Uzaq yollara-yollara

Uzaq yollara-yollara
Müəllif: Aşıq Alı

Badi-səba, ərzim budur,
Dəymə tellərə-tellərə.
Seyraqub gözü tutulub,
Düşsün əllərə-əllərə.

Qarşıdakı sarı laçın,
Fələk qoymur qəddim açım.
Gəl səni götürüm, qaçım
Bizim ellərə-ellərə.

Alı deyər bir gül əkdim,
Gülün çox cəfasın çəkdim.
Qürbət eldə gözüm dikdim
Uzaq yollara-yollara.