Uludu (Aşıq İqbal - Aşıq Alı)
Uludu Müəllif: Aşıq İqbal - Aşıq Alı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Aşıq İqbal
O nədi ki, otuzunda cavandı?
On beşində çox böyükdü, uludu?
O nədi ki, dili iki, sirri bir,
Hansı dərya hər dəryadan doludu?
Aşıq Alı
O aydı ki, otuzunda cavandı,
On beşində ululardan uludu.
O qələmdi, dili iki, sirri bir,
Elm dəryası hər dəryadan doludu.
Aşıq İqbal
O nədi ki, üç ay dağlar bürünür?
O nədi ki, əl dəyməmiş hörünür?
O nədi ki, əmanətnən verilir?
O nədi ki, o da onun gülüdü?
Aşıq Alı
O qardı ki, üç ay dağlar bürünür,
O könüldü, əl dəyməmiş hörünür.
O uruhdu, əmanətnən verilir,
İlqar, iman diriliyin gülüdür.
Aşıq İqbal
O nədi ki, haqq yanında nahaqdı?
O nədi ki, yerə-göyə dayaqdı?
O kimdi ki, yatmayıbdı, oyaqdı?
Aşıq İqbal hər elmdən halıdı.
Aşıq Alı
O böhtandı, haqq yanında nahaqdı,
Haqq nəzəri yerə, göyə dayaqdı.
Haqq özüdü, yatmayıbdı, oyaqdı,
Bu sözləri açan Aşıq Alıdı.