayax barmaxlarını döyəşdəməh isdiyəndə Ucubılıx bir addım günbatana atır. Camahat neçə gün yol gedip günbatana çatanda Ucubılıx addımın gündoğana qoyur. Ona görə də Ucubılığa heş kim yaxın düşəmmir.
Bu iş Allaha xoş getmir. Əzrayıla deyir ki, get Ucubılığın canını al. Əzrayıl gəlir Ucubılığın yanına, ancax görür ki, əyər onu yerə yıxmasa, heş dad eliyəmmiyəcəh. Onu yerə yıxmax heç yüz Əzrayılın işi deyildi.
Əzrayıl bilmir neynəsin. Bir tərəfdən Allahın əmrinnən çıxammaz, o biri tərəfdən də Ucubılığı yerə yıxmağa gücü çatmaz. Fikirrəşip bir hiylə işlədir. Bir kötüyün ucunu yonub miz eliyir, qoyur Ucubılığın yolunun üsdünə. Ucubılıx keçəndə bı kötüh batır onun qıçına. Ucubılıx ha əlləşir, çıxarammır. Görür ki, olmıyacax, camahata deyir ki, qıçımdan bı tikanı çıxarın, sizin borcunuzu verim.
Camahat deyir ki, irazıyıx. Sən uzan yerə, biz də kötüyə ip bağlıyıp dartax, bəlkə çıxara bildih.
Ucubılıx yerə uzanır. Camahat kötüyü bının qıçınnan çıxarmax isdiyəndə Əzrayıl tez çökür onun sinəsinə, canını alır.